Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:12

'Azərbaycan Ermənistanda revanşist qüvvələrin hakimiyyətə qayıtmasında maraqlı olmamalıdır'


N.Paşinyan və R.Koçaryan
N.Paşinyan və R.Koçaryan

"Azərbaycanın Ermənistanla həmsərhəd və işğalda olan rayonlarının azad olunmasından sonra orada demarkasiya (müəyyən əraziləri (əsasən, mübahisəli) xüsusi işarələrlə ayırma) aparılır. Bu iş sovet dövründən qalmış xəritələr əsasında edilir və Ermənistan buna etiraz etmir, çünki yeganə etibarlı mənbə məhz sovet xəritələridir". Bunu AzadlıqRadiosuna politoloq Şahin Cəfərli deyib.

Onun fikrincə, təbiidir ki, bu prosesdə fikir müxtəlifliyi var, dünyanın digər regionlarında da həmin çətinliklər olur: "Yaxınlarda Tacikistan ilə Qırğızıstan arasında sərhəddə hərbi toqquşmada 50-ə yaxın adam öldü. Halbuki, onlar dost ölkələrdir və, üstəlik, müttəfiqdirlər, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvdürlər".

Ş.Cəfərli
Ş.Cəfərli

Ş.Cəfərli deyir ki, Azərbaycanla Ermənistan arasında müharibə bitsə də, sülh müqaviləsi yoxdur: "Dövlət sərhədlərinin müəyyənləşməsində belə mübahisələrin olmasına təbii baxmaq lazımdır. Məsələnin digər tərəfi Ermənistanda seçkilər, Rusiyanın buna birbaşa təsiridir. Ermənistan müxalifəti bu mövzunun, təhlükəsizlik tematikasının seçkiqabağı zamanda bir saylı mövzu kimi gündəmdə qalmasına maraqlıdır. Ona görə ki, bu istiqamət Nikol Paşinyan hökumətinin ən zəif sahəsidir. Aydındır ki, müharibədəki məğlubiyyətə görə birbaşa Paşınyan hakimiyyəti cavabdehdir".

Politoloqun vurğulamasına görə, indi müxalifət ittihamlarını onda qurur ki, N.Paşinyan nəinki Qarabağı, hətta Ermənistanı müdafiə etməkdə acizdir: "Belə tezis üzərində təbliğatlarını qurublar. Məlumdur ki, Paşinyana əsas alternativ qismində keçmiş prezident Robert Koçaryanın blokudur. Orada daşnaklar və "Dirçələn Ermənistan" partiyasıdır. Onu Sünik (Zəngəzur) qubernatoru yaradıb. Onlar təhlükəsizlik problemin gündəmdə qalmasında maraqlıdırlar ki, Paşinyanı zəiflətsinlər".

Koçaryanla daşnaqların birləşməsi nə vəd edir?
Gözlə

No media source currently available

0:00 0:04:51 0:00

"Azərbaycan rəhbərliyi bir qədər ehtiyatlı olmalıdır"

Politoloq hesab edir ki, bu məsələnin belə şişməsində məhz Ermənistanda daxili siyasi mübarizənin təsiri böyükdür: "Təbiidir ki, Paşinyan xalqa nümayiş etməlidir ki, o, əlindən gələni edir. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciəti buna görədir. Mənim fikrimcə, Azərbaycan rəhbərliyi bir qədər ehtiyatlı olmalıdır".

Ş.Cəfərlinin sözlərinə görə, Azərbaycan Ermənistanda revanşist qüvvələrin hakimiyyətə qayıtmasında maraqlı olmamalıdır. Onun fikrincə, hazırda Ermənistanda siyasi qüvvələrin içində N.Paşinyanın partiyası Azərbaycana daha uyğundur. Amma o, istisna etmir ki, Azərbaycan rəhbərliyində ayrı mülahizələr ola bilər.

Politoloqa görə, Azərbaycan N.Paşınyanı zəiflədəcək addımları, ən azı, Ermənistanda seçkilərə qədər (20 iyun) atmamalıdır: "O ki qaldı Fransanın münasibətinə, Ermənistana bu dəstək yalnız ritorika səviyyəsindədir. Ötən müharibə (2020) zamanı biz Fransadan ermənilərə maddi və hərbi dəstəyini görmədik. Amma Fransa Minsk qrupunun həmsədri olaraq Emmanuel Makronun dünənki bəyanatı Fransanın bitərəfliyinə ziddir. Azərbaycan Fransadan obyektivliyi tələb etməlidir".

Fransa prezidenti Facebook-da yaydığı bəyanatda Azərbaycandan əsgərlərini Ermənistanla sərhəd ərazilərdən çıxarmağa çağırıb. "Azərbaycanın silahlı qüvvələri Ermənistan ərazisini işğal edib. Onlar dərhal geri çəkilməlidirlər", – Makron yazıb.

Azərbaycanda bu bəyanatın erməni dilində yazilmasi ilə bağlı da tənqidlər var. Bəzi ekspertlər düşünür ki, Fransa prezidenti təmsil etdiyi ölkənin tərəfsizliyinə xələl gətirir.

R.Musabəyov
R.Musabəyov

'Yeni müharibə olmayacaq...'

"Yeni müharibə olmayacaq. Ona görə ki, Ermənistan Azərbaycanla müharibə etmək imkanında deyil. Amma xırda toqquşmalar ola bilər".

Azərbaycan və Ermənistan sərhədində son günlər baş verən gərginliyi politoloq, deputat Rasim Musabəyov "Turan"a belə dəyərləndirib.

Deputat vurğulayıb ki, Ermənistan Azərbaycanın Qazax rayonunda 7 kəndi və Dağlıq Qarabağda xeyli ərazini zəbt edib: "Qoy Yerevan və havadarları bunun cavabını versinlər. Ermənistan qoşunlarını bizim ərazimizdən çıxartmadan Azərbaycanın hərəkətlərini pisləməməlidir",- Musabəyov deyir.

O ki qaldı, sərhəddə baş verənlərə, R.Musabəyov hesab edir ki, Azərbaycan 10 noyabrda imzalanan üçtərəfli saziş çərçivəsində hərəkət edir: "Bu olayların arxasında siyasət axtarmaq əbəsdir, sadəcə, bizim əsgərlər sazişə uyğun olaraq sərhədimizi müəyyənləşdirir və bərkidirlər, bu zaman GPS-dən istifadə edilir".

Onun fikrincə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımadan onu işğalda günahlandıra bilməz.

"Azərbaycanın ərazisində silahlı qüvvələrini saxlayaraq Ermənistan Azərbaycana ərazi barədə irad bildirməməlidir", - deputat əlavə edib.

T.Zülfüqarov
T.Zülfüqarov

Tofiq Zülfüqarov: "SSRİ xəritələri var"

"Azərbaycan Ermənistanın ərazisini işğal etməyib. Bizdən narazı olanlar SSRİ zamanında olan Kartoqrafiya və Geodeziya Komitəsinin sənədlərini, peyklə əlaqəli texniki vasitələri rəhbər tutaraq ərazidə ölçülər etdikdən sonra danışsınlar".

Bunu "Turan"a keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

O əlavə edib ki, SSRİ (1991-ci ildə süqut edən Sovet Sosialist Respublikalar İttifaqı) xəritələri tərəflərin ikisində də var, aydınlıq gətirməkdə problem olmamalıdır.

Keçmiş nazir sərhədlə bağlı gərginliyə görə yeni müharibənin başlamasının mümkünlüyünü Ermənistanın hərəkətlərinə bağlayır: "Onlar birdən-birə ərazi bütövlüyündən danışırlar. Texniki məsələləri siyasətləşdirirlər. Əvvəlcədən bizim Qarabağdakı, ermənilər yaşayan ərazimiz barədə çıxışlarını dayandırsınlar".

Baş nazir Nikol Paşınyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (ODKB) müraciət etməsinə gəlincə, T.Zülfüqarov hesab edir ki, Ermənistanın dünyada harayına heç kim fikir verməyəcək, onları müdafiə edən tapılmayacaq: "Azərbaycan ərazisində qoşun saxlayan Ermənistan bizdən əsgərlərimizin çıxarılmasını tələb edə bilməz".

Ermənistanla sərhəddə baş verənlər - erməni tərəfinin çəkdiyi kadrlar
Gözlə

No media source currently available

0:00 0:02:37 0:00

Xatırlatma

Mayın 12-də Azərbaycan qüvvələrinin Ermənistanın Sünik vilayətinə bir neçə kilometr irəlilədiyi bildirilir. Ermənistan tərəfinin bildirdiyinə görə, Azərbaycanın silahlı qüvvələri sərhədi keçərək bir neçə kilometr məsafədə onların ərazisinə daxil olub. Bu ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (ODKB) daimi və səlahiyyətli nümayəndəsi Viktor Biyaqovun quruma Ermənistan-Azərbaycan sərhədində insident barədə məlumat verdiyi açıqlanıb. ODKB-a Ermənistandan başqa, Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstan daxildir.

Ancaq Azərbaycan tərəfi baş verənləri sərhədlərin dəqiqləşdirilməsi ilə izah edir, hərbçilərinin Ermənistan ərazisinə girmədiyini vurğulayır.

Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, Sovet İttifaqı dağılandan sonra bu iki ölkənin sərhədi demarkasiya olunmayıb və indi hərbçilər qış aylarında əlçatmaz mövqelərə keçirlər. Nazirlik qeyd edib ki, bu proseslə bağlı Ermənistan tərəfinin qeyri-adekvat reaksiya verərək təxribat xarakterli bəyanatlarla çıxış etməsi təəccüb doğurur.

Ötən il 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğalından azad edib. Ancaq qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG