Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:38

Lukaşenka yerini müəlliməyə 'versin' – Qərb mediası


Minskdə qadınların etiraz aksiyası, 6 aprel, 2021-ci il
Minskdə qadınların etiraz aksiyası, 6 aprel, 2021-ci il

Belarusun “BelTA” agentliyinin aprelin 12-də yaydığı xəbərə görə, Lukaşenka aprelin 13-də Bakıya səfər edəcək

Belarus hökuməti mühacirətdə yaşayan müxalifət lideri Svetlana Tixanovskayanın terrorçuluğa görə axtarıldığını açıqlayıb. “The Washington Post” qəzeti bunu hökumətin müxalifətçini susdurmaq niyyəti güdən daha bir ümidsiz cəhdi adlandırır. Həm də hökumət təkcə onu deyil, ötən ilin avqustunda prezident seçkisinin nəticələrini oğurlamış Alyaksandr Lukaşenka ilə mübarizə aparanların hamısını susdurmağa çalışır.

Qurbanlardan bir neçəsi

Tixanovskayanın əri ötən ilin mayında siyasi fəaliyyətinə görə həbs olunandan sonra özü prezidentliyə namizəd oldu. O, iki uşaq anası, ingilis dili müəlliməsi, tərcüməçidir. Müxalifətçi 9 avqust seçkisinin ertəsi günü Litvaya mühacirət edib.

Qəzet etirazları dəstəkləyən bir neçə tanınmış simanın cinayət təqibi ilə üzləşməsindən yazır. Üzgüçülük üzrə olimpiya medalçısı Aleksandra Herasimenya martın 19-da 18 aylıq həbsə məhkum edilib. Jurnalist Katsarina Bariseviç, həkim Artsiom Sorokin mühakimə olunub, fəal Raman Bandarenkanın Minskdə mülkigeymili polis əməkdaşları tərəfindən döyülərək öldürüldüyü bildirilir.

Onlar Belarusda 300-ə yaxın siyasi məhbusdan bir neçəsidir. Birləşmiş Ştatlar 109 rəsmiyə repressiyaya görə sanksiya tətbiq edib. Qəzet Lukaşenkanın rusiyalı həmkarı Vladimir Putinə ümid bəslədiyini yazır. ABŞ Konqresi isə ötən il qanun qəbul edib, Lukaşenkanın yol verdiyi mətbuat və insan haqları pozuntularında əli olan rusiyalılara sanksiya tətbiq oluna bilər. Məqalədə deyilir ki, Lukaşenka hərəkətə gəlməsə, Prezident Co Bayden administrasiyası bu səlahiyyətdən istifadəni nəzərdən keçirməlidir. “Tiran yerini legitim prezidentə, ingilis dili müəlliməsinə verməlidir”, – məqalədə deyilir.

Lukaşenka Bakıya gəlir

Belarusun “BelTA” agentliyinin aprelin 12-də yaydığı xəbərə görə, Lukaşenka aprelin 13-də Bakıya səfər edəcək.

Onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyi, ikitərəfli münasibətlərin əsas istiqamətlərini müzakirə edəcəkləri bildirilir. “Tərəflər sənaye kooperasiya məsələlərini, qida istehsalı və təchizatı, kənd təsərrüfatı məhsullarının emalı sahəsində mövcud və perspektivli layihələrin gerçəkləşdirilməsini nəzərdən keçirəcəklər. Səhiyyə, elmi-texniki, təhsil və turizm sahələrində əməkdaşlıq da müzakirə olunacaq”, – xəbərdə vurğulanır.

İkitərəfli sənədlərin imzalanacağı bildirilir.

XS
SM
MD
LG