Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:44

ABŞ dörd iranlını jurnalisti oğurlamaq cəhdində ittiham edir


ABŞ Ədliyyə Nazirliyi
ABŞ Ədliyyə Nazirliyi

Nyu York şəhərində dörd İran vətəndaşı ABŞ-da yaşayan jurnalisti qaçırmağı planlaşdırmaqda ittiham edilib.

Rəsmi Tehran İran hökumətinin insan haqlarını pozmasını tənqid edən bir jurnalistin qaçırılması planı barədə ittihamları əsassız adlandırıb.

Şübhəlilər İran kəşfiyyatının zabiti və digər üç nəfər isə iddia edildiyinə görə “İran kəşfiyyat şəbəkəsinin” üzvləridir.

İttiham tərəfi onların jurnalisti oğurlamaq əməliyyatının İran hökuməti tərəfindən dəstəkləndiyini iddia edib.

ABŞ Ədliyyə Nazirliyi jurnalistin kimliyini yalnız onun Bruklində yaşayan ABŞ vətəndaşı, insan haqları fəalı olması ilə açıqlayıb.

Lakin Bruklində yaşayan fəal və yazar Məsih Əlinejad bildirib ki, ABŞ hakimiyyət orqanları onun hədəflənənlər arasında olduğunu bildirib və deyib ki, o ABŞ sakinidir.

Alinejad ABŞ hökuməti tərəfindən maliyyələşdirilən “Amerikanın səsi” radiosunun Fars xidmətində ştatdankənar müxbir kimi çalışıb və İranda insan haqlarının vəziyyəti ilə bağlı reportajlar verib.

Alinejad Twitter-də yazıb:

"Mən İslam Respublikası Kəşfiyyat Nazirliyinin mənim oğurlanmam üçün planının qarşısını aldığına görə FTB-yə minnətdaram. Bu plan Ruhaninin hökuməti tərəfindən idarə olunub”.

“Amerikanın səsi” üçün hazırladığı ayrıca video bəyanatında Alinejad onu və ailəsini mühafizə etdiyinə görə ABŞ hakimiyyətinə minnətdarlığını bildirib.

Ədliyyə Nazirliyi Reuters agentliyinin Alinejadın belə bir planın hədəfi olub-olmadığına dair sualına şərh verməkdən imtina edib.

Nyu York Cənub Sahəsinin prokuroru Odri Ştraus deyib:

"İddia olunduğuna görə dörd müttəhim rejim avtokratiyasını tənqid edən İran mənşəli ABŞ vətəndaşını izləyiblər və qaçırmaq istəyiblər. Onlar daha sonra qurbanlarını zorla İrana aparmağı planlaşdırblar. Orada onun taleyi ən yaxşı halda qeyri-müəyyən olacaqdı”.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə bu iddiaları “axmaq və əsassız” adlandırıb.

FTB-nin Nyu York ofisindən bildirilib:

"Biz iddia edirik ki, İran hökuməti tərəfindən dəstəklənən bir qrup ABŞ-da mənzillənmiş jurnalisti bizim torpağımızda oğurlamağı və zorla İrana qaytarmağı planlaşdırıb”.

Müttəhimlər

İyulun 13-də Manhattan federal məhkəməsində açıqlanmış ittihamnamədə həm də Vəzarət SəlimiHacəli kimi tanınan Əlirza Şavəroğlu Fərəhaninin, habelə Mahmud Xazeyin, Kiya SadeqiOmid Nurinin adları çəkilir. Onların hamısı iranlıdır.

İtithamnaməyə görə Fərəhani İran kəşfiyyatının rəsmisidir. Qalan üç nəfərin Fərəhaninin rəhbərliyi altında işləyən “kəşfiyyat adamları” olduğu qeyd edilir.

Onlara qarşı ittihamnaməyə adam oğurluğu cəhdindən başqa sanksiyaların pozulması, bank və şəbəkə dələduzluğu, çirkli pulların yuyulması kimi ittihamlar da daxil edilib.

Əgər təqsirləri isbat olunsa, onları ömürlük həbsxana cəzası gözləyə bilər.

ABŞ Ədliyyə Nazirliyinin bəyanatında deyilir ki, Fərəhani və başqa üç nəfər ən geci 2020-ci ilin iyunundan bəri bu planın həyata keçirilməsinə başlayıblar.

Bu da qeyd olunur ki Fərəhani və onun iddia edilən əlbirləri hədəflənən jurnalistin və ailə üzvlərinin izlənməsi, şəkil və videolarının çəkilməsi üçün özəl xəfiyyələr tutublar.

“Venesuelaya sürət qayığı”

Nazirliyin bəyanatında deyilir ki, şübhəlilər Nyu Yorkdan Venesuelaya hərbi tipli kater xidmətlərinin internet axtarışını aparıblar.

Venesuela və İran hökumətlərinin yaxın münasibətləri var.

İttihamnamədə habelə deyilir ki, İran hökuməti 2018-ci ildə jurnalisti qaçırmaq məqsədilə tovlayaraq üçüncü bir ölkəyə gətirməyə çalışıb.

Bu da bildirilir ki, jurnalistin İrandakı qohumları bu əməliyyata dəstək verməkdən boyun qaçırıblar.

Ədliyyə Nazirliyinin məlumatına görə, Nilufər Bahadurifər adlı başqa bir iranlı iyulun 1-də Kaliforniyada həbs edilib.

O İrana qarşı sanksiyaları pozmaqla iranlı sakinlərə maliyyə və başqa xidmətlər göstərməkdə ittiham olunur.

Bahadorifər təqsirli olmadığını bildirib və zaminə buraxılıb. Onun vəkili Associated Press agentliyinin suallarına cavab verməkdən imtina edib.

XS
SM
MD
LG