Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:41

İlham Əliyev: 'Ya bizə təzminat ödəyəcəklər, ya da ki...'


İ.Əliyev Kəlbəcərdə
İ.Əliyev Kəlbəcərdə

"Ermənilər işğal dövründə, eyni zamanda, bizim təbii sərvətlərimizi də qanunsuz olaraq talan edirdilər. Bu işlərdə bəzi xarici şirkətlər onlara yardım edirdi. Bu şirkətlərin indi iki yolu var: ya bizə təzminat ödəyəcəklər, ya da ki, beynəlxalq məhkəməyə gedəcəklər".

AZƏRTAC-ın xəbərinə görə, bu sözləri Prezident İlham Əliyev Kəlbəcər rayonuna səfəri zamanı çıxışında deyib.

Artıq məhkəmə prosedurlarının başladığını qeyd edən dövlət başçısı daha sonra da bunları bildirib: "Buna biz start verdik, tanınmış beynəlxalq hüquq şirkətlərini dəvət etdik və indi məhkəmə işləri hazırlanır. Kəlbəcərdə Söyüdlüdə, Zəngilanda Vejnəlidə, başqa yerlərdə bizim qızıl yataqlarımız xarici şirkətlər tərəfindən istismar edilirdi. O şirkətlər bilmirdilər ki, bu, Azərbaycan torpağıdır? Bilirdilər! Amma buna məhəl qoymurdular".

Prezident əlavə edib ki, indi cavab verəcəklər: "Biz demişik, əgər istəmirlərsə ki, biz onları dünya miqyasında biabır edək, gəlsinlər, vurulmuş ziyanı bizə ödəsinlər, təzminat ödəsinlər və ondan sonra rahat yaşaya bilərlər".

"Beynəlxalq məhkəmələrdə ziyanın qaytarılmasını tələb edəcəyik"

İ.Əliyevin sözlərinə görə, dəymiş hər bir ziyan hesablanır. "Azad edilmiş bütün torpaqlarda, şəhərlərlə, kəndlərdə indi monitorinq aparılır, pasportlaşdırma aparılır, bütün evlərin pasportları hazırlanır, dəymiş ziyan təsbit edilir və biz beynəlxalq məhkəmələrdə dəymiş bütün ziyanın qaytarılmasını tələb edəcəyik".

"Həm Qarabağ, həm Zəngəzur bizim tarixi torpağımızdır"

Prezident xatırladıb ki, bu yaxınlarda onun sərəncamı ilə ölkədə 14 iqtisadi rayon yaradılıb: "Onların arasında iki iqtisadi rayonun yaradılması diqqət çəkdi – Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı... Bu, həm tarixə əsaslanır, eyni zamanda, gələcəyə əsaslanır. Çünki, həm Qarabağ, həm Zəngəzur bizim tarixi dədə-baba torpağımızdır. Qarabağ iqtisadi rayonunda bütün Qarabağ bölgəsinə aid olan rayonlar birləşdi. Şərqi Zəngəzur iqtisadi rayonunda Şərqi Zəngəzura aid olan rayonlar birləşdi".

İ.Əliyev sonra da deyib: "Qərbi Zəngəzur isə hazırda Ermənistanın nəzarəti altındadır. Ancaq Zəngəzur dəhlizinin (Ermənistanın Sünik rayonundan keçən) çəkilişi nəticəsində, əlbəttə ki, biz bu dəhlizdən istifadə edib öz vətəndaşlarımızı dədə-baba torpaqlarımıza qaytaracağıq. Belə planlar var və bu da təbiidir...".

"İndiki mərhələdə bizim əsas vəzifəmiz..."

Prezident ölkənin qarşısında duran vəzifələrdən də danışıb. O deyib ki, indiki mərhələdə əsas vəzifə müharibənin nəticələrini möhkəmləndirmək, azad edilmiş torpaqlarda möhkəmlənməkdir: "Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimizi gücləndirməkdir. Yenidənqurma, bərpa işlərinə artıq start verilib, bu da əsas vəzifələrdən biridir. Keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaq da gündəlikdə duran məsələdir".

Onun sözlərinə görə, Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlər yerləşəcək.

Dövlət başçısı əlavə edib ki, Ağdam, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarında da pilot kəndlər seçilib. Onun vurğulamasına görə, o kəndlərin bərpasına start verilməsi və vətəndaşların oraya qaytarılması üçün artıq işlər gedir.

Avqustun 16-da Prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyeva Kəlbəcər, Laçın rayonlarında olublar.

Dövlət başçısı Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoyub, Kəlbəcər Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanış olub. Daha sonra, bildirildiyinə görə, 110/35/10 kilovoltluq "Kəlbəcər" yarımstansiyasının açılış mərasimi keçirilib.

Xəbərə görə, səfər çərçivəsində dövlət başçısı Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin və Laçın Beynəlxalq Hava Limanının da təməlini qoyub.

"Gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün..."

Prezident İ.Əliyev Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində Laçında hava limanının təməlqoyma mərasimində də çıxış edib: "Demişdim ki, azad edilmiş torpaqlarda üç beynəlxalq hava limanı tikiləcək. Artıq Füzulidə və Zəngilanda bu işlərə start verildi. Füzuli Beynəlxalq Hava Limanı bu ilin sonuna, ya da gələn ilin əvvəlinə istismara tam hazır olacaq. Zəngilan hava limanının istifadəyə verilməsi tarixi yəqin ki, 2022-ci il olacaq".

AZƏRTAC-ın xəbərinə görə, prezident hava limanının tikintisi üçün Laçın rayonunun Qorçu kəndində seçilən yerdən də danışıb: "Bu yerin üstünlüyü, eyni zamanda, ondadır ki, Laçın şəhərinə məsafə 30 kilometrdən bir qədər çox, Kəlbəcər şəhərinə məsafə isə 60 kilometrdən bir qədər çoxdur. Eyni zamanda, Şuşa şəhərinə məsafə də 70 kilometrə yaxındır. Yəni, gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq. Dediyim kimi, burada böyük torpaq işləri aparılacaq. Bəzi boşluqlar doldurulacaq. Yəni, torpaq işləri vaxtımızı aparan əsas işlər olacaqdır".

Xatırlatma

2020-ci il sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona (Kəlbəcər rayonu və Laçın rayonun əksər məntəqələri daxil) nəzarəti bərpa edib. Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu müharibə Qarabağ münaqişəsindən törəyib. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG