Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:53

'Mənə dedilər ki, ya Əli Kərimlini seçməlisən, ya da atanı...'


Niyaməddin Əhmədov
Niyaməddin Əhmədov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədov deyir ki, ona qarşı təhdid üsulu kimi, atasının xəstəliyindən istifadə olunub. Bu barədə o, sentyabrın 15-də öz məhkəməsində danışıb.

Əhmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Yarım ildən çoxdur davam edən məhkəmə prosesi sona çatmaq üzrədir. Artıq cinayət işinin materiallarında olan sənədlərin tədqiqi mərhələsidir.

"Onlara Niyaməddinin yeri haqda heç bir məlumat verilməyib"

AXCP üzvü 2020-ci ilin aprelində karantin rejimi qaydalarını pozmaqda suçlanaraq haqqında 30 günlük inzibati həbs qərarı çıxarılıb. Mayın 15-də onun cəza müddəti başa çatsa da, həbsdən buraxılmayıb. Cinayət işinin materiallarında iddia olunur ki, o, həmin gün inzibati həbsdən buraxılandan az sonra yenidən saxlanılıb və terroru maliyyələşdirmə ittihamıyla təqsirləndirilib.

Sentyabrın 15-də məhkəmədə vəkil bildirib ki, iş materiallarında Əhmədovun inzibati həbsdən buraxılandan az sonra yenidən saxlandığı iddia olunur. İnzibati həbs cəzasının müddəti 15 may axşam saat 21:50-də başa çatıb. Dindirmə protokolundan isə görünür ki, o, həmin gün günorta saat 15:00-da terrorla hədələməylə bağlı cinayət işi üzrə dindirilib: "Dostları, tanışları onun saat 21:00 radələrində çıxacağını bilib, təcridxananın qarşısında gözləyiblər. Lakin Niyaməddin Əhmədov çıxmayıb. Buna görə valideynləri təcridxanaya, Ombudsman Aparatına, Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət ediblər. Lakin onlara Niyaməddinin yeri haqda heç bir məlumat verilməyib. Sən demə, həmin vaxt o, Baş Prokurorluğun İstintaq İdarəsində imiş...".

Əhmədov özü də deyib ki, inzibati həbs müddətində vəkili Zibeydə Sadıqova olmuşdu deyə, cinayət işi üzrə dindirmələrdə də bu müdafiəçinin iştirakını tələb edib. Lakin onun tələbinə əhəmiyyət verilməyib, dövlət hesabına vəkil çağırıb protokolları ona imzalatdırıblar.

Əli Kərimlinin əleyhinə ifadə vermək

İnzibati həbsdə saxlandığı vaxt təcridxanadan başına torba keçirilərək çıxarılıb aparıldığını, ağlasığmaz işgəncələrə məruz qaldığını deyən AXCP fəalının sözlərinə görə, ondan tələb olunan Əli Kərimlinin əleyhinə ifadəyə imza atmaq idi.

"Əvvəldən bilirdim ki, atamın səhhətində problemlər var. Mənə dedilər ki, "atanın vəziyyəti ağırdır, üstünə indi təcili tibbi yardım gəlib, əgər səni 10 ildən 14 ilə qədər həbs gözlədiyini bilsə, təsəvvür edirsən necə olar? Ona görə də ya Əli Kərimlini seçməlisən, ya da atanı. Mən dedim ki, atam nahaqdan Əli Kərimliyə şər atdığımı, onun əleyhinə yalan ifadə verdiyimi bilsə, buna da razı olmaz. Ona görə də taleyimi Allahın ümidinə buraxıb yalan ifadə vermirəm...", – Əhmədovun sözləridir.

AXCP üzvü əlavə edib ki, həbsdə olduğu müddətdə ona başqa təkliflər də olub, lakin imtina edib. O, həmçinin 1 il 5 aydır ailə üzvləri ilə telefon danışığı hüququnun pozulduğunu, bu barədə məhkəmələrə etdiyi şikayətlərə baxılmadığını da vurğulayıb.

Əhmədovun məhkəməsi sentyabrın 17-də davam edəcək. Həmin gün prokurorun çıxış edib ona cəza istəyəcəyi gözlənilir.

Xatırlatma

Niyaməddin Əhmədova qarşı CM-in 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə ittiham irəli sürülüb. O, Almaniyada sığınacaq almış, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini tənqid, hətta bir sıra hallarda təhqir edən Qabil Məmmədovla əlaqədə ittiham olunur. Prokurorluq iddia edir ki, Məmmədov Azərbaycanda terror törətmək istəyib, bu məqsədlə çağırışlar etmək üçün Əhmədova pul göndərib.

CM-in 214-1 maddəsində 10 ildən 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

AXCP bu ittihamın absurd olduğunu bəyan edib, Əhmədovun həbsini isə partiyaya və partiyanın sədri Əli Kərimliyə qarşı repressiyaların davamı kimi qiymətləndirib.

Əhmədov özü də bildirib ki, həbsinin səbəbi Kərimlinin mühafizəçisi olması, 2019-cu ilin oktyabrında Milli Şuranın etiraz aksiyasında AXCP sədri tutulana qədər onu tək buraxmamasıdır.

Əhmədovun işgəncə iddiaları ilə bağlı prokurorluq orqanlarına ünvanlanmış şikayətlərinə cavab gəlmədiyi bildirilir.

Hüquq-mühafizə orqanları isə, adətən, həbsdə olanların işgəncə iddialarını təkzib edir, bunu məsuliyyətdən yayınma cəhdi kimi qiymətləndirir.

XS
SM
MD
LG