Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:53

Litva Belarusun iki diplomatını ölkədən çıxarır


Vilnüsdəki Belarus səfirliyi
Vilnüsdəki Belarus səfirliyi

Avropa Birliyi Belarusa mümkün iqtisadi sanksiyaları müzakirə edir

Litva Belarusun iki diplomatının “diplomatik statuslarına uyğun gəlməyən” fəaliyyətlə məşğul olduqlarını deyərək ölkədən çıxarır. Bir neçə gün öncə Vülnüsə uçan təyyarənin Minskdə zorla endirilməsi, təyyarədəki dissident jurnalistin saxlanması qalmaqala səbəb olub.

Vilnüsdəki Belarus səfirliyinin iki diplomatına ölkəni tərk etmək üçün yeddi gün vaxt verilib. Bu haqda Xarici İşlər Nazirliyi mayın 28-də bəyanat yayıb.

Latviya ilə həmrəylik

Xarici işlər naziri Qabrielius Landsberqis deyib ki, bu qərar həm də Latviyayla “həmrəyliyin ifadəsidir”. Latviyanın Belarusdakı səfirliyinin bütün əməkdaşları ölkədən çıxarılıb.

Buna həftənin əvvəlində Latviya hakimiyyətinin Riqada xokkey üzrə dünya çempionatında Belarusun bayrağını müxalifətin bayrağıyla əvəzləməsi səbəb olub.

Mayın 23-də “Ryanair” təyyarəsi zorla Minskə endirilib, jurnalist və müxalifət fəalı Raman Prataseviç və onunla birlikdə səyahət edən sevgilisi Sofiya Sapeqa saxlanıblar.

Avropa Birliyi bu insidentlə bağlı Belarusa mümkün iqtisadi sanksiyaları müzakirə edir.

Avtoritar lider Alyaksandr Lukaşenka ötən avqustda keçirilən seçkinin qalibi elan olunandan sonra kütləvi etiraz aksiyaları zorakılıqla yatırılıb. Qərb bu zorakılığa görə ona və müttəfiqlərinə sanksiyalar tətbiq edib.

Litvanın Xarici İşlər Nazirliyi bəyanatında Belarusda “vətəndaş cəmiyyətinə və müstəqil mediaya davam edən repressiya”ya etiraz edib.

Nazirlik Prataseviç və Sapeqanın, eləcə də “digər siyasi məhbuslar və qanunsuz saxlanmış şəxslər”in dərhal buraxılmasını tələb edib.

XS
SM
MD
LG