Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:07

Beynəlxalq qurumdan 'Tərtər işi' tələbi


İllüstrativ foto
İllüstrativ foto

Bu günədək 78 nəfərin saxlanaraq 12-20 il həbsə məhkum edildiyi bəllidir

Azərbaycanda bir cinayət işi çərçivəsində azı 78 nəfər saxlanıb, 12 ildən 20 iləcən həbsə məhkum edilib, çoxsaylı işgəncə iddiaları səslənib, 11 hərbçi və mülki şəxsin həbsdə öldüyü bildirilir. Aprelin 13-də İşgəncələrə qarşı Beynəlxalq Təşkilat – OMCT belə bir bəyanatla çıxış edib.

Qurum öz araşdırmalarına əsasən “Tərtər işi”nin belə amansız nəticələrindən söz açır.

İşgəncə iddiaları

2017-ci ilin mayında Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə və Daxili İşlər nazirlikləri birgə bəyanat yayaraq bir qrup hərbçi və mülki şəxsin Ermənistan Silahlı qüvvələrinə hərbi sirləri ötürdüyünü bildirib. Onlara qarşı CM-in 134 (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 150 (seksual xarakterli zorakılıq hərəkətləri), 274 (dövlətə xəyanət), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər) və başqa maddələri ilə ittiham irəli sürülüb. Əsas həbslər Tərtər rayonunda aparılıb.

Təqsirləndirilən şəxslərin əksəriyyəti ittihamları qəbul etməyib, həbs olunarkən ağır işgəncələrə məruz qaldıqlarını, bu üzdən etiraf xarakterli ifadələrə imza atdıqlarını bildiriblər.

OMCT bildirir ki, cəni iki gün ərzində 47 nəfərin saxlandığı bildirilsə də, onları adları açıqlanmayıb. Saxlananlar evlərindən aparılıb, vəkilə çıxışları olmayıb, məhkəmə qərarı olmadan həbs ediliblər.

Bu günədək 78 nəfərin saxlanaraq 12-20 il həbsə məhkum edildiyi bəllidir. “Saxlananların işgəncəyə məruz qalmasından, 11 nəfərin işgəncə nəticəsində ölməsindən xəbərdarıq. Saxlananlar vətənə xəyanəti boynuna almaları üçün işgəncə görüblər. Onların meyitləri heç də həmişə ailələrə verilməyib, yaxud işgəncədən öldükləri gizlədilib, ört-basdır olunub”, – bəyanatda deyilir.

Tələblər

OCMT sözügedən kütləvi insan haqları pozuntularını araşdırmağa cəhd edən hüquq müdafiəçisi Oqtay Gülalıyevin Bakının mərkəzində avtomobillə vurulduğunu qeyd edir. Gülalıyav bu günədək komadadır.

“Azərbaycan hökumətinin, bu ciddi insan haqları pozuntularına yol vermiş hüquq-mühafizə agentliklərinin hərəkətlərini qətiyyətlə pisləyirik”, – deyə qurum hakimiyyəti işgəncə iddialarını dərhal araşdırmağa, günahkarları cəzalandırmağa çağırır.

OMCT-nin digər tələbləri qurbanlar və ailələrinin reabilitasiyası, onlara yardım, saxlananların sayını və yerini açıqlamaq, Azərbaycanda işgəncə təcrübəsinə son qoymaq üçün sistematik tədbirlər görməklə bağlıdır.

Yerli hüquq müdafiəçiləri "Tərtər işi" üzrə 100-dən çox hərbçinin işgəncələrə məruz qaldığını, nəticədə azı 9 nəfər işgəncədən öldüyünü bildirib. Ölənlərdən bəzilərinə sonradan bəraət verilib.

İşgəncə faktı da rəsmi şəkildə təsdiqlənib və bununla əlaqədar da ayrıca cinayət işi başlanıb, bir sıra şəxslər cinayət məsuliyyətinə cəlb edilib.

XS
SM
MD
LG