Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:57

Medvedev Ukraynadan məqalə yazdı, Kiyevdən ona cavab verdilər


Dmitri Medvedev
Dmitri Medvedev

Medvedevin fikrincə, Ukraynanın rəhbərləri “qeyri-müstəqil, nəzakətsiz və məsuliyyətsiz” adamlardır

Rusiyanın hazırda Təhlükəsizlik Şurasının katibi olan keçmiş prezidenti Dmitri Medvedev Ukraynanı “Qərbin vassalı” adlandırıb və bəyan edib ki, Moskva üçün Kiyevin rəhbərliyi ilə danışıqlar aparmaq “mənasızdır”.

Medvedevin bu barədə yazdığı “Ukraynanın indiki rəhbərliyi ilə təmaslar niyə mənasızdır” adlı məqaləsi “Kommersant” qəzetində dərc olunub.

Müəllifin fikrincə, Ukraynanın rəhbərləri “qeyri-müstəqil, nəzakətsiz və məsuliyyətsiz” adamlardır.

Medvedev məqalədə Volodimir Zelenskinin adını çəkmir, sadəcə olaraq “Ukrayna prezidenti” yazır.

O məqaləsində Zelenskini “astarı üzünə çevrilmiş adam” adlandırır.

Medvedev onun yəhudi köklərinə eyham vuraraq iddia edir ki, bu siyasətçi özünün “milli kimliyindən” imtina edib və “Ukraynanın ən qatı millətçi qüvvələrinə xidmətə başlayıb”.

Məqalədə Zelenski “nasist Almaniyasında ideya mənsubiyyətinə görə SS-də xidmətə hazır olan bəzi yəhudi ziyalıları” ilə müqayisə edilir.

Kiyev Putinin ətrafındakılara əhəmiyyət vermir

Ukrayna prezidentinin müşavirlərindən Mixail Podolyak “Ukrainskaya pravda” qəzetinə şərhində bildirib ki, “əgər dövlətin adından belə bir stilistikaya müraciət olunursa, deməli, işlər doğrudan da pisdir və kimsə Rusiya və Ukrayna arasında olan gərginliyi nəinki saxlamaq, hətta kəskinləşdirməyə” cəhd edir.

Müşavirin sözlərinə görə Kiyev bütün hallarda yalnız hazırkı ptrezident Vladimir Putinin bəyanatlarına fikir verir.

Rəsmi deyib ki, Putinin çevrəsindən səslənənlər “ikinci dərəcəli məsələdir”.

Müşavir bildirib ki, əksinə Putin Ukrayna və Rusiya arasında danışıqların zərurətindən söz açır.

Üçtərəfli kontakt qrupunda Ukrayna nümayəndə heyətinin spikeri Aleksey Arestoviç Facebook səhifəsində yazıb ki, Medvedevin məqaləsinə “tarixi yox, psixoanalitik” bucaqdan baxmaq lazımdır.

Medvedev məqaləsində habelə ondan əvvəl Ukrayna mövzusunda yazmış Putinə istinad edib.

Rusiya prezidentinin “Rusların və ukraynanlıların tarixi birliyi” adlı məqaləsində deyilirdi ki, “müasir Ukrayna tamamilə sovet dövrünün məhsuludur” və “əhəmiyyətli dərəcədə tarixi Rusiyanın hesabına yaradılıb”.

Medvedev nüfuzunu itirir?

Medvedev Ukrayna rəhbərliyini korrupsiyada ittiham edib və “ofşorlardan” söz açıb.

Bu yaxınlarda açıqlanmış “Pandora arxivi” sənədlərindən Zelenskiyə bağlı şirkətlərin adları çıxmışdı. Amma “Pandora arxivi”ndə Rusiya rəhbərlərinin də adları vardı.

Medvedev yazır ki, Ukraynada “ağlı başında olan hökumətin” yaranmasını gözləmək lazımdır:

"Rusiya gözləməyi bacarır, biz səbirli adamlarıq”.

Kreml hələki Medvedevin məqaləsi barədə heç bir açıqlama verməyib.

BBC Rus xidmətinin bu yaxınlarda apardığı təhqiqatdan məlum olur ki, Dmitri Medvedev Rusiya hakimiyyətindəki nüfuzunu tədricən itirməkdədir.

Belə bir məqama da diqqət çəkilir ki, Medvedev Dövlət Dumasına seçkidə rəhbəri olduğu Vahid Rusiya partiyasnın siyahısına başçılıq etməyib.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib.

Beynəlxalq təşkilatlar ilhaqı qanunsuz adlandırıblar. Amma Rusiya israr edir ki, “tarixi ədaləti” bərpa edib.

XS
SM
MD
LG