Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:10

Avropada qadağalar yüngülləşdirilir


Barselona, 9 may, 2021-ci il
Barselona, 9 may, 2021-ci il

Almaniyada COVID-19-a qarşı tam peyvənd olunmuş 7 milyondan çox insan bir çox qadağalardan azaddır

İngiltərədə uğurlu vaksinasiya kampaniyası koronavirusa yoluxmaları və ölü sayını azaldır. Hökumət mayın 9-da bildirib ki, COVID-19 məhdudiyyətləri bir az da yüngülləşdiriləcək.

Bu gün – mayın 10-da Baş nazir Boris Conson detalları açıqlamalıdır. Mayın 17-dən qapalı məkanlarda qonaq qəbul etməyə, digər fəaliyyətə icazə veriləcəyi gözlənir.

Bir neçə aydır ölkə lokdaun qadağalarını tədricən qaldırır. Fevralda dörd mərhələdən ibarət plan açıqlanmışdı.

Yol xəritəsi

Hökumət bəyanatında yol xəritəsinin plan üzrə getdiyini bildirir: “Hazırda Britaniyada böyüklərin üçdə ikisindən çoxuna vaksinin birinci dozası vurulub, ehtiyatla, amma geri dönməyəcək şəkildə acılıma getməyi nəzərdən keçirə bilərik”.

Şotlandiya, Uels, Şimali İrlandiya COVID qadağalarını öz yol xəritələrinə uyğun yüngülləşdirirlər.

Avropanın digər yerlərində də yoluxmalar, xəstəxanaya yerləşdirilənlər, ölü sayı azalır. Üçüncü dalğa bir çox ölkələri aylarla qadağa tətbiqinə məcbur etmişdi.

Mayın 9-da İspaniyada altı ay çəkmiş fövqəladə vəziyyət, o cümlədən gecə komendant saatı, regionlar arası səyahətə məhdudiyyətlər ləğv olunub. İnsanlar küçələrə çıxaraq bunu bayram ediblər. Rəsmilərsə bildiriblər ki, fövqəladə vəziyyətin qaldırılması heç də ehtiyatı əldən vermək demək deyil.

Almaniyada COVID-19-a qarşı tam peyvənd olunmuş 7 milyondan çox insan bir çox qadağalardan azaddır.

Bəzi ştatlar vaksinləri geri qaytarır

Birləşmiş Ştatlarda da yoluxma və ölü sayı azalır. Böyüklərin 56 faizinə vaksinin azı bir dozasının vurulduğu bildirilir.

Ancaq bir sıra ştatların federal hökumətin ayırdığı COVID-19 vaksinlərini geri qaytardığı bildirilir. Çünki həm tələbat azalır, həm də vaksin vurdurmağa tərəddüd edənlər var.

Ağ evin COVID-19 üzrə koordinatoru Cef Zients mayın 9-da deyib ki, indi rəsmilərin əsas hədəfi daha çox amerikalının vaksin vurdurmasıdır.

Birləşmiş Ştatlar pandemiyanı “küncə sıxışdırdığı” bir vaxtda əsas məsələ vaksinlərə inam yaratmaq, yetərli sayda amerikalının vaksin vurdurmasına nal olmaqdır, Zienst CNN-ə deyib.

ABŞ-da COVID-19-dan 518 mindən çox insanın həyatını itirdiyi bildirilir. Vaşinqton Universitetinin ötən həftə açıqladığı araşdırmaya görə isə bu rəqəm 900 mindən çoxdur.

Hökumətin pandemiya üzrə əsas müşaviri Entoni Fauçi mayın 9-da deyib ki, ölü sayının az hesablanmasına “şübhə etmir”.

Vaşinqton Universiteti dünyada koronavirusdan 6.9 milyonadək insanın həyatını dəyişdiyini hesablayıb.

XS
SM
MD
LG