Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:08

Saxta COVID pasportunun sonrakı peşmançılığı


Sofiya, arxiv fotosu
Sofiya, arxiv fotosu

Rumıniyada xəstəxanaya düşən xəstələr arasında peyvənd vurulmasını xahiş edənlər var


Rumıniyada bir gənc reanimasiya şöbəsində Covid-19-dan müalicə alarkən, ölüm ayağında vaksin sertifikatının saxta olduğunu etiraf edib. O, Sibiu təcili yardım xəstəxanasında tibb personalına sertifikatının saxta olduğunu etiraf edən yeganə xəstə deyildi. Ancaq bunu edənlərin ən gənci idi.

Həkimlərin dediyinə görə, xəstəxanaya düşən xəstələr arasında peyvənd vurulmasını xahiş edənlər var. “Biz onlara deyirik ki, reanimasiya şöbəsinə düşəndən sonra görülə biləcək hər hansı preventiv tədbir qalmır”, – həkim Ioana Kodru deyir.

“Fəlakət”

Həm Rumıniya, həm də qonşusu Bolqarıstanda saxta vaksin sertifikatları tibb sisteminin işini çətinləşdirir. Bu saxta peyvəndləri əldə etmək çox asan, izləyib kökünü tapmaqsa çətindir. Onlar Avropa Birliyinin bu iki ən yoxsul ölkəsində endemik korrupsiyanın nəticəsi, koronavirus peyvəndinə geniş inamsızlığın təzahürüdür.

Oktyabrın 6-da Rumıniya Prezidenti Klaus Yohannis pandemiya ilə bağlı vəziyyəti “fəlakət” adlandırıb. Oktyabrın 12-də yoluxanların sayı 16 min 777, ölənlərin sayı isə 442 olub.

Johns Hopkins Universiteti və DST-nin rəqəmlərinə görə oktyabrın 11-də, Rumıniyada hər 100 min nəfərə ölüm sayı 1,45, Bolqarıstanda isə 1,23 olub. Həmin gün üçün AB-nin orta göstəricisi 0,13-dür. Avropa Xəstəliklərin Önlənməsi və Nəzarət Mərkəzinin məlumatına görə, Bolqarıstan AB-də ən aşağı vaksinasiya göstəricisi olan ölkədir. Burada əhalinin cəmi 23,5%-i tam vaksinlənib. Rumıniya qonşusundan öndə gəlir: 34,1%.

Sənəddə üçüncü, əslində birinci doza

Koronavirus hallarının artması saxta vaksin sertifikatlarının satın alınması praktikasını qabardıb. Timisoaradakı Viktor Babes infeksion xəstəxanasının rəhbəri Kristian Oansea bu haqda açıq danışan ilk həkimlərdəndir. “Biz xəstəliyi çox ağır keçirən gənc pasientləri görəndə şübhələnirik”, – o deyir.

Həkimlər şübhələrini kütləvi halda səhiyyə nazirliyinə bildiriblər. Avqustda səhiyyə naziri Ioana Mihaila bu haqda get-gedə daha çox məlumat aldığını deyib.

"Biz diaqnozun qoyulması və düzgün müalicə aparılması üçün xəstələri tibb personalı ilə açıq və səmimi olmağa, düzgün məlumat verməyə dəvət edirik”, – Sibiu təcili yardım xəstəxanasının sözçüsü Decebal Todarita deyib.

Saxta vaksin sertifikatı alanlar sistemə tam vaksinlənmiş kimi düşdüklərindən “rəsmi” vaksin almaq üçün üçüncü dozanı gözləməlidirlər. Ancaq əslində, bu onların birinci dozası olacaq.

Həkim və əri istintaq altında

Ailə həkimi Daniela Mitrea sentyabrda Pucioasa futbol klubunun 10 üzvünə saxta Covid-19 vaksini sertifikatı vermə şübhəsi ilə 24 saat müddətinə saxlanılıb. Onun həmin komandanın rəhbəri olan əri Kristian Mitrea da istintaq altındadır. Polis bildirib ki, eyni zamanda ölkənin Ailə Həkimləri Birliyinin sədr müavini olan Daniela Mitreanın həmin futbolçulara vurulmalı olan peyvənd dozalarını zibilliyə atması ilə bağlı şübhələr var.

Bolqarıstanda isə ölkənin baş sanitar tibb müfəttişi Angel Kunçev saxta vaksin sertifikatları ticarətinin yayğın olduğunu deyib. Ölkənin Baş prokurorluğunun sözçüsü Siika Mileva bildirib ki, Bolqarıstan prokurorları və digər hüquq mühafizə orqanları 14 belə işi araşdırmaqla məşğuldur. "Biz güzəşt etməyəcəyik”, – o deyib.

"Biz bir həkimin çox sayda vaksin vurmasından başqa [özü ölkənin mərkəzi hissəsində işlədiyi halda] bütün ölkə boyu insanlara peyvənd vurduğunu gördük”, – Kunçev söyləyib.

Səbəblər

Bu praktikanın get-gedə daha çox ifşa olunması bir çox insanları saxta sertifikat aldıqları üçün peşman edir.

Baş müfəttiş Kunçev deyib ki, Səhiyyə Nazirliyi və bölgə səhiyyə idarələri qanunsuz vaksin sənədləri ticarətinə bulaşmış həkimlərlə bağlı şikayətlər göndərsə də, bunu sübut etmək çətindir.

Mütəxəssislər hər iki ölkədə vaksindən imtina və tərəddüd hallarının yüksək nisbətini dövlətə inamsızlıq, həmçinin internet və sosial mediada yayılan dezinformasiya ilə izah edirlər. Ancaq tibb personalının bir qisminin peyvəndə qarşı olması işi daha da çətinləşdirir.

Buxarestdə yaşayan, adının çəkilməsini istəməyən 57 yaşlı bir dərzi qadın apreldə sağalmış ərini dövlət xəstəxanasında pulmonoloqun qəbuluna aparıb. Burada həkim onlara belə deyib: "Peyvənd vurdurmayın, o sizi öldürəcək”. O artıq peyvənd vurdurduğunu deyəndə isə həkimin reaksiyası belə olub: “Üç aya ölmüş olacaqsınız”.

XS
SM
MD
LG