Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 14:18

Yoxsul ölkələr üçün vaksinə 4 milyard dollar


Budapeştdə vaksinasiya
Budapeştdə vaksinasiya

Fevralın 19-da yayılmış hesabatda deyilir ki, zəngin ölkələr onlara gərəkəndən bir milyard artıq vaksin dozası əldə etmək üzrədirlər

Fevralın 19-da ABŞ Prezidenti Co Bayden yoxsul ölkələrin vaksinasiya proqramına 4 milyard dolların ayrıldığını elan edəcək. ABŞ rəsmilərinin deməsinə görə, məqsəd digər ölkələri də əlavə vəsait ayırmağa həvəsləndirməkdir.

Ağ ev açıqlamanı sənayeləşmiş ölkələrin Böyük Yeddilik (G7) qrupunun virtual sammitində elan edəcək.

20 faizin vaksini

Birləşmiş Ştatlar beynəlxalq COVAX proqramına dərhal 2 milyard dollar ayıracaq, aparıcı rəsmi belə deyib. Bu proqramın məqsədi dünyada koronavirus vaksinlərinin ədalətli təchizatını təmin etməkdir.

Vaşinqton qalan 2 milyard dolları növbəti iki il ərzində ayıracaq, digər ölkələrin də vədlərini yerinə yetirməsini gözləyəcək.

COVAX dünyanın hər bir ölkəsində azı 20 faizi əhatələyən ən həssas qrupu vaksinlə təchiz etmək niyyətilə yaradılmış qlobal layihədir.

G7 üzvləri Birləşmiş Ştatlar, Almaniya, Yaponiya, Britaniya, Fransa, Kanada və İtaliyadır.

Bir milyard artıq dozanı “paylaşsınlar”

Fevralın 19-da yayılmış hesabatda deyilir ki, zəngin ölkələr onlara gərəkəndən bir milyard artıq vaksin dozası əldə etmək üzrədirlər.

Bu isə yoxsul ölkələrin artıq qalan vaksinlə keçinməli olacağı deməkdir, “ONE Campaign” təşkilatı bildirir.

Qurumun mövqeyinə görə, Birləşmiş Ştatlar və Britaniya kimi zəngin ölkələr əlavə dozaları paylaşmalıdırlar.

Bu arada ABŞ-ın yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi Entoni Fauçi deyib ki, ölkə ilin sonunadək pandemiyadan sonrakı “normal” həyata qayıda bilər. Daha öncə Bayden də normal həyata dönüş üçün Miladı hədəf qoymuşdu.

Fauçi eyni zamanda koronavirusun daha yoluxucu variantlarının bu qrafikə təsir göstərə biləcəyini sözlərinə əlavə edib.

XS
SM
MD
LG