Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 13:45

Keçmiş hakimiyyət Paşinyanın ittihamlarına ittihamla cavab verir


Eduard Şarmazanov
Eduard Şarmazanov

Baş nazir Nikol Paşinyanın aprelin 14-də Ermənistan Milli Məclisində etdiyi geniş çıxış keçmiş iqtidar nümyəndələri tərəfindən qəzəb və əks-ittihamlarla qarşılanıb.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, keçmiş hakimiyyətin vəzifəlisi, Ermənistan Respublika Partiyasının sözçüsü, keçmiş vitse-spiker Eduard Şarmazanov baş naziri kəskin tənqid atəşinə tutub:

“Bu təslimçi nəinki danışıqları iflasa uğradıb, o həm danışıqları pozub, həm də müharibəni qızışdırıb”.

Şarmazanovun sözlərinə görə, Paşinyan Qarabağ tənzimlənməsinə dair danışıqları iflasa uğradıb və Ermənistanın mövqelərini zəiflədib.

O bildirib ki, müharibədən sonrakı vəziyyət də bundan xəbər verir: Nə 44 günlük müharibə dövründə, nə də ondan sonra bir beynəlxalq təşkilat, bircə həmsədr ölkə də Paşinyanı dəstəkləməyib:

“Bu, onun axmaq, absurd, antierməni və antidanışıq siyasətinin nəticəsində baş verib. 5 min nəfərin həlak olduğu, 10 min kvadrat kilometrlik ərazilərin təslim edildiyi, on minlərlə insanın yaralandığı, itkin və əsir düşdüyü müharibədə ali baş komandan olmuş bu şəxs özündən başqa hamını ittiham edir”.

“Şuşa ermənilərdə qalacaqdı”

Şarmazanov deyib ki, Paşinyan keçmiş prezident Serj Sarkisyanı ittiham etməklə ədalətsizliyə yol verir, çünki onun vaxtında tərəflər bir neçə dəfə saziş imzalamağa yaxın olublar.

Milli Məclisin keçmiş vitse-spikeri deyib ki, Sarkisyanın 10 illik danışıqlar paketinin sirrini rusiyalı həmsədr İqor Popov açıb:

Bu paketə görə 5 rayon Azərbaycana qaytarılmalı idi. Qarabağa keçid statusu veriləcəkdi. Laçın və Kəlbəcər Dağlıq Qarabağın yekun statusu müəyyən edilənədək Ermənistanın nəzarətində qalacaqdı. Qarabağ de jure tanınmanı tələb etməyən bütün beynəlxalq təşkilatlara daxil olacaqdı:

“Şuşa ermənilərdə qalacaqdı, Hadrut ermənilərdə qalacaqdı, Talış və Matagis (Suqovuşan – red), Xudavəng ermənilərdə qalacaqdı və bircə qurban da verilməyəcəkdi”.

Şarmazanov baş naziri bütün bu prosesi pozmaqda günahlandırıb:

“Məgər o demirdi ki, mən danışıqları Serj Sarkisyanın nöqtəsindən yox, öz nöqtəmdən aparacağam. Məgər iyul ayında sərhəd insidentlərindən sonra “yeni müharibə-yeni ərazilər” ifadəsini işlədən, “bizim ordumuz ən döyüş qabiliyyətli ordudur və regionda həlledici əhəmiyyətə malikdir” deyən o deyildi? Biz hakimiyyətdən gedəndə, dediyim həmin o danışıq paketi vardı, üstəgəl Vyana və Sankt-Peterburq, ondan Artsaxın (Qarabağ – red) müstəqilliyinin tanınmasının tələb olunduğunu deyən Əliyevin gileylənməsi vardı”.

“Ondan nə miras qalacaq?”

Şarmazanov xatırladıb ki, keçmiş hakimiyyətin vaxtında müharibə dörd gündən sonra dayandırılmışdı və danışıqlar prosesində Ermənistanın mövqeyi güclü idi.

Onun sözlərinə görə, İlham Əliyev şikayətlənirdi ki, ondan bağlı qapılar arxasında Qarabağın tanınmasını tələb edirlər.

Keçmiş vitse-spiker deyib ki, Paşinyandan tamam başqa miras qalacaq:

“Ondan verilmiş Artsax (Qarabağ – red), verilmiş Şuşa, verilmiş Hadrut, 5 min həlak olan, Meğriyə gedən türk yolu, 10 min yaralı əsgər, bir neçə min itkin və əsir, itirilmiş suverenlik miras qalacaq”.

Nikol Paşinyan parlamentdəki çıxışında keçmiş prezident Serj Sarkisyanın sələfindən də yan ötüşməmişdi. O Ermənistanın ikinci prezidenti Robert Koçaryanı Qarabağı danışıqlar prosesindən çıxarmaqda ittiham etmişdi. Onun fikrincə, beləliklə Azərbaycana öz məqsədinə çatmaq imkanı verilmişdi.

Nikol Paşinyanın çıxışına keçmiş prezident Robert Koçaryanın da ofisindən cavab verilib:

“Paşinyanın çıxışlarında heç vaxt məntiq, reallıq, gerçəkliklə əlaqə olmayıb. Bir qayda olaraq bu qaraqışqırıqçı çıxışlar həyasızlıq və yalanla dolu olur. Bugünkü çıxış da istisna olmayıb. Təsəvvür edirsinizmi, bizim indimizi murdarlayan birisi, özündə gələcək barədə danışmaq üçün cəsarət tapır. Hakimiyyətini itirməkdə olanın bu küyçü çıxışından yeganə təəssürat qalır – yazıqlıq”.

Müxalifətin etiraz aksiyası baş tutmayıb

Nikol Paşinyan çıxışında bunu da demişdi ki, 2018-ci ildə onunla görüşündə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan ona torpaqları Azərbaycana qaytarmağı məsləhət görübmüş.

Baş nazir deyib ki, keçmiş prezidentin təsəvvürləri rayonların qaytarılmasından o yana keçmirdi.

Paşinyanın bu ittihamına Levon Ter-Petrosyanın sözçüsü Arman Musinyan cavab verib.

O xatırladıb ki, Ter-Petrosyan noyabrın 30-da Paşinyanı “milləti fəlakətli məhvə aparan” adlandırmışdı.

Bugünkü çıxışında baş nazir əslində 17 müxalif partiyanı da ittiham edib.

Paşinyan deyib ki, onlar guya cənub istiqamətində mühüm əməliyyatı pozmaq məqsədilə komandirlərdən birinin müxalifət fəaliyəti ilə məşğul olan oğlunun ordu xidmətinə çağırılmasını iddia ediblər.

Azatutyun yazır ki, Paşinyanın çıxışından dərhal sonra müxalif qüvvələr etiraz aksiyası keçirməyə cəhd göstəriblər.

Lakin əsasən daşnaklardan ibarət dəstə Milli Məclisə yaxınlaşanda artıq bina polis qüvvələri tərəfindən güclü mühafizə olunurdu.

XS
SM
MD
LG