Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:59

ABŞ, Britaniya və Avstraliyanın yeni paktı Çini və…Fransanı qəzəbləndirib


ABŞ-ın Cheyenne nüvə sualtı gəmisi Cənubi Koreya sularında (Arxiv fotosu)
ABŞ-ın Cheyenne nüvə sualtı gəmisi Cənubi Koreya sularında (Arxiv fotosu)

AUKUS adlanan yeni hərbi pakt barədə razılaşmaya görə ABŞ və Britaniya Avstraliyaya nüvə sualtı gəmilərini üçün yeni texnologiyalar verəcəklər

Çin sentyabrın 16-da Birləşmiş Ştatlar, Britaniya və Avstraliya arasında yaradılmış yeni təhlükəsizlik paktını pisləyib.

Reuters agentliyinin yazdığına görə Pekin bildirib ki, belə hərbi alyanslar üçüncü ölkələr üçün hədə təşkil etməməli, regionda silahlanma yarışına rəvac verməməlidir.

AUKUS adlanan yeni hərbi pakt barədə razılaşmaya görə Birləşmiş Ştatlar və Britaniya Avstraliyaya nüvə sualtı gəmilərinin təchizatı üçün yeni texnologiyalar verəcəklər.

Reuters yazır ki, Avstraliya ilə özünün sualtı gəmilərin tikintisinə dair razılaşması olan Fransa narazılığını bidlirib və bəyan edib ki, bu, “kobud və gözlənilməz” plandır.

Birləşmiş Ştatlar və onun müttəfiqləri mübahisəli Cənubi Çin dənizində və Tayvan ətrafında hərbi qüvvə cəmləşdirən Pekini bu regionda sıxıdırmağa çalışırlar.

ABŞ prezidenti Co Bayden (sağda) və Britaniya baş naziri Boris Conson G7 sammitində
ABŞ prezidenti Co Bayden (sağda) və Britaniya baş naziri Boris Conson G7 sammitində

ABŞ prezidenti Co Bayden, Britaniya və Avstraliyanın baş nazirləri Boris ConsonSkot Morrisonun birgə bəyanatında Çinin adı çəkilmir və Bayden administrasiyasının yüksək vəzifəli rəsmiləri müxbirlərə bu partnyorluğun Pekinə qarşı yönəlmədiyini deyiblər.

Lakin Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zao Lijian bildirib ki, “bu üç ölkə regional sülh və stabilliyə ciddi ziyan vurur, silahlanma yarışını qızışdırır və nüvə silahının yayılmamasına dair beynəlxalq cəhdlərə əngəl yaradırlar”.

Conson deyib ki, yeni pakt düşmənçilik səciyyəsi daşımır və Britaniyanın nüvə sualtı gəmilərinin növbəti nəslinin yaradılması zamanı Londonun xərclərini azaldacaq.

Britaniya baş nazirinin sözlərinə görə AUKUS-un yaradılması ilə partnyorlar kibermüdafiə, süni zəka, kvant kompüterləri və sualtı fəaliyyətlər də daxil daha qabaqcıl müdafiə sistemlərinin inkişafını sürətləndirəcəklər.

Fransa paktı “arxadan zərbə” adlandırıb

Reuters yazır ki, yeni pakt Avstraliyanın Fransanın Naval Group gəmiqayırma şirkəti ilə 2016-cı ildə imzaladığı sazişə son qoymuş olur.

Dəyəri 40 milyard dollar olan bu müqaviləyə əsasən qrup Avstraliya sualtı donanmasındakı köhnə Collins qayıqlarını yeni sualtı gəmilərlə əvəzləməli idi.

Fransa Baydeni “arxadan zərbə vurmaqda və öz sələfi Donald Tramp kimi hərəkət etməkdə” ittiham edib.

Fransanın xarici işlər naziri Le Drian Franceinfo radiosuna müsahibəsində deyib:

"Bu kobud, birtərəfli və gözlənilməz qərar mənə daha çox cənab Trampın etdiklərini xatırladır. Mən hiddətli və qəzəbliyəm. Müttəfiqlər arasında belə hərəkətlər olmur”.

Britaniyanın rolu

ABŞ, Britaniya və Avstraliyanın liderləri deyiblər ki, Avstraliya nüvə silahlarını yerləşdirməyəcək, lakin onun sualtı gəmilərini nüvə mühərrikləri hərəkətə gətirəcək.

Bayden deyib:

"Biz hamımız Hind-Sakit okean hövzəsində uzunmüddətli sülh və sabitliyin təmin edilməsinin mühümlüyünü dərk edirik. Biz həm regiondakı hazırkı strateji mühiti, həm də bunun necə inkişaf edəcəyini nəzərə almalıyıq. Çünki bizim ölkələrimizin hər birinin gələcəyi və əlbəttə dünyanın gələcəyi azad və açıq Hind-Sakit okean hövzəsinin qarşıdan gələn onilliklərdə davamlılığından və firavanlığından asılıdır”.

ABŞ rəsmilərindən biri deyb ki, bu hərbi pakt hərbçilərin və siyasətçilərin aylarla davam edən müzakirələrinin nəticəsində mümkün olub.

Bu müzakirələr zamanı bu yaxınlarda Asiyaya təyyarədaşıyan göndərmiş Britaniya regionda da çox iş görmək istədiyini bildirib.

Region ölkələri məmnundur

Yeni Zelandiyanın baş naziri Casinda Ardern deyib ki, o diqqətin Hind-Sakit okean hövzəsinə yönəlməsini alqışlayır, lakin nüvə yanacağı ilə işləyən Avstraliya sualtı gəmilərinin Yeni Zelandiyanın ərazi sularına daxil olmasına icazə verməyəcək.

Sinqapur bildirib ki, Avstraliya, Britaniya və Birləşmiş Ştatlarla illərdir davam edən münasibətlərə malikdir və qrupun sülh və sabitliyə xidmət edəcəyinə ümid bəsləyir.

Yaponiya bəyan edib ki, üç ölkənin təhlükəsizlik və müdafiə əməkdaşlığının güclənməsi sülh və təhlükəsizlik üçün mühümdür.

ABŞ rəsmisi habelə deyib ki, Bayden bu planlar barədə Çin lideri Si Cinpinqlə son söhbətində konkret olaraq heç nə deməyib, lakin ona sözü gedən ölkələrin Hind-Sakit okean hövzəsində güclü rol oynamaq niyyətini açqılayıb.

ABŞ rəsmiləri deyirlər ki, nüvə yanacağı mühərrikləri Avstraliya donanmasının daha səssiz hərəkətinə imkan yaradacaq və Hind-Sakit okean hövzəsində çəkindirici amil olacaq.

Avropa İttifaqı məyusdur

Avropa İttifaqının xarici işlər komissarı Cozep Borrel deyib ki, yeni pakt barədə blokla heç bir məsləhətləşmənin aparılmaması Brüsselin daha seçimli xarici siyasətə ehtiyacı olduğunu göstərib.

O Hind-Sakit okean hövzəsinə dair Avropa İttifaqının yeni strategiyasını təqdim edərkən vurğulayıb:

“Biz indi salamat qalmamız üçün başqaları kimi özümüz hərəkət etməliyik. Mən Fransa hökumətinin nə dərəcədə məyus olduğunu başa düşürəm”.

Bayden bəyan edib ki, üçlük bu paktla bağlı proqramın hər bir detalını 18 ay davam edəcək məsləhətləşmələrdə müzakirə edəcək.

ABŞ rəsmisi Reuters agentliyinə deyib ki, Amerika bundan əvvəl nüvə yanacağı mühərriki texnologiyasını bircə dəfə, 1958-ci ildə Britaniyaya verib.

XS
SM
MD
LG