Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:40

Gürcüstan demokratiyası ‘yüz yerdən’ yaralıdır – Qərb mediası


Gürcüstan parlamenti yaxınlığında etiraz aksiyası
Gürcüstan parlamenti yaxınlığında etiraz aksiyası

Respondentlərin 51 faizi Gürcüstanın demokratiya olmadığını, təxminən eyni hissəsi isə ölkənin yanlış istiqamətdə getdiyini deyib

Gürcüstanda hakim Gürcü Arzusu partiyasının qərbli tərəfdaşları ilə çəkişməsi və davamlı siyasi qütbləşmə ölkədəki demokratik proqresi məhvə sürükləyə bilər. Karnegi fondunun Şərqi Avropa və Cənubi Qafqaz üzrə aparıcı əməkdaşı Tomas de Vaal bu haqda yazır.

Məhvolma təhlükəsi

Müəllifin fikrincə, Gürcüstanda çoxdan davam edən siyasi böhran Avropada və Birləşmiş Ştatlarda layiq olduğu diqqəti çəkməyib. Bu nə Ermənistan-Azərbaycan münaqişəsinin insan itkisi, nə də Belarus qarabasmasıdır. Söhbət Gürcüstanda demokratik dövlətə yaxın nəsə qurulmasında əldə olunanların məhvolma təhlükəsindən gedir.

Məqalədə Gürcü Arzusunun Avropa Birliyi və Birləşmiş Ştatlarla görünməmiş savaş apardığı vurğulanır. İyulda o, AB-nin vasitəçiliyi ilə əldə olunmuş, ötənilki seçkiylə bağlı müxalifətlə çıxmazın həllini hədəfləyən razılaşmanı tərk etdi. Sentyabrda isə AB-nin 75 milyon avroluq makro-maliyyə yardımını almaqdan imtina etdi.

Ölkə liderləri iyulda LGBTQ fəallarının Tbilisi yürüşüylə bağlı qərbli tərəfdaşları ilə ziddiyyət yaşayıb. Anti- LGBTQ ekstremistlər jurnalistlərə qarşı zorakılıq edib, parlament binasındakı AB bayrağı iki gün ərzində iki dəfə cırılıb. Ba nazir İrakli Qaribaşvili isə tədbiri “propaqanda paradı” adlandırıb.

Moskvanın barmağı, yoxsa...

De Vaal bəzi şərhçilərin Gürcüstanda baş verənlərdə Moskvanın əlini gördüyünü yazır. “Bu, faktlara uyğun gəlmir. Gürcü Arzusu AB və NATO-ya yönəlik bəyan edilmiş oriyentasiyasını dəyişməyib və buna güclü ictimai dəstək var”, – o yazır.

Müəllif Qaribaşvili və “ağalarının” strategiyasını belə görür: nəzarəti saxlamaq üçün mediaya, ədliyyəyə və seçkilərə yetərincə təsir göstərə bilmək; ictimaiyyətin fikrini digər məsələlərdən yayındırmaq üçün onların başını “gürcü dəyərləri” və keçmiş prezident Mixeil Saakaşvilinin mümkün qayıdışı sarıdan qorxuyla qatmaq; Vaşinqton və Brüssellə yaxşı işçi münasibətlər saxlamaq, eyni zamanda Moskva ilə də körpüləri tam yandırmamaq.

İctimai rəyə gəlincə, Milli Demokratiya İnstitutunun iyulda keçirdiyi sorğunun nəticələri isə maraq doğurur. Respondentlərin 51 faizi Gürcüstanın demokratiya olmadığını, təxminən eyni hissəsi isə ölkənin yanlış istiqamətdə getdiyini, mövcud partiyalardan heç birinin onların ehtiyacına cavab vermədiyini deyib. Yalnız 30 faiz respondent səs verəcəyi siyasi partiyanın adını çəkib.

XS
SM
MD
LG