Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:23

Azərbaycanın dövlət borcu hökumətin açıqladığından xeyli çoxmuş


Borc yükü. Karikatura
Borc yükü. Karikatura

10 dəfə artan borc ödənişləri

Son illərdə Azərbaycanın dövlət büdcəsindən dövlət borcuyla bağlı ayrılan vəsaitin həcmində artım gözə çarpır. 2015-ci ildəki devalvasiyadan sonra milli valyutanın dəyər itirməsi bu prosesi daha da sürətləndirib. Misal üçün, 2010-cu ildə dövlət büdcəsinin dövlətin borc və öhdəliklərinə xidmətlə bağlı xərcləri cəmi 287 milyon manat olubsa, bu ilin dövlət büdcəsi haqqında qanunda 2.2 milyard manatın və ya bütün büdcə xərclərinin 8 faizinin həmin istiqamətdə sərfi nəzərdə tutulub. Deməli, 11 il ərzində dövlət borcuyla bağlı xərclərin həcmi 10 dəfəyə yaxın artıb və beləcə, sözügedən xərclər büdcə xərclərinin əsas istiqamətlərindən birinə çevrilib.

Maliyyə Nazirliyinin sonuncu rəsmi açıqlamasına görə, bu ilin əvvəlinə Azərbaycanın xarici dövlət borcu 8 milyard 821 milyon dollardır. Bu, ötənilki ÜDM-in 20.7 faizi deməkdir.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələrinə, maliyyələşmə proqramlarına cəlb edilmiş kreditlərdən, eləcə də dövlətin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlarından ibarətdir. Birbaşa xarici dövlət borcunun 82 faizi ABŞ dollarında, 8.3 faizi avroda, 4.6 faizi XBH-də (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları), 3.9 faizi yapon yenində, 1.3 faizi digər valyutalarda cəlb olunub.

Xarici borclarla birgə hökumətin daxildə də borcları var. Bu ilin əvvəlinə olan məlumata görə, hökumətin daxili dövlət borclarının həcmi 1 milyard 942 milyon manatdır, yəni, ÜDM-in 2.7 faizi qədər. Ötən il xarici dövlət borcları 2019-cu illə müqayisədə 130 milyon dollar azalsa da, həmin müddət ərzində daxili borcların həcmi yarım milyard manata yaxın artıb. Beləliklə, il ərzində dövlət borclarının toplam həcmində 300 milyon manata yaxın artım baş verib.

2014-2021-ci illərdə xarici dövlət borcunun və dövlət büdcəsindən dövlət borcu ilə bağlı ayrılan vəsaitin həcmi

İl

Xarici dövlət borcunun miqdarı (dollar)

Büdcədən dövlət borcu ilə bağlı ayrılan vəsait (manat)

2014

4 milyard 753 milyon

780 milyon

2015

6 milyard 478 milyon

704 milyon

2016

6 milyard 894 milyon

1 milyard 775 milyon

2017

6 milyard 913 milyon

1 milyard 642 milyon

2018

9 milyard 398 milyon

2 milyard 263 milyon

2019

8 milyard 927 milyon

2 milyard 335 milyon

2020

9 milyard 91 milyon

1 milyard 726 milyon

2021

8 milyard 821 milyon

2 milyard 199 milyon

Borcun hesablanmasına dair şübhələr

Azərbaycanda hökumət rəsmiləri tez-tez xarici dövlət borcunun dövlət büdcəsinə nisbətinin digər ölkələrə nəzərən aşağı olması ilə öyünür. Ancaq müstəqil ekspertlər bu fikrə birmənalı yanaşmır. Burada şübhə doğuran əsas məqam dövlət borcunun strukturu ilə bağlıdır. Belə ki, rəsmi statistikada dövlət zəmanəti ilə alınan borcların heç də hamısı dövlət borcu kimi qəbul edilmir. Halbuki, həmin borcların geri qaytarılmasına dövlət zəmanət verir. Hesablama Palatası da dövlət büdcəsi bağlı rəyində hökumətin diqqətinə çatdırmışdı ki, "dövlət zəmanəti ilə alınan borcların bir hissəsi Təminat Fondundan deyil, dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Bu isə gələcəkdə dövlət büdcəsi üçün ağır yükə çevrilə bilər".

Bugünlərdə "Moody's" reytinq agentliyinin Azərbaycanla bağlı məlumatından da aydın olur ki, ölkənin xarici borcu hökumətin açıqladığından daha çoxdur. Agentliyin hesablamasına görə, 2019-cu ildə Azərbaycanın xarici dövlət borcunun ÜDM-ə nisbəti 32.9 faiz olub. Halbuki, rəsmi məlumatda 2019-cu ildə xarici dövlət borcunun ÜDM-ə nisbətinin 18.9 faiz olduğu qeyd edilmişdi.

2019-cu ildə Azərbaycanın ÜDM-si 48.08 milyard dollar olub. Bu baxımdan, "Moody's" reytinq agentliyi xarici dövlət borcunu 15.8 milyard dollar məbləğində hesablayıb. Bu rəqəmsə hökumətin açıqladığı göstəricidən (9.1 milyard dollar) 6.7 milyard dollar və ya 75 faiz daha çoxdur. Agentliyin hesablamasına əsasən, ölkədə adambaşına düşən xarici dövlət borcu 1 min 585 dollar (təxminən 2 min 695 manat) olub.

XS
SM
MD
LG