Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:50

Blinken ABŞ beynəlxalq mediasına dəstəyini bildirir


Entoni Blinken
Entoni Blinken

Cərimələrin artması isə şirkəti Rusiyada fəaliyyətini dayandırmağa məcbur edə bilər

ABŞ-ın Dövlət katibi Entoni Blinken ölkənin beynəlxalq mediasına dəstəyini bildirib. Bu açıqlama Rusiyanın AzadAvropa/AzadlıqRadiosu-nu qalmaqallı “xarici agent” qanunu çərçivəsində sıxışdırıb bağlamaq cəhdlərindən narahatlıq fonunda yayılıb.

Blinken aprelin 6-da ABŞ Qlobal Media Agentliyinin (USAGM) rəhbəri vəzifəsini icra edən Kelu Çao ilə görüşüb.

Tərəflər “dünyada demokratik prinsiplərin saxlanması və təbliğində azad və müstəqil medianın zəruri rolunu” müzakirə ediblər, departamentin sözçüsü Ned Prays bəyanatında deyib.

400-dək pozuntuya görə 1 milyon dollara yaxın cərimə

Blinken daha sonra tvitində yazıb ki, “Rusiyanın AzadAvropa/AzadlıqRadiosu-nu bağlamaq, bu dəyərli müstəqil xəbərləmə mənbəyini susdurmaq cəhdlərindən birgə narahatlığımızı müzakirə etdik”. O, görüşün “dolğun” keçdiyini yazıb.

Rusiyanın medianı tənzimləyən orqanı “Roskomnadzor” radionun rusdilli xidmətlərinə son aylar 1 milyon dollara yaxın cərimə kəsib. Onlar “xarici agent” qanununun məhdudiyyətlərinə əmək etməməklə bağlı 400-dək pozuntuda suçlanırlar.

Çao deyib ki, Blinkenin Rusiyanın aşırı tələblərindən, radioya qarşı ifrat cərimələrindən narahatlığı onu ürəkləndirib.

“Dövlət katibi razılaşır ki, Rusiya hökumətinin müstəqil jurnalistikanı susdurmaq cəhdləri yalnız onun xidmət göstərməli olduğu vətəndaşlarına ziyan vurur”, – o deyib. Bu haqda USAGM bəyanat yayıb.

Bütün şəbəkələrə dəstək

USAGM-ə AzadAvropa/AzadlıqRadiosu (RFE/RL), Azad Asiya Radiosu (RFA), Amerikanın Səsi (VOA), Yaxın Şərq Yayın Şəbəkəsi (MBN) və Kuba Yayın Ofisi (OCB) daxildir.

“Bu şəbəkələrin redaksiya baxımından müstəqil xəbərləməsi repressiv media mühiti olan ölkələrdə özəlliklə vacibdir, bu ölkələrdə müstəqil jurnalistika senzura olunur, ifadə azadlığı ya məhdudlaşdırılır, ya da cəzalandırılır”, – Prays deyib.

Blinkenin görüş zamanı USAGM-in bütün qlobal şəbəkələrinə güclü dəstək ifadə etdiyi bildirilir.

2012-ci ildə qəbul olunmuş, sonradan bir neçə dəfə genişləndirilmiş “xarici agent” qanunu hakimiyyətə səlahiyyət verir ki, siyasi fəaliyyəti üçün xaricdən maliyyə alan qeyri-hökumət təşkilatları, insan haqları qrupları, xəbər mediasına “xarici agent” damğası vursun.

2017-ci ildə radionun Rusiya xidməti, digər rusdilli xidmətləri də bu siyahıya salınıb. Bu qanun radio jurnalistlərinə kriminal təqib riski yaradır. Qanun tələb edir ki, xaricdən maliyyələşən media qurumları kontentin “xarici agent” tərəfindən hazırlandığını iri şriftli mətnlə bildirsin.

Radio hədəfdə

Rusiyada bir sıra xarici media təşkilatlarının işləməsinə baxmayaraq, rəsmi qurumlar AzadAvropa/AzadlıqRadiosu-nu hədəfə alıb.

AzadAvropa/AzadlıqRadiosu ABŞ Konqresi tərəfindən maliyyələşən müstəqil qeyri-kommersiya təşkilatıdır, “xarici agent” qanununa əməl etməyib.

Cərimələrin artması isə şirkəti Rusiyada fəaliyyətini dayandırmağa məcbur edə bilər.

Media təşkilatları da məqsədin radionu Rusiyada bağlamaq olduğunu deyirlər. Hazırda AzadAvropa/AzadlıqRadiosu-nun Rusiyada həftəlik izləyici sayı 6.7 milyona çatır.

Jurnalistləri Müdafiə Komitəsi Rusiyanı xarici agent qanununu ləğv etməyə, “media tənzimləyicisindən jurnalistləri senzura, təqib etmək, media təşkilatlarını hədələmək üçün istifadə etməməyə” çağırıb.

“Amnesty International” bildirir ki, Rusiyanın xarici agent qanunu ölkədə “ifadə və birləşmə azadlığını daha da aşındırır”.

XS
SM
MD
LG