Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:51

Keçmiş deputat həbs olunub


R.Cəbrayılov
R.Cəbrayılov

Milli Məclisin keçmiş deputatı Rəfael Cəbrayılov həbs olunub. O, külli miqdarda dələduzluqda suçlanır. İddia olunur ki, sabiq deputat sənəd düzəltmək adıyla vətəndaşı aldadıb, 240 min manat pulunu ələ keçirib.

Cinayət işinin materiallarında göstərilib ki, keçmiş deputatın qardaşı Rauf Cəbrayılov Binəqədi rayonu, Rəsulzadə küçəsində 2 hektar torpaq sahəsi satıb. Torpağı alan şəxs mülkiyyət sənədini əldə etmək istəyib. Keçmiş deputat torpaq sahəsinə çıxarış almaqda ona kömək edə biləcəyinə söz verib. Bu adla da ondan 240 min manatı aldığı iddia edilir.

Cəbrayılovun özü və ya vəkilinin ittihama münasibəti məlum deyil.

Onun işi üzrə araşdırmalar Baş prokuror yanında Korrupsiyaya Qarmı Mübarizə İdarəsində aparılır.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, Cəbrayılov aprelin 2-də Binəqədi rayon Məhkəməsində hakim qarşısına çıxarılıb. CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Bu maddədə 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Cəbrayılov Milli Məclisinin III, IV və V çağırış deputatı olub.

Rəfael Cəbrayılovun adı bundan əvvəl də maliyyə qalmaqallarında hallanıb. 2019-cu ildə onun deputat mandatını borca görə girov qoyması haqda məlumat yayılandan sonra o, istefa verib. Onun öz ərizəsi əsasında deputat səlahiyyətlərinə xitam verilib.

XS
SM
MD
LG