Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:43

Rus dili Qarabağda 'rəsmi dil' elan olundu


Dağlıq Qarabağdakı rejimin 'prezidenti' Arayik Arutyunyan iclas keçirir, 24 mart, 2021-ci il
Dağlıq Qarabağdakı rejimin 'prezidenti' Arayik Arutyunyan iclas keçirir, 24 mart, 2021-ci il

Layihəni “parlamentdəki” beş fraksiyadan üçünün hazırladığı bildirilir

Azərbaycanın Dağlıq Qarabağ regionunun qondarma ‘parlamenti’ erməni və rus dillərini rəsmi dil elan edib. AzadlıqRadiosunun Ermənistan xidmətinin məlumatına görə, “Dil haqqında” və “Televiziya və radio haqqında” qanunlara dəyişikliklər layihəsi qəbul edilib.

Layihəni “parlamentdəki” beş fraksiyadan üçünün hazırladığı bildirilir. Onlar layihəni belə əsaslandırıblar: “Artsax (Dağlıq Qarabağ) və Rusiya arasında mədəni, hərbi və iqtisadi əlaqələrin tarixini və rus dilinin artsaxlıların çoxunun ikinci dili olduğunu nəzərə alaraq, yeni keyfiyyətli münasibətlərin və yeni gündəmin formalaşmasının vacib olduğunu hesab edirik”.

“Suahili dilini də Qarabağın rəsmi dili elan edə bilərlər”

Azərbaycan Prezidenti İlham Əliyev bu il fevralın 26-da keçirdiyi mətbuat konfransda deyirdi ki, "Qarabağda Rus dilinin istifadə ediləcəyi barədə məlumatlar manipulyasiyadır":

"Hazırda Azərbaycanın o bölgəsində qeyri-qanuni olaraq özlərini rəhbər adlandıranların manipulyasiyasıdır. Onlar orada suahili dilini də Qarabağın rəsmi dili elan edə bilərlər. Bunun heç bir təsiri və nəticəsi ola bilməz. Dağlıq Qarabağ mövcud deyil və hər kəs oranı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır. Düşünürəm, bu, onların, həmin cinayətkar xunta rejiminin son nəfəsidir, son cəhdləridir ki, guya onlar dövlətdirlər".

"Dağlıq Qarabağı hər kəs Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Azərbaycanda yeganə rəsmi dil Azərbaycan dilidir. Digər bir dilin Azərbaycanda rəsmi statusu ola bilməz", – İlham Əliyev sözlərinə əlavə edib.

Azərbaycan ötən il 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsi və ətraf 7 rayona nəzarəti geri alıb. Amma qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Müharibə atəşkəslə dayandırılandan sonra Prezident Əliyev çıxışlarında dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin artıq mövcud olmadığını vurğulayıb. Ermənistan rəsmiləri və qondarma rejim təmsilçiləri ilə regionun statusunun həllini tapmadığını deyir, beynəlxalq ictimaiyyəti onu tanımağa çağırırlar.

XS
SM
MD
LG