Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:48

‘Karantin qaydalarına yenidən baxılmalıdır’


Karantin yoxlaması, arxiv foto
Karantin yoxlaması, arxiv foto

Son aylar Azərbaycanda həm koronavirusa gündəlik yoluxmada, həm də yoluxanlar arasında ölüm hallarında əsasən artım müşahidə edilir.
Bəs mütəxəssislər vəziyyəti necə dəyərləndirir? Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün əlavə tədbirlər lazımdırmı?

“Azərbaycanda koronavirusun 3-cü dalğası müşahidə olunur”

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızı “Turan” İnformasiya Agentliyinə bildirib ki, Azərbaycanda koronavirusun 3-cü dalğası müşahidə olunur:

«Çox təəssüf ki, xəstələrin sayı artır. Bu tendensiya təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunmaqdadır».

Məlahət Ibrahimqizi, 2018
Məlahət Ibrahimqizi, 2018

Deputatın sözlərinə görə, insanlar çalışırlar ki, qaydalara əməl etsinlər:

«Keçən illə müqayisədə indi insanlar pandemiya ilə mübarizədə daha çox səy göstərir, əksər hallarda qoruyucu maskalardan istifadə edirlər, ara məsafə saxlamağa çalışırlar. Amma yenə də prosesin tam idarə edilməsi çox çətindir. Hələlik, hamı pandemiya şəraitində yaşamağa öyrəşə bilməyib».

«Vaksinasiya mütləq lazımdır”

Komitə üzvü vurğulayıb ki, insanlar mütləq vakainasiyadan keçməlidir: «Vaksinasiya mütləq lazımdır. Mən özüm də vaksinasiyadan keçmişəm və səmimi deyirəm ki, bu prosesdən hamı keçməlidir. Çünki ən azı insanın bədənində immunitet yaranır və heç olmasa müəyyən dövr üçün bu bizi qoruyur».

M.İbrahimqızı qeyd edib ki, bu yeni virusdur. Deputatın sözlərinə görə, son vaxtlar onun yeni ştamları üzə çıxıb və hətta ən yaxşı mütəxəssislər belə yeni növ koronavirusla mübarizənin yol xəritəsini müəyyən edə bilmirlər:

«Ona görə də bugünkü durumda çıxış yolu yalnız qaydaların əməli və vaksinasiyadır».

“ÜST vahid qaydalar tərtib etməlidir”

Deputatın fikrincə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vahid qaydalar tərtib etməlidir:

«ÜST-in gördüyü iş yetərli deyil. Məsələn, Avropanın bir sıra ölkələrində açıq havada qoruyucu maska taxmaq məcburi deyil. Bir sıra ölkələrində, o cümlədən Azərbaycanda isə açıq havada maska məcburidir. Təbii ki, qapalı mühitdə birmənalı olaraq hamı maska taxmalıdır. Amma ÜST-in vahid qaydaları olmalıdır ki, açıq havada maskanın taxmaqmı effektivdir, yoxsa maska taxmamaq? Məktəblər əyani şəkildə öz işini davam etdirməlidir, yoxsa onlayn qaydada? Çünki hazırda hər ölkənin öz qaydası var, bu isə insanlarda çaşqınlıq yaradır».

“Qadağaların qəbul edilməsi zəruriyyəti yarana bilər»

Tibbi elmləri doktoru Adil Qeybulla da AzadlıqRadiosuna bildirib ki, hazırda Azərbaycanda epidemioloji vəziyyətin pisləşməsi gedir:

«Bu cür davam edərsə, artım dinamikası olarsa, qadağaların, əlavə tədbirlərin qəbul edilməsi zəruriyyəti yarana bilər».

Adil Qeybulla, 5 mart 2008
Adil Qeybulla, 5 mart 2008

Ekspert qeyd edir ki, ölkədə anlaşılmaz vəziyyət yaranıb:

«Bir tərəfdən qapalı yerlərdə, restoranlarda, kafelərdə və digər iaşə obyektlərində insanlar saatlarla maskasız oturur və buna icazə var, digər tərəfdən isə açıq havada maska taxmaq məcburiyyətindədir. Bu necə olur? Bunun bir yolla tənzimləməsinə ehtiyac var və karantin qaydalarına yenidən baxılmalıdır».

A Qeybulla vurğulayıb ki, Azərbaycanda istər ölkə üzrə əhali sayına, istərsə də xəstələnlərin sayına düşən ölüm halları başqa ölkələrə nisbətən yüksəkdir:

«Buna görə də yeni yoluxma hallarının qarşısını almaq və epidemioloji vəziyyətə nəzarət üçün əsas tədbirlərdən biri kütləvi testləşdirmənin aparılmasıdır».

Ekspertdən təkliflər...

Ekspert hesab edir ki, test üçün müraciət eədn şəxslərə heç bir vəchlə məhdudiyyət qoyulmamalıdır:

«Hərarəti olub olmamasından asılı olmayaraq təcili tibbi yardıma, poliklinikalara, stasionarlara müraciət edən şübhəli şəxslərdən və test analizi müsbət çıxmış şəxslərlə təmasda olan şəxslərdən test analizinin götürülməsini təmin etmək zəruridir. Uşaq poliklinikalarında uşaqların test edilməsi təmin edilməlidir».

O, əlavə edir ki, müxtəlif mülkiyyətli tibb müəssisələrində, geniş iş yerlərində, iri marketlərdə vaksinasiya guşələri yaratmaqla peyvəndləmə işinin kütləviliyi təmin edilməlidir:

«Bundan əlavə evdə müalicə alanların antibiotiklərin, antiviral dərmanların yerli-yersiz istifadəsinə son qoyulmalıdır, əhali arasında maarifləndirmə işini gücləndirilməlidir».

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.9 milyondan çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə ümumilikdə 281 min 387 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 min 846 nəfərin vəfat etdiyi açıqlanıb. Habelə bildirilib ki, yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə ümumilikdə 2990285 test aparılıb.
Azərbaycanda vaksinasiyaya yanvarın 18-dən başlanıb. İndi 40 yaşdan yuxarı şəxslərə peyvənd vurulur. Vaksinasiya dövlət hesabına aparılır.

İndiyə qədər 1,1 milyondan çox vaksin vurulduğu bildirilir. Onlardan 700 mindən çoxu birinci mərhələnin (vaksinlər iki dozada vurulur) payına düşür. Azərbaycanın Çinin "Sinovac" şirkətinə 4 milyon doza vaksin sifariş etdiyi açıqlanıb. (2 milyon əhalinin istifadəsi üçün. Ölkənin 10 milyon əhalisi var) Bu vaksinlərin ölkəyə mərhələlərlə gətirildiyi bildirilib.

XS
SM
MD
LG