Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:52

DST Sputnik V vaksinini hələ də araşdırır


Arxiv fotosu
Arxiv fotosu

İndiyədək DST Pfizer-BioNTech, AstraZeneca, Johnson & Johnson, Moderna, Sinovac və Sinopharm vaksinlərini təsdiqləyib

Dünya Səhiyyə Təşkilatı (DST) Rusiyanın koronavirusa qarşı Sputnik V vaksinini təcili istifadəyə təsdiqləmək üçün onunla bağlı datanı nəzərdən keçirdiyini deyir.

Qurum oktyabrın 5-də bəyan edib ki, digər vaksinlərlə olduğu kimi, Sputnik V barədə data müxtəlif istehsal mənbələri əsasında dəyərləndirilir, bütün data əldə olunandan, təhlil tamamlandan sonra qərar veriləcək.

Rusiyanın Səhiyyə naziri Mixail Muraşkonun bu yaxınlarda dediyinə görə, DST-nin qərar verməsini administrativ məsələlər yubadır.

DST-nin təsdiqi olmasa...

Rusiyanın hazırladığı vaksin onlarla ölkədə istifadə olunur və ölkə ona inamın artırılmasından ötrü DST-nin təsdiqinə çalışır. Təsdiqlənəcəyi halda, Sputnik V BMT və tərəfdaşlarının dünyaya COVID-19 vaksinlərinin göndərilməsini əhatələyən COVAX proqramına salına bilər.

İndiyədək DST Pfizer-BioNTech, AstraZeneca, Johnson & Johnson, Moderna, Sinovac və Sinopharm vaksinlərini təsdiqləyib.

DST-nin təsdiqi olmasa, Sputnik V vurdurmuş şəxslərin bu vaksini tanımayan ölkələrə girişi məhdudlaşdırıla bilər.

DST bütün datanı əldə edəndən, istehsal obyektlərini yoxlayandan sonra vaksin namizədini təcili istifadəyə təsdiqləyə bilər.

Sputnik V-dən ötrü belə bir iclas təyin olunmayıb. Qrupun gündəliyində növbəti vaksin Hindistan istehsalı Bharat Biotech-dir, bu ay müzakirəyə çıxarılacağı gözlənilir.

Buster dozalar

Bu arada Portuqaliya, İspaniya və Norveç yaşlılara buster dozaların vurulacağını elan edən ölkələr sırasına qoşulublar.

İspaniyada yaşı 70 və yuxarı olanlara Pfizer/BioNTech və Moderna vaksinlərinin üçüncü dozası, Norveç və Portuqaliyada isə yaşı 65 və yuxarı olanlara buster dozalar vurulacaq.

Oktyabrın 4-də Avropa Tibb Agentliyi (EMA) üzv ölkələrdə 18 və yuxarı yaşlılara Pfizer/BioNTech vaksininin buster dozalarının vurulmasına yaşıl işıq yandırıb. Zaman keçdikcə vaksinin effektinin azaldığı bildirilir.

Artıq dünyanın 15-dən artıq ölkəsində üçüncü dozalar vurulur. Fransa, İtaliya, Almaniya, İsrail və ABŞ bu sıradadır.

XS
SM
MD
LG