Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:56

'Mənim oktapod müəllimim' niyə 'Oskar' aldı


"Mənim oktapod müəllimim" filmindən kadr
"Mənim oktapod müəllimim" filmindən kadr

"Mənim oktapod müəllimim" (My Octopus Teacher) filmi ABŞ, İsrail, Cənubi Afrika və Avstraliyada Netflix-in 10 əsas filmi sırasında göstərilir. Indiewire saytı yazır ki, film dünya hiti olana qədər Netflix onu "Oskar" mükafatına namizəd göstərmək niyyətində deyildi. Saytın məlumatına görə, onun yerinə "Əlillik inqilabı" (Crip Camp) və "Dik Conson ölüb" (Dick Johnson Is Dead) filmləri namizəd olacaqdı.

"Mənim oktapod müəllimim" heç vaxt festivallarda göstərilməyib və ekrana çıxdığı 2020-ci ilin sentyabrından bəri onun haqqında o qədər də çox rəy yazılmayıb. Bu günsə o, artıq "ən yaxşı sənədli film" nominasiyasında qalibdir.

Ümid verən hekayə

Bəs görəsən, Amerika Kino Akademiyasının detallara ciddi fikir verən və tərkibində xarici üzvlərinin sayı get-gedə artan sənədli film komandası Cənubi Afrika istehsalı olan "Mənim oktapod müəllimim"i niyə beş əsas namizəd siyahısına daxil etmişdi?

Lokdaun zamanı tamaşaçılar fridayver Kreyq Fosterin Keyptaun sahillərindəki soyuq yosunluğa girərək əsrarəngiz dəniz dünyasına qərq olmasını seyr ediblər. Onlar Fosterin sayəsində dəniz canlılarını yaxından görüb, həyəcanlanaraq göz yaşı axıdıblar. "[Bu film] insanları başqa bir gözəl və gözlənilməz dünyaya, əsrarəngiz bir canlının düşüncəsinə aparıb. Buna görə də insanlar ona bir dəfədən çox baxırlar. Bu, ümid verən hekayədir", – dayver, kinooperator, alim və rejissor Pippa Erlix sayta müsahibəsində deyir.

Birnəfəsə görülən iş

Hər addımda insanların planeti və okeanları çirkləndirdiyi görünür. Bu filmdə isə tənha və tükənmişlik böhranı keçirən bir rejissorun vəhşi bir dəniz canlısı, oktapod ilə yaxın münasibət qurmasının şahidi oluruq. Oktapod onun barmaqlarına, üzünə və sinəsinə toxunur. Foster bu gözəl dünyada hər gün bir saata qədər vaxt keçirir. O, kiçik kamerasını dənizin dibinə qoyub hər iki dəqiqədə bir dəfə oksigen almaq üçün suyun üzünə çıxır. Filmin digər rejissoru Erlixin çəkdiyi kadrlar da filmə daxil edilib.

Filmin yaradıcılarından olan Ceyms Rid deyir ki, bütün iş fridayving rejimində, birnəfəsə görülüb. Yəni, çəkilişi edənlər suyun dibinə özləri ilə əlavə oksigen aparmayıblar. Üstəlik, film hərəkətləri qabaqcadan proqnozlaşdırıla bilməyən heyvan haqqındadır.

Fosterin bədənini dalğıc kostyumu ilə örtməməsi ona heyvanlara yaxınlaşmaq imkanı verib. Qara neopren dalğıc geyimi çox vaxt suitini xatırladır və heyvanları hürküdüb uzaqlaşdırır.

14 saatlıq müsahibə, bir il çəkən montaj

Britaniyalı kinorejissor Rid üç gün ərzində Fosterdən 14 saatlıq müsahibə alıb. Müsahibə zamanı o, Fosterin çox maraqlı və mürəkkəb bir insan olduğunu anlayıb. Filmin bu müsahibə əsasında formalaşdırılmış gedişatında biz Fosterlə tanış olur, onu və dostu oktapodu anlamağa çalışırıq. Fosterin məqsədi diqqəti özünə cəlb etmək deyil. O, auditoriyanın bütün diqqətinin oktapoda cəlb olunmasını istəyir. Rid bu əməkdaşlıq zamanı Fosteri cəsarətli və təvazökar bir insan kimi tanıyıb.

Bir ildən çox çəkən montaj işindən sonra filmin yaradıcıları onu Netflix-ə təqdim ediblər. "Biz hekayəni Kreyqin baxış bucağından danışmışıq. O, bütün bu vaxtı heyvanla birlikdə keçirib. O, əlinə keçən bütün elmi yazıları oxuyub, mütəxəssislərlə danışıb, bizimlə oturub hər bir kadrı ayrı-ayrılıqda müzakirə edib, bizimlə öz təəssüratını bölüşüb. Biz bacardığımızı əlimizdən gələn qədər səliqəli etmişik. [Ancaq] son nəticədə hekayəni danışan Kreyqdir", – Erlix deyir.

Foster əvvəllər heç vaxt görüntülənməmiş şeyləri də çəkə bilib: köpəkbalığını minib üzən, özünü balıqqulağıları ilə örtən, yerimə hərəkətləri edən, barmaqları ilə "qala" düzəldən, gözlərini iri, qara və qorxunc nəlbəkiyə oxşadan oktapod…

XS
SM
MD
LG