Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:28

İcra başçısının bacısı oğlu: 'Özümdə deyildim, nəyə imza atdığımı bilməmişəm'


Abşeron rayon İcra Hakimiyyəti
Abşeron rayon İcra Hakimiyyəti

Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri olmuş Akif Əliyev də daxil olmaqla, icra hakimiyyətinin və bu qurumun tabeliyindəki qurumların vəzifəli şəxslərindən ibarət 7 nəfər Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Onlar rüşvət alma, rüşvət verməyə təhrik və başqa vəzifə cinayətlərində suçlanır. Təqsirləndirilən şəxslər sırasında Abşeron rayonunun icra başçısı İradə Gülməmmədovanın bacısı oğlu da var.

İttihamda deyilənləri "yalan" adlandırır

Cinayət işinin materiallarında iddia olunur ki, Abşeron rayonu ərazisində tikinti-inşaat işlərinə icazə verilməsi, qanunsuz tikililərin sökülməməsi və başqa məqsədlərlə vətəndaşlardan rüşvət alınıb.

Bu cinayət işində həm də rayonun baş memarı olmuş Akif Əliyev dəstənin başçısı kimi təqdim olunub. İddia edilir ki, vətəndaşlardan alınan vəsaitlərin bir hissəsi son nəticədə gəlib ona çatıb. Əliyev isə ittihamı rədd edir, özünü təqsirli bilmir. Deyir ki, ittihamda onunla bağlı yazılanlar yalandır.

Digər təqsirləndirilən şəxslər də məhkəmədə bildiriblər ki, nəzarətlərində olan ərazilərdə qanunsuz tikintilərin sökülməməsindən ötrü vətəndaşlardan pul alınması haqda ittihamda yazılanları qəbul etmirlər.

"Özümdə deyildim"

İcra başçısının bacısı oğlu Babək Zalıyev iyulun 2-də məhkəmədə dindirilərkən deyib ki, ittihamda yazılanların ona aidiyyəti yoxdur.

Onun istintaqdakı ifadəsi məhkəmədə dediklərindən fərqlənir. Zalıyev bu ziddiyyəti belə izah edib: "İstintaq dövründə atam rəhmətə getmişdi, vəziyyətim çox pis idi. Demək olar ki, özümdə deyildim. Belə bir vəziyyətdə ifadə vermişəm. Ona görə də nəyə imza atdığımı xatırlamıram".

Kimsəyə qarşı dələduzluq, heç kimi rüşvət verməyə təhrik etmədiyini deyən Zalıyev Məhəmmədi bələdiyyəsinin sədri ilə əlaqələri haqda da yazılanları da təkzib edib. Onun sözlərinə görə, icra hakimiyyətində onun üzərinə düşən iş vətəndaş şikayətlərini araşdırmaqdan ibarət olub: "Mənim axı tikintiyə icazə vermək səlahiyyətim olmayıb ki, kimdənsə bu məqsədlə də pul alım...".

2011-2020-ci illərdə xalasının rəhbərlik etdiyi icra hakimiyyətində sosial şöbədə aparıcı məsləhətçi vəzifəsində çalışmış Zalıyev əlavə edib ki, son vaxtlar atasının sağlıq durumuyla əlaqədar işə gedə bilmirdi.

Bu iş üzrə məhkəmə araşdırmaları davam edir.

Xatırlatma

2020-ci ilin iyununda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Abşeron rayon İcra Hakimiyyətində əməliyyat keçirib və bir sıra şəxslər həbs olunub.

Təqsirləndirilən şəxslərə qarşı CM-in 311 (rüşvət alma), 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə), 178 (dələduzluq) və digər maddələri ilə ittihamlar irəli sürülüb. Onların ittiham olunduğu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

İstintaq dövründə təqsirləndirilənlərdən ikisi - Zalıyev və Güzdək bələdiyyəsinin sədr müavini olmuş Tural Ağaməmmədov həbsdə olmayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclasında onların hər ikisinin barəsində qətimkan tədbiri dəyişib və məhkəmə zalında həbs olunublar.

XS
SM
MD
LG