Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 00:30

Deputat: 'Monopolist monopolist qalmağa çalışır'


AZAL
AZAL

Koronavirus pandemiyası beynəlxalq uçuşlara çox ciddi mənfi təsir göstərdi. Amma bir çox ölkələr məhdud sayda uçuşları bərpa edib.

Artıq Azərbaycandan Türkiyəyə və geri, demək olar ki, hər gün uçmaq olar. Aprelin 1-dən isə Azərbaycandan Türkiyəyə hətta yeni nəsil şəxsiyyət vəsiqəsi ilə da getmək mümkündür. Lakin sosial şəbəkələr istifadəçiləri gileylənir ki, qaydalar asanlaşsa da, aviabiletlərin qiyməti səyahəti, az qala, əlçatmaz edib.

Bakı və Tbilisidə biletlərin qiymətində kəskin fərq

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin saytında olan məlumata görə, Bakı-İstanbul biletinin qiyməti 490 manat civarındadır. Biznes-klass bileti isə 765 manata başa gələcək. Müqayisə üçün, Gürcüstan paytaxtı Tbilisidən İstanbula Türkiyə aşağı büdcəli aviaşirkətlərinin birinin vasitəsilə 61 manat ödəyərək getmək olar. Digər Türkiyə şirkətinin aviabiletlərin qiyməti isə 270 manatdır.

Başqa ölkələrə AZAL vasitəsilə səyahətin də digər şirkətlərin qiymətlərlə müqayisədə ən azı ikiqat baha başa gəldiyi deyilir.

Işadamı: "Pulumun itməsinə görə AZAL məsuliyyət daşıyır"
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00

Suallar, suallar...

AZAL-ın biletləri niyə bahadır? Niyə Azərbaycanda Avropanın ucuz uçuşlar həyata keçirən tanınmış loukoster şirkətləri fəaliyyət göstərmir?

Hələ 2015-ci ildə prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında aviabiletlərin qiymətlərinin baha olduğunu bildirmişdi: "Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün? Yüksək xidmət göstərilir. Mən bunu alqışlayıram… Ancaq Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı!".

Dövlət başçısı qeyd etmişdi ki, AZAL dövlətdən böyük subsidiyalar alır: "Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır?".

2020-ci ildə dövlət dəstəyi tədbirləri çərçivəsində AZAL-a 86 milyon 900 min vəsaitin köçürüldüyü bildirilir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, bu ilin yanvar-fevral aylarında AZAL 55 min ABŞ dolları dəyərində xidmət ixrac edib. Bu, 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 2 milyon 145 min dollar və yaxud 40 dəfə azdır.

R.Quliyev
R.Quliyev

"Lakin bunu da nəzərə almaq lazımdır ki,..."

Prezidentin də səsləndirdiyi suallara, hələlik, AZAL rəsmilərindən cavab almaq mümkün olmayıb. Amma Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev də "Turan" agentliyinə bildirib ki, təyyarə biletlərinin qiymətlər yüksəkdir: "Lakin bunu da nəzərə almaq lazımdır ki, xidmətlərin səviyyəsi, tikilmiş aeroportların və uçuş keyfiyyəti da yüksəkdir. Məsələnin iki tərəfi var və ayırd etmədən yalnız tənqid etmək da düzgün olmazdı".

Deputatın fikrincə, AZAL loukoster şirkətləri ilə uyğunlaşa bilmir: "Səbəb isə odur ki, istənilən monopolist monopolist qalmağa çalışır".

Komitə üzvü vurğulayıb ki, dövlət mərhələli şəkildə öz islahatlarını aparır: "Birinci mərhələdə proseslər kommersiya nöqteyi-nəzərdən nəzarətə götürülür. Yəni, bu gün bizi və cənab prezidenti ən çox narahat edən məsələ iri dövlət şirkətlərinin səmərəliyidir. Həmin şirkətlər gəlir gətirməlidir".

"Azərbaycanda da iri dövlət şirkətləri üçün oxşar sistemi yaratmaq lazımdır"

R.Quliyevin fikrincə, onlar yerli və beynəlxalq layihələrə dövlətdən vəsait yox, iqtisadi prosesin digər iştirakçıları kimi, banklardan kredit götürməlidir: "Adi sahibkar kredit götürür, işləyir, özü də qazanır, kreditini da qaytarır və dövlətə vergi da ödəyir. İri dövlət şirkətlərinə də münasibət belə olmalıdır. Əlbəttə ki, verilən kreditlərin faizi da aşağı, təxminən 5-6 faiz olmalıdır. Həmin uğurlu kredit modeli Cənubi Koreyada var. Orada altı-yeddi özəl maliyyə qurumu var və onlar cüzi faizlə şirkətlərə müxtəlif layihələr üçün pul verirlər. Düşünürəm ki, Azərbaycanda da iri dövlət şirkətlərimiz üçün oxşar sistemi yaratmaq lazımdır".

Komitə üzvünün deməsinə görə, dövlətin proseslərə kommersiya nöqteyi-nəzərdən nəzarət etməsi iri dövlət şirkətlərinə qiymətləri qaldırmağa imkan verməyəcək: "Biz artıq Azərbaycanın post-pandemiya və post-müharibə iqtisadi modelini qurmağa başlayırıq. Artıq gələcək iqtisadiyyatımızın arxitekturası və konturlar qurulur. Biz turizmi inkişaf etdirəcəyik. Bunun üçün isə alətlər lazımdır. Həmin alətlər biri effektivlik, digəri isə aviabiletlərin qiymətlərinin ucuzlaşmasıdır. Biz beynəlxalq rəqabətliyin iştirakçısına çevrilməliyik".

N.Əliyev
N.Əliyev

"Niyə Azərbaycan vətəndaşları Gürcüstana gedib oradan bilet alsın?"

İqtisadçı Nemət Əliyev isə AzadlıqRadiosuna bildirib ki, AZAL-ın qiymətlərinin baha olması haqqında səslənən fikirlər həqiqətdir: "Niyə Azərbaycan vətəndaşları hansısa Avropa ölkəsinə uçmaq üçün AZAL-dan yox, Gürcüstana gedib oradan bilet alsın? Bu, anormal bir haldır".

N.Əliyev qeyd edib ki, Azərbaycan əhalisinin sosial vəziyyəti bahalı bilet almağa imkan vermir: "Orta əməkhaqqı səviyyəsinə görə Azərbaycan Gürcüstandan, Rusiyadan, Türkiyədən geridə qalır. Ötən ilin ortalarından başlayaraq Azərbaycanda orta əməkhaqqının səviyyəsi azalmağa başlayıb və bir müddət sonra bir az da aşağı düşəcək".

Onun fikrincə, aviabiletlərin satış qiymətinin baha olmasının digər səbəbi monopoliyadır. "Əgər ölkə daxilində azdan-çoxdan normal iqtisadi mühit olsa və hava uçuşlarını həyata keçirən digər şirkətlər mövcud olsa, AZAL indiki şərtlərlə işləməz. Ya məcbur olub qiymətlərini aşağı salacaq, ya da müflis olacaq".

Xatırlatma

Bu il prezident İlham Əliyevin sərəncamı ilə AZAL Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. İnvestisiya Holdinqinə AZAL-ın nizamnaməsinin, strukturunun, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin, zərərinin bölüşdürülməsi və divident siyasətinin təsdiqi də həvalə olunub.

XS
SM
MD
LG