Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 16:19

Rusiyada AzadlıqRadiosunun hesabları dondurulub


AzadlıqRadiosunun Moskva bürosu
AzadlıqRadiosunun Moskva bürosu

AzadlıqRadiosunun Moskva bürosuna məhkəmə icraçılarının gəlişindən sonra ABŞ media qurumunun Rusiyadakı bank hesabları dondurulub.

Federal Məhkəmə İcraçıları Xidməti mayın 14-də AzadlıqRadiosuna qarşı ziddiyyətli “xarici agent” qanunu əsasında qoyulmuş cərimənin alınması üçün hərəkətə keçib.

İcraçılar xidmətinin AzadlıqRadiosuna göndərdiyi məhkəmə qərarında təşkilatın bank hesablarının axtarılmasına və dondurulmasına göstəriş verilib.

AzadlıqRadiosunun Moskvadakı bank hesabları oradan 5 milyon rubl (68 min dollar) cərimənin tutulması məqsədilə dondurulub.

Bu da bildirilir ki, cərimənin ödənilməsi üçün verilən 2 ay müddət başa çatıb.

AzadlıqRadiosu “xarici agent” statusunu rədd edir

Bundan əvvəl mayın 14-də icraçılar AzadlıqRadiosunun bürosuna gəlmiş və iki saat müddətində inventarizasiya aparmışdılar. Onlar büronun redaksiya işinə müdaxilə etməyiblər.

Rusiyada mediaya nəzarət edən dövlət qurumu Roskomnadzor ilin əvvəlindən bəri AzadlıqRadiosunun 8 layihəsi tərəfindən qanunun pozulmasına dair 520 protokol tərtib edib.

Rusiyada yeni ziddiyyətli qanuna müvafiq olaraq Ədliyyə Nazirliyi AzadlıqRadiosunu “xarici agent” statusuna salıb.

AzadlıqRadiosu “xarici agent” statusunu və reportajlarında bunun mütləq bildirilməsinə dair Roskomnadzorun tələbini rədd edir.

Radio hazırda sözü gedən protokollara dair 250 apellyasiya şikayəti hazırlanması prosesindədir.

Rusiyada AzadlıqRadiosuna qoyulan cərimənin toplam məbləği 70 milyon rubldur (950 min dollar).

“Həmvətənlərin yalan içində yaşamaması üçün”

AzadlıqRadiosu Rusiyanın cərimələrinin bloklanması üçün Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.

Müraciətdə deyilir ki, sözü gedən cərimələrin əsas məqsədi müstəqil medianın sıxışdırılmasıdır.

Mayın 13-də keçirilən brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ rəsmilərinin Moskvanın “jurnalistlərin hüquqlarını pozduğuna” dair ittihamlarını rədd edib.

O deyib ki, bu bəyanatlar “AzadlıqRadiosunun ABŞ hökumətinin təbliğat ruporu kimi əsl rolunu sübut edir”.

Lakin AzadlıqRadiosunun prezidenti Ceymi Flay Zaxarovanın bəyanatını rədd edib və deyib ki, “biz Kremlin onun üçün xoşagəlməz həqiqətlərə senzura qoymaq cəhdlərinə qarşı mübarizə aparacağıq”.

Cənab Flay habelə AzadlıqRadiosunun rusiyalı jurnalistlərindən birinin dediklərini də yada salıb:

"AzadlıqRadiosunun Rusiyadakı jurnalistləri amerikalı yox, Rusiyanın vətənpərvər vətəndaşlarıdır. Elə həmin jurnalistlərdən biri demişkən, onlar həmvətənlərinin yalana alışmaması və yalan içində yaşamaması üçün onları müstəqil xəbər və informasiyalarla təchiz edirlər. Bizi susdura bilməyəcəklər, biz Rusiya auditoriyasını tək qoymayacağıq”.

Məhkəmə 140 protokolu geri qaytarıb

Bu arada mayın 13-də Rusiyanın TASS dövlət xəbər agentliyi bildirib ki, Moskva məhkəməsi AzadlıqRadiosuna qarşı 140 protokulu təkrar aşağı instansiya məhkəməsinə qaytarıb.

Rusiyanın “xarici agent” adlandırılan qanunu 2012-ci idlən bəri dəfələrlə dəyişdirilib.

Qanun xaricdən vəsait alan və hakimiyyətin nəzərində siyasətlə məşğul olan QHT-lərdən “xarici agent” kimi qeydiyyatdan keçmələrini tələb edir.

Bu qanun sonradan xaricdən maliyyələşən media qurumlarına da şamil edilib.

Rusiya hökuməti 2017-ci ildə AzadlıqRadiosunun Rus xidmətini, onun daha 6 rusdilli redaksiyasını və CurrentTime televiziyasını xarici agent siyahısına daxil edib.

AzadlıqRadiosu Roskomnadzorun cərimələrini “dövlət tərəfindən həyata keçirilən zor və təhdid kampaniyası” adlandırıb. ABŞ Dövlət Departamenti isə belə hərəkətin yolverilməz olduğunu bəyan edib.

Human Rights Watch insan haqları təşkilatı Rusiyanın “xarici agent” qanununun “məhdudlaşdırıcı” səciyyə daşıdığını və “media qruplarının qaralanması” niyyətini güddüyünü deyib.

AzadlıqRadiosu ABŞ Qlobal Media Agentliyi vasitəsilə ABŞ Konqresinin qrantı ilə maliyyələşdirilən müstəqil media şirkətidir.

Rusiyada hər həftə 7 milyonadək insan AzadlıqRadiosiunun xəbər portallarına baş çəkir.

XS
SM
MD
LG