Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:08

Koronavirus bütün Yer əhalisini təsirləndirəcək - Qərb mediası


Bloomberg yazır ki, bütün Yer əhalisi bu virusa yoluxana və ya peyvənd olunanadək normal həyata qayıdışdan söhbət gedə bilməz

COVID-19 virusu praktik olaraq planetin bütün əhalisini təsirləndirəcək.

Bloomberg alim ekspertlərə istinadən yazır ki, bütün Yer əhalisi bu virusa yoluxana və ya peyvənd olunanadək normal həyata qayıdışdan söhbət gedə bilməz.

Ən pis ssenaridə vaksinlər koronavirusun yeni ştamlarına qarşı təsirsiz ola bilər.

ABŞ-da Minnesota Universiteti nəzdində İnfeksion Xəstəliklər və Siyasət Mərkəzinin direktoru və ABŞ prezidentinin müşaviri Maykl Osterholm deyib ki, xəstəliyin yenidən yayılması payız-qış aylarında gözlənilir.

Ekspertlər hesab edirlər ki, COVID-19 virusu planet əhalisinin 90-95 faizi koronavirusa yoluxaraq və ya peyvənd olunaraq immunitet qazanmayınca geri çəkilməyəcək.

Danimarkanın Roskil Universitetindən epidemioloq professor Loun Simonsen deyir ki, son 130 ildə yaxşı sənədləşdirilmiş beş qrip epidemiyası COVID-19 virusu pandemiyasının bundan sonra necə inkişaf edəcəyinə dair təsəvvür yaradır.

Alim bildirir ki, qripin ən uzun qlobal epidemiyası 5 il davam edib və planet sakinləri həmin müddətdə 2-3 il ərzində infeksiyanın 2-4 dalğasını yaşayıblar.

Qrip kimi

Epidemioloq bildirir ki, koronavirus pandemiyanın ikinci ilinin sonlarına doğru daha sürətlə yayılır və dünya 3-cü yoluxma dalğasının ortasındadır.

Alim bunu da qeyd edir ki, virusun xəstəlik daşıyıcılarının tam qırılmaması üçün zamanla avtomatik olaraq zəiflədiyinə dair təsəvvür tamamilə yanlışdır.

O bildirir ki, yeni mutasiyalar heç də həmişə daha təhlükəli olmasa da, pandemiyalar getdikcə daha ölümcül ola bilər.

Bəzi epidemioloqlar hesab edirlər ki, SARS-CoV-2 ilk nəsil vaksinlərə tamamilə müqavimətli ola bilər.

Yaponiyada aparılmış tədqiqatlar göstərib ki, vaksinlərə müqavimətli və potensial baxımdan təhlükəli mutasiyalar artıq mövcuddur.

Koronavirus yeni ştamların yaranması sürətinə görə qripə bənzəyir. Bu isə o deməkdir ki, ona qarşı hər il vaksinlənmək lazım gələ bilər.

Bu həm də o deməkdir ki, vaksinlərin özünü yeniləmək lazım gələcək.

Pandemiya müxtəlif yerlərdə müxtəlif vaxtda qurtaracaq

Bloomberg yazır ki, bir çox ölkələrdə vaksinasiyanın səviyyəsi son dərəcə aşağı olaraq qalır.

Afrikanın əksər ölkələrində əhalinin yalnız 5 faizindən azı peyvənd olunub.

Əhalisi 1.3 milyard olan Hindistanda adamların 26 faizi vaksin edilib.

Oksford Universitetinin tibb tarixi kafedrasının dosenti Erika Çarters deyir ki, pandemiya dünyanın müxtəlif yerlərində müxtəlif vaxtlarda başa çatacaq.

Koronavirusa kütləvi yoluxmadan kənarda qalmış Danimarka və Sinqapur artıq normal həyata qayıdaraq “postpandemik gələcəyə” doğru gedirlər.

ABŞ və Britaniya yoluxmaların rekord həddə çatmasına baxmayaraq bir sıra karantin məhdudiyyətlərini qaldırıblar.

Çin, Honq Konq və Yeni Zelandiyada karantin rejimi saxlanır. Bu ölkələrdə yoluxma faizi düşüb.

Rusiyada da son həftələrdə yoluxmaların sayı azalır. Son bir gün ərzində Rusiyada 18 min yoluxma qeydə alınıb. Lakin ölüm sayı son sutkada 719 olmaqla yüksək olaraq qalır.

XS
SM
MD
LG