Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 19:29

Məhkəmə Koçaryanın xeyrinə qərar verdi


Robert Koçaryan
Robert Koçaryan

Ermənistanın Konstitusiya Məhkəməsi martın 26-da ölkə Cinayət Məcəlləsinin 300.1 maddəsinin Konstitusiyanın 78 və 79-cu maddələrinə uyğun olmadığına dair hökm verib.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, keçmiş prezident Robert Koçaryan məhz bu maddə üzrə ittiham olunurdu.

Beləliklə, Konstitusiya Məhkəməsi Koçaryanın ittiham edildiyi maddəni ləğv edib.

Bu barədə qərarı Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan açıqlayıb.

Bu qərar verildiyi gündən qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Dilanyan əlavə edib ki, Konstitusiya Məhkəməsinin sözü gedən hökmü ilə bağlı hakim Yervand Xundkaryan xüsusi rəyini bildirib.

Daha üç fiqurant

Ermənistan CM-nin 300.1 maddəsi konstitusiya quruluşunun devrilməsi ittihamını ehtiva edirdi.

2019-cu ilin mayında ümumi yurisdiksiya hakimi David Qriqoryan Koçaryanın həbsdən azad olunması ilə yanaşı həm də bu cinayət işinə xitam verilməsi barədə qərar çıxarmış və CM maddəsinin konstitusiyaya uyğunluğuna dair Konstitusiya Məhkəməsinə sorğu göndərmişdi.

TASS xəbər agentliyi yazır ki, Koçaryanın işi üzrə həm də keçmiş müdafiə naziri Seyran Ohanyan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibi Yuri Xaçaturov və keçmiş baş nazir Armen Gevorkyan fiqurant idilər.

Bu iş üzrə çəkişmə artıq ilyarımdır ki, davam edirdi.

Qanlı hadisələr

2008-ci il, fevralın 19-da keçirilmiş prezident seçkisindən sonra ölkəni silsilə etiraz aksiyaları bürümüşdü.

Birinci prezident Levon Ter-Petrosyanın başçılıq etdiyi etirazın iştirakçıları seçki nəticələrinin saxtalaşdırıldığını deyirdilər.

Bu etirazçılarla polis arasında baş vermiş toqquşmalarda 8 aksiyaçı həlak olmuşdu.

Ümumilikdə 230 nəfərin xəsarət aldığı deyilirdi.

Nikol Paşinyan baş nazir olandan dərhal sonra, 2018-ci il mayın 8-də bu iş üzrə cinayət təhqiqatına göstəriş verilmişdi.

Koçaryan cinayət işini siyasi motivli adlandırırdı.

Koçaryan Konstitusiya Məhkəməsinin qərarından razılıq ifadə edib.

O özünün Telegram kanalında bu işə görə 537 gün azadlıqdan məhrum olunduğu xatırladıb.

XS
SM
MD
LG