Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:35

Rubinyan: ‘Kəndlərin qaytarılması barədə heç şifahi razılaşma da olmayıb’


“Mənim Addımım” fraksiyasının deputatı Ruben Rubinyan
“Mənim Addımım” fraksiyasının deputatı Ruben Rubinyan

Kəndlərin qaytarılmasına və dəyişdirilməsinə heç şifahi razılaşma da yoxdur.

Bunu mayın 21-də Ermənistan Milli Məclisində keçirilən brifinqdə hakim “Mənim Addımım” fraksiyasının deputatı Ruben Rubinyan AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun sualına cavab verərkən deyib.

Azatutyun yazır ki, mayın 20-də Azərbaycan və Ermənistan arasında sərhədin Rusiyanın iştirakı ilə delimitasiya və demarkasiyası üçün komissiyanın yaradılmasna dair razılaşma sənədinin layihəsi məlum olub.

Ermənistan müxalifəti və bir sıra ekspertlər narahatdırlar ki, bu delimitasiya nəticəsində Ermənistanın Tavuş və Ararat vilayətlərinin bəzi kəndləri Azərbaycana düşə bilər.

Mayın 20-də baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan belə bir layihənin mövcudluğunu təsdiq etsə də, demişdi ki, haqqında danışılan sənəddə söhbət delimitasiya və demarkasiya prosesinin yalnız başlanmasından gedir.

O israr etmişdi ki, burada hansısa ərazilərin güzəştə gedilməsi nəzərdə tutulmayıb.

Azərbaycan hərbçiləri Ermənsitandan çıxsa...

Deputat Rubinyan elə bu mövqeyi inkişaf etdirib:

“Kəndlərin qaytarılması və ya dəyişdirilməsi, torpaq verilməsinə dair o cümlədən şifahi şəkildə də heç bir razılaşma yoxdur. Bunu mən sizə birbaşa deyirəm. Bu məsələ müzakirə mövzusu olmayıb”.

Deputat Rusiyanın üztərəfli sərhəd komissiyasının yaradılmasına dair təklif verdiyini təsdiqləyib, lakin bildirib ki, Ermənistan buna yalnız onun tələbləri icra olunarsa razılıq verəcək.

“Rusiya Federasiyası tərəfindən delimitasiya və demarkasiya üzrə üçtərəfli komissiyanın təşkilinə dair təklif olub. Söhbət delimitasiya və demarkasiyanın indi və ya sabah və ya bir ay sonra keçirilməsindən yox, komissiya yaradılmasından gedir. Biz də buna cavab olaraq dəqiq mövqeyimizi ifadə etmişik: əgər Azərbaycan silahlı qüvvələri Ermənistan Respublikasının suveren ərazisindən çıxsa və çıxış mövqelərinə qayıtsa...”

Qarabağa aidiyyəti yoxdur

Rubinyan vurğulayıb ki, söhbət yalnız Azərbaycan-Ermənistan sərhədindən gedir və bunun Dağlıq Qarabağın “sərhədlərinə və statusuna” heç bir aidiyyəti yoxdur:

“Əgər erməni tərəfinin şərtlərinin qəbul olunduğu təqdirdə belə bir komissiyanın yaradılması haqqında sənəd imzalanarsa, söhbət Ermənistan Respublikası ilə Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyasından gedəcək. Azərbaycanla Artsaxın (Qarabağın - red) sərhədinin delimitasiya və demarkasiyasına və ya Artsaxın (Qarabağ - red) bu komissiyanın heç bir qarışacağı olmayacaq”.

Rubinyan bildirib ki, Azərbaycan hərbçiləri Ermənistan ərazisindən hələ də çıxmayıblar və bu qeyri-məqbuldur.

Ruben Rubinyan Ermənistan xarici işlər naziri Ara Ayvazyanın istefasının gözləndildiyinə dair media və sosial şəbəkələrdə dolaşan xəbərləri də təkzib edib.

Laçının Ermənistanla sərhəd kəndlərində erməni sakinlər köçə məcbur olduqlarını deyirlər
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

Xatırlatma

Ermənistanın rəsmi qurumlarının bildirdiyinə görə, mayın 12-də Azərbaycanın silahlı qüvvələri sərhədi keçərək bir neçə kilometr məsafədə onların ərazisinə daxil olub.

Ancaq Azərbaycan tərəfi baş verənləri sərhədlərin dəqiqləşdirilməsi ilə izah edir, hərbçilərinin Ermənistan ərazisinə girmədiyini vurğulayır.

Ötən il 44 günlük müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Qarabağın bir hissəsini və ətraf yeddi rayonu işğaldan azad edib.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Ekspert xəbərdarlığı: Gədəbəy və Qazaxla sərhədə görə Ermənistanla mübahisə qızışa bilər
Gözlə

No media source currently available

0:00 0:05:00 0:00

Bu il yanvarın 11-də də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalayıblar.

Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

Hər iki ölkə müstəqil olandan (1991) sonra onların arasında sərhədlər dəqiqləşdirilməyib.

XS
SM
MD
LG