Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:03

'Oğlumu caduyla sağaltmaq adıyla məndən 96 min pul aldı...'


Cadu. Foto arxiv
Cadu. Foto arxiv

Son illərdə falçılar tərəfindən aldatma ilə bağlı şikayətlərin sayı artıb. Hüquq-mühafizə orqanlarında bu şikayətlər araşdırılarkən əksər hallarda həmin əməllər dələduzluq kimi qiymətləndirilir. İndiyədək falçılıqla məşğul olan xeyli adam CM-in 178-ci (etibardan sui-istifadə etməklə dələduzluq) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. Sözügedən cinayət işlərindən məlum olur ki, Azərbaycanda hələ də fala baxdırmaq, cadu etdirmək adıyla on minlərlə, bəzən hətta yüz minlərlə pul xərcləyənlər var.

Bu qəbildən daha bir cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Nəticədə 49-yaşlı Roza Qədirova CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilib. O, xəstə uşağı caduyla sağaltmaq adıyla atasından 96 min manat pul alıb, onu aldatmaqda suçlanır.

Polis əvvəl cinayət tərkibi olmadığı nəticəsinə gəlib

Zərərçəkmiş qismində tanınan Cəlaləddin Şalyarov bildirib ki, oğlu Ülvinin səhhətində problemlər olub. Xeyli həkimlərə gediblər, müalicələr alıblar, amma nəticəsi olmayıb. Hətta dəqiq diaqnoz da qoyulmayıb. Onun sözlərinə görə, eyni məhəllədə yaşadıqları Roza Qədirova cadu yoluyla uşağı sağaltmağın mümkünlüyünə onu inandırıb. Şalyarov iddia edir ki, 2016-cı ilin aprelindən 2018-ci ilin oktyabrına qədər oğlunun sağalması üçün Qədirovaya 96 min manat pul verib. Ülvinin durumunda irəliləyiş olmadığını görəndə isə aldadıldığını başa düşüb və pulunu geri istəyib.

Zərərçəkmişin dediyinə görə, Qədirova pulu qaytarmaqdan imtina edib. O da polisə üz tutub, aralarındakı danışıqların yazılarını təqdim edib.

Əvvəl Abşeron rayon Polis İdarəsində bu məsələdə cinayət tərkibi olmadığı nəticəsinə gəlib, cinayət işi başlanmasının rədd olunması haqda qərar çıxarılıb. Sonradan bu qərar ləğv edilib və həmin idarədə iş təkrar araşdırılıb. Həmin ərəfədə Şalyarov Sumqayıtda Daxili İşlər naziri Vilayət Eyvazov vətəndaşları qəbul edəndə onunla görüşüb.

İttihamları qəbul etmir və...

Təqsirləndirilən şəxs isə ittihamı qəbul etmir. O bildirib ki, əksinə, Şalyarov onun hərbi xidmətdə olan oğlunun problemini həll etmək üçün 11 min manat pul alıb. Amma nə problem həll olunub, nə də pul qaytarılıb. Onun sözlərinə görə, zərərçəkmiş qərəzlidir və yalan danışır.

Məhkəmə Qədirovanın dediklərini özünümüdafiə cəhdi kimi qiymətləndirib və onu təqsirli hesab edərək cəzalandırıb.

2018-ci ilin oktyabrında Şabran şəhərində 25-yaşlı gənci sağaltmaq – "bədənindəki cini çıxarmaq” adıyla nar çubuqlarıyla döyə-döyə daxili orqanlarını zədələmişdilər. Nəticədə Murad Soltanov xəsarətlərdən vəfat etmişdi.

XS
SM
MD
LG