Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:24

Moskva Çexiyanın 18 Rusiya diplomatını qovmasına qəzəbli reaksiya verib


Praqadakı Rusiya səfirliyinin qarşısında etiraz piketi, 18 aprel, 2021
Praqadakı Rusiya səfirliyinin qarşısında etiraz piketi, 18 aprel, 2021

Moskva Çexiyanın Praqadakı Rusiya səfirliyinin 18 əməkdaşının ölkədən qovulması qərarına kəskin etiraz bildirib və “cavab tədbirləri” ilə hədələyib.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında Çexiyanın bu addımı “misilsiz və tamamilə əsassız” adlandırılır.

Bəyanatda vurğulanır ki, Çexiya hakimiyyət oqranlarının hərəkətlərində “Amerika izi” aşkar görünür və “Çexiya bu hərəkəti ilə hətta okeanın o tayındakı ağalarını da geridə qoyub”.

Intefaks agentliyi “məlumatlı mənbələrə” istinadən yazır ki, Rusiya Moskvadakı Çexiya səfirliyinin ümumiyyətlə bağlanması barədə qərar qəbul edə bilər.

Çexiyanın baş naziri Andrey Babiş və xarici işlər naziri Yan Hamaçek bu yaxınlarda bəyan etmişdilər ki, 2014-cü ildə ölkənin şərqində baş vermiş partlayışların arxasında Rusiya xüsusi xidmətləri dayanır.

Bu da qeyd edilir ki, burada baş vermiş bir neçə partlayışda iki nəfər həlak olub.

Çexiya bildirir ki, ölkədən qovulan diplomatlar əslində Rusiyanın məxfi xidmətlərinin əməkdaşlarıdır.

Mişkin və Çepiqa

Aprelin 17-də Çexiya polisi bildirib ki, iki rusiyalı axtarışa verilib.

Məlumatda deyilir ki, bu adamlar sözü gedən partlayların ərəfəsində Çexiyaya gəlibmişlər.

Onların ölkəyə Aleksandr Petrov Ruslan Boşirovun adına pasportlarla daxil olduqları deyilir.

Bu da əlavə edilir ki, bu iki nəfər həm də Moldova və Tacikistan pasportlarından istifadə ediblər.

Çexiya polisi bildirib ki, Moldova pasportu Nikolay Popa, Tacikistan pasportu Ruslan Tabarovun adına olub.

Xəbərlərdə deyilir ki, sözü gedən iki rusiyalı habelə 2018-ci ildə Britaniyada keçmiş casus Sergey Skripal və onun qızının zəhərlənməsində şübhəli bilinirlər.

London iddia edir, bu iki nəfər Rusiyanın GRU kimi tanınan Baş Kəşfiyyat İdarəsinin əməkdaşlarıdır və onların əsl adları Anatoli ÇepiqaAleksandr Mişkindir.

Bellingcat təhqiqat qrupunun nümayəndəsi Xristo Qrozev yazır ki, sözü gedən hadisə baş verəndə Çexiyada Rusiya hərbi kəşfiyyatının başqa agentləri də olub.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, 2014-cü il partlayışları ilə Rusiya xüsusi xidmətlərinin əlaqəsi barədə xəbərlər Çexiyada qızğın müzakirə olunur.

Bu da xəbər verilir ki, hətta özünün rusiyayönlü bəyanatları ilə tanınan prezident Miloş Zeman da öz hökumətinin qərarını dəstəklədiyini bildirib.

Rusiya Çexiyada sərfəli kontraktını itirəcək

Çexiya hökumət buna da işarə edib ki, bu hadisələrdən sonra Rusiyanın Rosatom şirkətinə Dukovanı Atom Elektrik Stansiyasının (AES) tikintisinin başa çatdırılması üçün kontrakt veriləcəyi ağlabatan görünmür.

Çexiyanın sənaye və ticarət naziri Karel Havliçekin sözlərinə görə Rusiyanın bu tenderdə iştirakı artıq praktik mənada “istisna olunur”.

Xarici işlər nazirinin səlahiyyətlərini icra edən Yan Hamaçek deyib ki, böyük bir ehtimalla Rusiya şirkəti tenderin heç ilkin mərhələsinə də buraxılmacaq, çünki söhbət ölkənin milli təhlükəsizliyindən gedir.

AES-in yeni enerji blokunun tikintisi üçün tenderdə habelə ABŞ, Fransa və Cənubi Koreya şirkətləri mübarizə aparacaqlar.

Çexiya bəyan edib ki, Rusiya agentlərinin diversiyaları məsələsini Avropa İttifaqı xarici işlər nazirlərinin müzakirəsinə çıxaracaq.

Çexiyanın NATO üzrə müttəfiqləri və o cümlədən ABŞ Praqanı dəstəklədiklərini bildiriblər.

Emilian Gebrev
Emilian Gebrev

Bolqarıstanda silah tacirinin “zəhərlənməsi”

AzadlıqRadiosu yazır ki, Çexiyada baş vermiş qalmaqal diqqəti habelə başqa bir ölkəyə - Bolqarıstana yönəldib.

Bu ölkədə 2018-ci il, aprelin 28-də Sofiyanın dəbdəbəli restoranlarından birində şam edən Emilian Gebrev qəflətən qusmağa başlamış və təcili qaydada hərbi hospitala çatdırılmışdı.

Bolqarıstandakı EMCO silah ticarəti şirkətinin sahibi Gebrev komaya düşsə də, həkimlər onun həyatını xilas edə bilmişdilər. Gebrevin həmin məclisdə olan oğlu da xəstələnmişdi.

Məsələ burasındadır ki, Bolqarıstan xüsusi xidmətləri bu hadisənin səbəbi ilə yalnız üç il sonra İngiltərədə Skripalların zəhərlənməsindən sonra maraqlanmışdılar.

Bundan sonra Bolqarıstan xəfiyyələri FTB və Britaniya agentləri ilə birlikdə bu nəticəyə gəlmişdilər ki, Gebrevin avtomobilinin qapı tutacağına naməlum kimyəvi maddə çəkilib.

Bellingcat bildirir ki, Skripalın zəhərləndiyi vaxt İngiltərəyə səfər edən eyni Rusiya əməliyyatçısı dəfələrlə Bolqarıstana da səfərlər edib.

Bu əməliyyatçının GRU-nun 29155 bölümündən olduğuna inanılır.

Rusiyalılara qarşı ittihamlara niyə xitam verilib?

2020-ci ilin yanvarında Bolqarıstan prokurorları Gebrevin iddia olunan zəhərlənməsində şübhəli bilinən üç rusiyalıya qarşı rəsmi ittiham irəli sürmüşdülər.

AzadlıqRadiosu yazır ki, Gebrevin Ukraynaya silah satılmasında iddia edilən rolu axıradək öyrənilməyib.

Məlum olan budur ki, onun EMCO şirkəti Ukraynaya silah satılması üçün 2014-cü ildə kontrakt imzalayıb.

Lakin Ukrayna Məxfi Xidmətinin keçmiş direktor müavini Viktor Yahun deyib ki, Ukrayna 2014-cü ilin oktyabrında Bolqarıstandan silah almağa çalışıb və Çexiyada silah anbarlarının partlaması da təxminən həmin dövrə təsadüf edir.

Yahun AzadlıqRadiosuna müsahibəsində deyib ki, zəhərləndiyi və Rusiya kəşfiyyatı tərəfindən zəhərləndiyi iddia olunan Gebrev Ukrayna üçün silahları keçmiş Varşava paktı ölkələrinin birindən və məhz Çexiyadan almağı planlaşdırırdı.

Yahun bildirib ki, bu iki hadisənin üst-üstə düşməsini təsadüf saymaq çətin idi.

Lakin 2020-ci ilin yanvarında üç rusiyalıya qarşı ittiham irəli sürən Bolqarıstan prokurorları 9 ay sonra bu ittihamlara müəmmalı şəkildə xitam veriblər.

Bolqarıstanın Gebrevlə yaxın münasibətlərdə olan keçmiş müdafiə naziri Boyko Noev deyib ki, bu təhqiqatın niyə uzun müddət əngəllənməsi və sonda ümumiyyətlə ləğv olunması suallar doğurur.

XS
SM
MD
LG