Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:28

Bayram günlərində əlavə məhdudiyyət olmayacaq (Rəsmi)


Operativ Qərargahın brifinqi. Foto arxiv
Operativ Qərargahın brifinqi. Foto arxiv

"Sağalanların sayının yoluxanların sayını keçməsi yaxşıdır...". Bu fikirləri mayın 6-da Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, yoluxmalar daha çox ötən ilin noyabr-dekabr aylarında olub: "Yoluxmaların sayında mərhələli şəkildə enmə müşahidə olunur. Hazırda Azərbaycanda epidemioloji vəziyyət nəzarət altında saxlanılır. 30-59 yaş arası insanlarda yoluxma halları çox olur və bu göstərici həmişə eyni olub".

18 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılır

"Mayın 10-da 18 yaşına çatmış bütün Azərbaycan vətəndaşları vaksinasiya prosesinə qoşula bilərlər. Bu, böyük şansdır".

Bunu mayın 6-da Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində söyləyib.

"Mən hər bir vətəndaşı bütün bu kampaniyaya qoşulmağa çağırıram", - o bildirib.

Azərbaycanda vaksinasiyaya yanvarın 18-dən başlanıb. Hazırda yaşı 40 və ondan yuxarı olan şəxslərə peyvənd vurulduğu bildirilir. Vaksinasiya dövlət hesabına həyata keçirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, indiyə kimi 1.5 milyondan çox Azərbaycan vətəndaşı koronavirusa qarşı peyvənd olunub. Onların təqribən 600 mini hər iki mərhələdən keçib.

Azərbaycanın Çinin "Sinovac" şirkətinə 9 milyon doza vaksin sifariş etdiyi açıqlanıb. (4.5 milyon əhalinin istifadəsi üçün. Ölkənin 10 milyon əhalisi var) Bu vaksinlərin ölkəyə mərhələlərlə gətirildiyi bildirilir. Ölkəyə kiçik miqdarda Rusiyanin "Sputnik V" və "AstraZeneca" şirkətinin "Vaxzevria" vaksinlərinin də gətirildiyi bildirilir.

Bayramda əlavə məhdudiyyət tətbiq olunmayacaq

"Ramazan bayramı günlərində (13-14 may) əlavə məhdudiyyət tətbiq olunmayacaq". Bunu da mayın 6-da Səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev deyib. Onun sözlərinə görə, yeganə məhdudiyyət ictimai nəqliyyatla bağlıdır.

Azərbaycanda koronavirus pandemiyasi ilə bağlı ötən ilin martından karantin rejimidir. Rejim bu müddət ərzində zaman-zaman yoluxma sayından asılı olaraq sərtləşdirilib və ya yumşaldılıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda ümumilikdə 323 min 841 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 min 617 nəfərin vəfat etdiyi bildirilir.

XS
SM
MD
LG