Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:25

'Dərisini satmış adam'


'Dərisini satmış adam' filmindən kadr
'Dərisini satmış adam' filmindən kadr

"Dərisini satmış adam" (The Man Who Sold His Skin) filmi Tunisin builki "Oskar" mükafatına iddialı namizədidir. Filmin rejissoru Kauter Ben Hanyadır. Kino həvəskarları onu "Gözəl və itlər" (Beauty and the Dogs) filmindən tanıyırlar. Filmin ssenarisində dram, faciə, sevgi, satira və qara yumorun qarışığını görürük. Bunların hər biri kifayət qədər parlaq çalarlarla verilsə də, bəzən onları bir-birindən ayırmaq çətin olur.

Ssenari Semin ətrafında qurulub. Sem çiyninə çip taxılmış Suriya qaçqınıdır. Bu çipin köməyi ilə Sem bir müəmmalı incəsənət bilicisinə kürəyindən lövhə kimi istifadə etmək imkanı verir. Paradoks ondan ibarətdir ki, bu, Semə Avropaya sənət əsəri kimi daxil olmağa imkan verir. Halbuki, ona Avropaya qaçqın kimi getmək çətin idi. Ancaq onun ilk vaxtlar azadlıq kimi qəbul etdiyi şeyin azadlıqla heç bir əlaqəsi yox imiş.

Dünyanın "yanlış" hissəsində doğulmuş gənc

Bəzilərimizə xanım Ben Hanyanın bu filmdəki mərkəzi ideyası qeyri-təbii görünə bilər. "Variety" saytı yazır ki, o bu filmi çəkərkən belçikalı rəssam Vim Delvuadan ilham alıb. Delvua Tim adlı bir şəxsin belinə döymə çəkərək altından imzasını qoymuşdu. Onun bu "əsər"i bir alman sənət kolleksiyaçısı tərəfindən satın alınıb. Nəticədə Tim hər il vaxtının müəyyən hissəsini qalereyada köynəksiz oturmağa məcburdur.

Ancaq Ben Hanya öz dərisini satan insan ideyasını daha da dərinləşdirir və mürəkkəbləşdirir. Onun dərisini satan qəhrəmanı dünyanın "yanlış" hissəsində doğulduğuna inanan, ixtiyar sahibi olmayan qəzəbli bir gəncdir.

Sem 2011-ci ildə Suriyada qatarda azadlıq, inqilab haqqında danışır və buna görə ailəsinin Raqqadakı evini tərk edərək Livana qaçmalı olur. Sevdiyi qadın Abir isə Raqqada qalır. Suriyada isə qarışıqlıq sürətlə artır. Abirin ailəsi onu Brüsseldə işləyən diplomat Ziada ərə verməyə çalışır.

İnsanı əmtəəyə çevirmək

Bir il Beyrutda xoşagəlməz, az maaşlı işdə çalışan Sem Abiri yenidən görmək üçün hər şeyə hazırdır. Dünyanın həyatda olan ən bahalı rəssamı, belçikalı-amerikalı Ceffri Qodefroy Semi milyonlarla dollarlıq sənət əsərinə çevirməyi təklif edəndə o razılaşır.

Qodefroyun istehzalı mesajı insanı əmtəəyə çevirməyin mümkünlüyüdür. Beləliklə, o, Semin kürəyinə Şengen vizası döyməsi vurur. Sem bu əsərin hər hansı satışından əldə edilən gəlirin 1/3-ni alacaq. Əvəzində isə rəssamla əməkdaşlığa daim hazır olmalı, bütün planlaşdırılmış sərgilərdə vaxtlı-vaxtında iştirak etməlidir.

Semlə Ceffrinin iti ağıllı qalereyaçısı Soraya (Monika Belluççi) məşğul olur. Sem Brüsseldə beşulduzlu otelə yerləşdirilir. Ancaq Kral Muzeyində eksponat olmağı çox da bəyənmir. O, kürəyinin şəklinin maykalara çəkilib satılmasını və iri bannerlərə vurulmasını görəndə özünü birtəhər hiss edir. Gördüyü işi ailəsindən və Abirdən gizlətməsi, onlara yalan danışması da onu xilas etmir.

İstismar qurbanı

Suriya qaçqınlarının müdafiəsi ilə məşğul olan təşkilat Semin vəziyyətindən xəbər tutanda ona istismar qurbanı olduğunu deyir. O, israrla bunun onun öz seçimi olduğunu desə də, verdiyi qərarla bağlı şübhəyə qapılmağa başlayır. Onu qısa zamanda isveçrəli kolleksionerə satanda isə bu şübhələr və məyusluq hissi daha da artır. İsveçrədə insan formasında sənət əsərinə sahib olmağı qadağan edən qanun yox imiş.

Ben Hanyanın ssenarisi Suriyadakı humanitar böhranı incəsənət bazarının hoqqaları ilə kombinə edir və beləliklə insan həyatının əmtəəyə çevrilməsi ilə bağlı çox narahat suallar ortaya qoyur. Bəzi səhnələr mübahisəli olsa da, ümumən bu film Ben Hanyanın yüksəlməkdə olan istedad olduğunu bir daha təsdiq edir.

Operator işi kinosevərlərin "Kapernaum" (Capernaum) filmindən tanıdığı livanlı Kristofer Auna aiddir. Bəstəkar Amin Buhafanın simli və nəfəsli alətlərin üstünlük təşkil etdiyi işi də çox maraqlıdır.

XS
SM
MD
LG