Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 13:50

Putin ABŞ sanksiyalarına cavabı götür-qoy edir


Kreml aprelin 16-da bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin Vaşinqtonun Moskvaya qoyduğu sanksiyalara cavab təbirləri barədə qərar qəbul edəcək.

Reuters yazır ki, Putinin qərarı nə vaxt bəyan edəcəyi bildirilmir.

Aprelin 15-də ABŞ prezidenti Co Bayden Rusiya üzərinə geniş sanksiyalara yol açan fərman izmzalayıb.

ABŞ hökuməti cəza tədbirlərinə uyğun olaraq Rusiyanın bir sıra şirkətlərini qara siyahıya daxil edib, Rusiya diplomatlarını ölkədən qovub və ABŞ maliyyə təsisatlarına Rusiya Mərkəzi Bankından, Ehtiyat Fondundan və Maliyyə Nazirliyindən dövlət borcları bondlarının alınmasını yasaqlayıb.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Moskva bütün bu tədbirlərə cavab hazırlamaqdadır:

"Belə məsələlərdə əvəzə əvəz prinsipini hələ heç kəs qadağan etməyib. Lakin hər şey Rusiya dövlət başçısının qəbul edəcəyi qərarlardan asılı olacaq”.

Peskov Putinin əks-tədbirləri bəyan edəcəyi vaxt barədə heç nə deməyib.

Lakin Rusiyanın Maliyyə Nazirliyi aprelin 15-də bəyan edib ki, əks-sanksiyalar çox tezliklə elan olunacaq.

Peskov Bayden-Putin münasibətləri barədə

Peskov bunu da bildirib ki, Putin ABŞ-ın rəhbərliyi ilə keçiriləcək iqlim sammitində iştirak üçün Baydendən aldığı dəvəti də hələ götür-qoy edir.

Putinlə Bayden arasında hazırkı münasibətlərə toxunan Peskov bildirib:

"Söhbət qarşılıqlı faydalı münasibətlərdən, bütün tərəflərin maraqlarının nəzərə alınmasından gedəndə onların baxışları qəti şəkildə üst-üstə düşmür”.

ABŞ bildirir ki, onun Moskvaya qarşı sanksiyaları Kremlin Birləşmiş Ştatların seçkisinə müdaxilə cəhdlərinə, haker hücumlarına, Ukraynadakı davranışlarına və başqa “ziyanlı fəaliyyətlərinə” görə qoyulub.

Rusiyanın Birləşmiş Ştatlardakı səfiri Anatoli Antonov ötən ay iki ölkə arasında münasibətlərin kəskinləşməsi fonunda Moskvaya çağırılıb.

Səfir aprelin 16-da Rusiya XİN-də keçirilən müşavirədə iştirak edib.

XS
SM
MD
LG