Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:27

Nikol Paşinyan qalib gəlsə, gəlməsə…


Nikol Paşinyan seçki məntəqəsində , Yerevan, 9 dekabr 2018
Nikol Paşinyan seçki məntəqəsində , Yerevan, 9 dekabr 2018

Ermənistanda iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkiləri Azərbaycanın siyasi-ictimai sferasında da müzakirə mövzusudur. Müzakirələrdə əsas suallardan biri seçkilərin Azərbaycan-Ermənistan münasibətlərinə təsiridirsə, digəri də ümumiyyətlə, Bakının son vaxtlar xarici siyasətində Rusiya və Qərb arasında balansı qoruya bilib-bilməməsidir.

“Nikol Paşinyanın partiyası qalib gələrsə,…”

Siyasi şərhçi Şahin Cəfərli Ermənistan-Azərbaycan münasibətlərinin gələcəyinin seçkinin nəticələrindəna asılı olduğu qənaətindədir. Onun Azadlıq Radiosuna bildirməsinə görə, Nikol Paşinyanın partiyası qalib gələrsə, hazırkı müşahidə olunan proses davam edəcək:

“Konkretləşdirsək, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il razılaşmalarının daha rəvan və maneəsiz həyata keçiriləcəyini güman etmək olar. Ümumiyyətlə, Paşinyanın qələbəsi Azərbayca-Ertmənistan, Ermənistan-Türkiyə münasibətlərində irəliləyişlərin baş verməsinə səbəb ola bilər. Ən azından Paşinyan və onun partiyasının iradəsi bundan ibarətdir. Düzdür, seçki öncəsi Paşinyan müəyyən radikallıq göstərməyə, Qarabağ məsələsi ilə bağlı sərt bəyanatlar verməyə məcburdur.”

Şahin Cəfərli, arxiv foto
Şahin Cəfərli, arxiv foto

Bununla belə onun fikrincə N.Paşinyan qalib gələrsə, Azərbaycan-Ermənistan və Ermənistan-Türkiyə münasibətlərində tədricən inkişafın şahidi ola bilərik.
“Robert Köçəryan və ətrafında birləşən qüvvələr qalib gələrsə,...”

Amma o hesab edir ki, keçmiş Prezident Robert Köçəryan və ətrafında birləşən qüvvələr qalib gələrsə, onda yeni situasiya yaranacaq:

“ Doğrudur, bu halda da güman etmirəm ki, onlar üçtərəfli razılaşmaların əleyhinə çıxacaqlar. Amma razılaşmaların həyata keçməsində problemlər yarana bilər, ən azından Zəngəzur yolunun ( (Sünik vilayəti) açılmasında əngəl edə bilərlər. Eyni zamanda, Rusiyaya bağlı qüvvələrin qələbəsi Moskva-Yerevan münasibətlərində də daha sıx əməkdaşlıq və müttəfiqlik ruhunun önə çıxmasına səbəb olacaq. Paşinyan dövründə bu müttəfiqlik ruhu müəyyən qədər zədələndi və ya zəiflədi”.

“Moskvanın regionda mövqeləri möhkəmlənib”

Moskva
Moskva

Şahin Cəfərli bildirib ki, Rusiya sülhməramlı qüvvələrinin Qarabağda yerləşməsindən sonra Moskvanın regionda mövqeləri ən azından möhkəmlənib:

“ Bəli, Rusiya dövləti iqtisadi baxımdan zəifləyir, amma Rusiya sülhməramlıları bölgədədir. Eyni zamanda, Rusiya sülhməramlıların Qarabağda olması şimal dövlətin Azərbaycan üzərindəki təzyiq alətlərini də gücləndirir. Amma rəsmi Bakı Qərblə Rusiya arasındakı dəngələri qorumağa çalışır, ikinci ilə münasibətlərin soyumamasına cəhd edir. Rusiyanın təsirini əsasən Türkiyə amiliylə balanslaşdırmağa çalışır. Yəni regionda Qərbdən ön planda olan digər güc Türkiyədir.”

İlham Əliyev, 25 fevral 2021
İlham Əliyev, 25 fevral 2021

Politoloqun fikrincə, təsadüfü deyil, prezident İlham Əliyev ABŞ dövlət katibinin Ermənistanın Baş naziri N.Paşinyana telefon danışığından bir müddət sonra narazılığını ifadə etmişdi ki, ABŞ bölgədə tarazlığı pozur:

“ Yəni Ermənistan rəhbərliyinə telefon zəngi gəlib, bizə hələ də gəlməyib. Ondan sonra Blinken (ABŞ dövlət katibi) Əliyevə zəng etdi, ardınca təqib olunan müxalifətçilərin hüquqlarını müdafiə edən vəkillər Vəkillər Kollegiyasına bərpa olunması faktı göstərir ki, Azərbaycan rəhbərliyi Amerikanın müəyyən çağırışlarını nəzərə almaq və münasibətləri qorumaq istiqamətində bir iradəyə sahibdir. ”

“Ermənistanda seçkilər Azərbaycana hərbi məğlubiyyətin...”

Zahid Oruc,, 28 aprel 2011
Zahid Oruc,, 28 aprel 2011

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc-un sözlərinə görə isə Ermənistanda seçkilər Azərbaycana hərbi məğlubiyyətin ağır sosial-psixoloji və ideoloji şoku altında keçəcək:

“Obrazlı desək, Yerevanın siyasi taleyi Bakıda həll olunur. Yəni dövlətimizin hazırda ələ aldığı strateji tədbirlər, o cümlədən regionun gələcəyini təyin edən yeni hərbi-siyasi və geopolitik arxitektura quruculuğu faktiki olaraq, seçim imkanlarını itirmiş bir xalqın məğlubiyyətinə legitimlik qazandırması hadisəsi ola bilər.”


Onun fikrincə keçmiş prezident Levon Ter-Petrosyanın 2-ci və 3-cü prezidentlərə birləşmək təklifi N. Paşinyanın istənilən az bir səslə qələbəsinin nəticələrini dünyanın

“Ermənistan Azərbaycana təslimiyyəti hüquqi cəhətdən tanıdı” kimi şərh edəcəklərinə qarşı hazırlıq tədbiridir:

“Yeri gəlmişkən, dünya tarixində...”

“Yeri gəlmişkən, dünya tarixində müharibədə uduzmuş bir komandanın taxt-tacını qoruduğu nadir hadisələrdən birini iyun ayında Ermənistanda görə bilərik. Doğrudur, üçlü koalisiya reallaşmadı, lakin SSRİ dağılandan sonra onun mirası üzərində hakimiyyəti zəbt edənlərin yenidən qayıdış şansı əldə etməsi erməni xalqına yalnız bədbəxtlik gətirərdi”.

Petrosyan, Köçəryan və Sarkisyan
Petrosyan, Köçəryan və Sarkisyan

Deputat hesab edir ki, Ermənistan əhalisi 90-cı illərdə Razdan meydanında toplaşıb çiyinlərində Qarabağ Komitəsinin üzvlərini bir-bir iqtidara gətirməyin bədəlini ödəyib:

“İndi xalq soruşur ki, onlar nəyin uğrunda mübarizə aparıblar? Petrosyan, Koçaryan, Sarkisyan bir vaxtlar “Böyük Ermənistan”ın şəkli olsalar da indi milli ideallardan hədsiz varlanmış, əvvəlcə azərbaycanlıları sonra isə öz soydaşlarını talamış arxaik siyasətçilərdir. Əsl suqsvanq vəziyyətidir-millət gələcəyini görmür, dünəninə sahib durmaq istəmir, keçmişini gələcəyə daşımağa çiyin vermir.”

“Yenidən inqilab qatarını işə salıb...”

Onun fikrincə, belə şəraitdə Nikol Paşinyan daha da çevik manevrlərlə bütün günahları 2018-ci ilədək aparılan siyasətin üzərinə yıxmağa nail olsa, yenidən inqilab qatarını işə salıb sükan arxasına keçəcəkş.

Lavrov və Paşinyan, Yerevan, 6, may 2021
Lavrov və Paşinyan, Yerevan, 6, may 2021

Zahid Oruc hesab edir ki, seçkilərə geopolitik təsir də güclüdür:

“ABŞ prezidentinin “soyqırım bəyanatı” Qərbin seçkilərdə məlum ssenarisini-Moskvanı izolyasiya etmək planlarını xeyli gücləndirir. Lavrovun ( Rusiya Xariciİşlər naziri) bir neçə gün əvvəl Yerevana səfəri onun gətirdiyi məxfi qovluğun içərisində Brüssel və Vaşinqtonun gerçək strategiyasının nədən ibarət olduğunu hazırki rəsmi-qeyri-rəsmi qüvvələrə xatırlatmaqdır. Hər halda anti-kreml siyasəti tərəfdarlarının Makrondan və Baydendən güc alaraq regionda demokratiya adası olmaq iddiası əvvəlki cazibədarlığını itirib.”

Onun fikrincə, indi Azərbaycana müqavimət və Qarabağ platforması ətrafında böyük elektoral güc toplamaq mümkün deyil. Deputatın qənaətinə görə, uğur qazanacaq qüvvə üçün keçərli seçki proqramı Cənubi Qafqazda ənənəvi təfriqəçilik niyyətindən kənar bir xətti ortaya qoymaqdır:

“Səngərdə məğlub olanların qutudan çıxması...”

“Bir çoxları üçün ağılasığmaz görünsə də Azərbaycanla əməkdaşlıq xəttini seçənlər bağlı kabinetlərdə seçim edən vətəndaşların səsini ala bilər.”

O hesab edir ki, səngərdə məğlub olanların qutudan çıxması Ermənistanda sürünən böhran vəziyyətinin davam etməsi demək olar:

“Bizə regionun açılmasına xidmət edən, diplomatik və insani tanımaya hazır olan qüvvə gərəkdir”.

Bakıda Zəfər Paradı
Gözlə
Embed

No media source currently available

0:00 0:01:55 0:00

Deputat bildirib ki, vətən müharibəsində ( İkinci Qarabağ müharibəsi) qələbədən sonra ölkənin xarici siyasət kursunda dəyişikliklər artıq başlayıb. Onun fikrincə, regionda yeni formatlarda birliklərin yaradılması əvvəlkitək balans siyasətinə deyil, mərkəzində Azərbaycanın yer aldığı yeni geopolitik, geoiqtisadi ittifaqları meydana çıxarmaqdadır:

“ Yəqin, müəyyən qısa vaxt çərçivəsində hərbi doktrina və təhlükəsizlik konsepsiyasının da yeni reallığa uyğunlaşdırılması, onun yeni xarici siyasət hədəfləri ilə uzlaşdırılmasına ehtiyac olacaq. Ölkəmizdən “ya-ya” seçimi tələb edənlərə əgər 20 faizlik işğal gerçəkliyi bizi qlobal hegemoniyaya cana atanların forpostuna çevirmədisə, indiki güclü durumda rəsmi Bakıdan Qərbin və ya Rusiyanın xeyrinə məcburi addımı gözləmək əbəsdir.”

“C. Bayden dönəmi...”

C. Bayden 3 may 2021
C. Bayden 3 may 2021

Deputat hesab edir ki, C. Bayden dönəmi Amerikanın Qafqazlarda itirdiyi mövqelərin bərpası üçün müəyyən planlara yol açacaq:

“ Rusiya isə regiona hər zaman təhülkəsizilik zolağı kimi baxması siyasətinə müəyyən korrektələr etdikdə fərqli perspektiv meydana çıxa bilər. Əgər Moskva sovetlərin süqutunun mirasını aradan qaldırmaq yolunu tutsa, Qarabağdan sonra Osetiya və Abxaziya məsələsində də müdriklik nümayiş etdirsə, vahid Qafqaz evi siyasəti məhz İran, Rusiya və Türkiyənin birliyi altında formalaşacaq. O zaman Ermənistan, Gürcüstan və Azərbaycanın xarici siyasətləri arasındakı indiki diametral ziddiyətlər aradan qalxacaq”.

Deputının fikrincə, əgər Tbilisi NATO-ya üzvlük xəttini dayandırmasa,Yerevanda antirusiya hakimiyyəti qalsa, o zaman rəsmi Bakının bu geosiyasi həlqədən kənar, bütün bölgə xalqlarının mənafeyinə xidmət edən, ümumi iqtisadi əlqaqələrə yol açan siyasəti Prezident İlham Əliyevin regional lider kimi resurslarını gücləndirəcək:

“Sərhədlərimizdən kənar xarakter alacaq, erməniləri və gürcüləri öz iqtidarlarına təzyiqə vadar edəcəkdir. Beləliklə görürük ki, Azərbaycan dövləti öz hərbi qələbəsini xarici siyasətinin ən böyük dayağına, resursuna çevirməkdədir.”

Xatırlatma

2020-ci ildə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu il yanvarın 11-də də Moskvada növbəti üçtərəfli bəyanat imzalanıb. Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayonu və daha bir çox kəndi işğal edilmişdi.

XS
SM
MD
LG