Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:27

'Azərbaycan böyük dövlətlər arasında seçim etməyəcək'


C.Bayden və V.Putin
C.Bayden və V.Putin

Son günlər Amerika Birləşmiş Ştatları (ABŞ) ilə Rusiyanın münasibətləri bir qədər də gərginləşib. Martın 17-də ABŞ prezidenti Co Bayden jurnalist Corc Stefanopulosa müsahibəsində Rusiya prezidenti Vladimir Putini qatil sayıb-saymaması ilə bağlı suala "hə" cavabını verib. Üstəlik, Rusiyanı ABŞ-da ötən ilki prezident seçkilərinə müdaxilədə günahlandıraraq Putinin bunun hesabını verəcəyini deyib.

Sonra isə Kreml Vaşinqtondakı səfirini məsləhətləşmə üçün geri çağırıb. V.Putin isə, öz növbəsində, C.Baydenə sağlamlıq arzulayıb və canlı yayımda onu danışmağa çağırıb. "Biz həmişə başqasında öz xüsusiyyətlərimizi görürük və düşünürük ki, o da bizim kimidir. Elə bundan çıxış edərək onu dəyərləndiririk", - V. Putin deyib.

Baydenin administrasiyasından isə debat çağırışına "prezidentin vaxtı yoxdur" cavabı verilib.

ABŞ prezidentindən məktub

Bu arada ABŞ prezidenti C.Bayden Azərbaycan dövlət başçısı İlham Əliyevə Novruz bayramı ilə bağlı təbrik məktubu ünvanlayıb. Məktubda regional barışıq məsələlərinin həlli istiqamətində ABŞ-ın birgə çalışmaq istəyi, iqtisadiyyatın şaxələndirilməsi və Xəzər dənizində enerji imkanlarının inkişafı ilə bağlı Azərbaycanın səylərinə dəstək ifadə olunub.

Başqa tərəfdən, ötən il 44 günlük İkinci Qarabağ müharibəsindən (Azərbaycan işğal altında olan ərazilərinin üçdə ikisini geri qaytarıb) sonra bəzi ekspertlərin fikrincə, yeni regional iqtisadi və nəqliyyat layihələrində Rusiyanın geniş iştirakı Azərbaycanla bu ölkənin münasibətlərini dərinləşdirib. Üstəlik də, Qarabağ və bu bölgəyə bitişik Laçın dəhlizində Rusiya silahlı bölmələri sülhməramlı adı altında yerləşdirilib.

Belə olan halda ABŞ-la Rusiyanın münasibətlərinin gərginləşməsi Azərbaycana nə kimi təsir göstərə bilər?

E.Nəsirov
E.Nəsirov

"Bütün körpülər yandırılıb"

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov "Turan" agentliyinə bildirib ki, ABŞ-Rusiya münasibətləri ən mürəkkəb dövrünü yaşamaqdadır: "Əslində ABŞ-la Rusiyanın münasibətləri həmişə ziqzaqvarı inkişaf yolu ilə seçilib. Onlar bir-birinə, yumşaq dili ilə desək, həmişə rəqib kimi baxıblar. Amma Co Bayden prezidentliyə başladıqdan sonra münasibətlərin gərginləşmə tempi artmaqdadır. Gərginliyin zirvə nöqtəsi Co Baydenin açıq şəkildə Vladimir Putini qatil adlandırması olub. Bu, artıq o deməkdir ki, bütün körpülər yandırılıb və Rusiya tərəfi Co Bayden administrasiyasına qarşı analoji davranış həyata keçirəcəyini bildirib".

"Bunun Azərbaycana ciddi təsiri olmayacaq"

Deputatın sözlərinə görə, iki dövlət arasındakı münasibətlərin daha da gərginləşməsi istisna edilmir, lakin bunun Azərbaycana ciddi təsiri olmayacaq: "Bu reallıqda bir daha əmin olursan ki, ulu öndər Heydər Əliyev necə dəqiq, dürüst və düşünülmüş siyasətin əsasını qurub. Bu da müxtəlif güc mərkəzlərinə bərabər məsafədə dayanmaq, milli maraqları hər şeydən üstün tutmaq, müstəqil siyasət həyata keçirmək və heç bir tərəfin yanında birmənalı şəkildə mövqe almamaqdır. Həmin siyasəti bu gün sürətlə dəyişən dünyamızın geosiyasi reallıqlarına adekvat olaraq Azərbaycan prezidenti cənab İlham Əliyev də həyata keçirir".

E.Nəsirov vurğulayıb ki, son illər NATO-nun və Rusiyanın hərbi rəhbərliyi məhz Bakı şəhərində altı dəfə görüşlər keçirib: "Bu da onunla bağlıdır ki, Azərbaycan prezidentinin yeritdiyi xarici siyasət sayəsində biz həm Rusiya ilə tərəfdaş olmuşuq, həm də ABŞ-la tərəfdaş münasibətlərimiz var. Bu da həmin görüşlərin Bakıda keçirilməsini təmin edib. Ona görə də Azərbaycana heç bir halda təzyiqlərdən söhbət gedə bilməz".

"...Bakıda yeddinci görüşün keçirilməsini şərtləndirə bilər"

Amma o hesab edir ki, ABŞ və Rusiya kimi iki nəhəng fövqəldövlətlər arasında münasibətlərin həddindən artıq pisləşməsi çox böyük təhlükələr yarada bilər: "Belə olan vəziyyətdə Azərbaycan dövlətinin tutduğu mövqe hətta NATO ilə Rusiya hərbi rəhbərliyi arasında Bakıda yeddinci görüşün keçirilməsini şərtləndirə bilər".

E.Şahinoğlu
E.Şahinoğlu

Politoloq Elxan Şahinoğlu isə AzadlıqRadiosuna deyib ki, Azərbaycanın Rusiya ilə əməkdaşlığı artıb, digər tərəfdən də ABŞ-la münasibətlər mövcuddur: "Düzdür, Rusiyanın siyasətindən narazı qaldığımız məqamlar da var. Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətində problemlərin olmasından söhbət gedir. ABŞ-la da münasibətlərimiz var, amma Co Bayden prezident seçiləndən sonra ABŞ ilə Azərbaycanın münasibətləri haqqında hələ ki, tam təsəvvürümüz yoxdur. Çünki Co Bayden keçmişdə erməni lobbisi ilə sıx bağlı idi, (Azərbaycana yardımın dayandırılması ilə bağlı) 907-ci düzəlişin həmmüəlliflərindən biri olub".

"Rusiya ilə də əməkdaşlıqdan imtina etməyəcəyik"

Ekspertə görə, Azərbaycan kiçik dövlətdir və böyük dövlətlər arasında seçim etməyəcək: "Prezident Co Bayden prezident İlham Əliyevə təbrik məktubu göndərib, orada enerji və iqtisadi əməkdaşlıqdan danışır. Biz hər zaman ABŞ ilə belə əməkdaşlıq etmişik. Biz Rusiyaya görə Amerika ilə əməkdaşlıqdan imtina etməyəcəyik. Amma ABŞ-ın belə istəyi olsa da, Rusiya ilə də əməkdaşlıqdan imtina etməyəcəyik. Bizim öz milli və təhlükəsizlik maraqlarımız var. Yəni, Rusiya ilə regional əməkdaşlığımızı davam etdirəcəyik. ABŞ ilə də sıx təmaslarımız olacaq və iki böyük dövlət arasında seçim etməyəcəyik".

Ekspert hesab edir ki, ABŞ-la Rusiyanın münasibətlərinin gərginləşməsindən Ermənistan problem yaşaya bilər: "Ermənistanın baş naziri Nikol Paşinyan bu günlərdə ABŞ dövlət katibi Entoni Blinkenlə telefonla danışmışdı. Hesab edirəm ki, bu telefon danışığı Kremldə müəyyən sualları doğurub. Yəni, Paşinyan bundan sonra Amerika ilə daha çox yaxınlaşmaq istəsə, bu, Ermənistanla Rusiyanın münasibətlərində ciddi problem yarada bilər və Azərbaycan bundan bir az faydalana bilər. Digər tərəfdən, Azərbaycan hakimiyyəti bunu nəzərə alaraq ABŞ ilə tərəfdaşlıq münasibətlərini davam etdirsə də, onunla münasibətlərini daha üst səviyyəyə qaldırmayacaq".

XS
SM
MD
LG