Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:42

İranlı sürücülər ölkələrinə qaytarılıb


Qafan-Gorus yolunda Azərbaycan postu
Qafan-Gorus yolunda Azərbaycan postu

Bir müddət öncə qaçaqmalçılıqda və Azərbaycanın dövlət sərhədini lazımı sənədlər olmadan keçməkdə günahlandırılan İran vətəndaşı sürücülər ölkələrinə təhvil verilib.

Bu barədə bu gün, oktyabrın 21-də Azərbaycan Gömrük Komitəsi məlumat yayıb: "İran İslam Respublikasının vətəndaşları Bərzigar Hacı Cəfər Qəzənfər və Novruzi Şahrud Heydər müvafiq razılaşmaya əsasən oktyabrın 21-i səhər saatlarında öz ölkələrinə qaytarılıb".

Nə baş verib

Sentyabrın 12-dən Azərbaycan polisi Gorus-Qafan yolunun onların nəzarətində olan Eyvazlı hissəsində İran nömrəli yük maşınlarını dayandırmağa, sənədlərini yoxlamağa başlayıb.

Azərbaycan Dövlət Gömrük Komitəsi İran maşınlarından rüsum alınmasının ölkə qanunvericiliyinə uyğun olduğunu bildirib.

İki sürücünün saxlanması (sentyabrın 15-də saxlandıqları açıqlanmışdı) isə onların Azərbaycan ərazisinə qanunsuz yollarla girməsi ilə izah olunub.

İran Xarici İşlər Nazirliyindən qonşu ölkələrin ərazi bütövlüyünün Tehran üçün prioritet olduğu vurğulanmışdı. Amma sonradan bu ölkə rəsmiləri sürücülərin dərhal buraxılmasını, eləcə də məsələnin həllindən ötrü rəsmi şəxslərlə görüş tələb etmişdilər.

Gorus-Qafan yolunun 21 kilometri Azərbaycan ərazisindən keçir.

İrandan Ermənistana yük daşıyan iranlı sürücülər azərbaycanca danışdılar
Gözlə

No media source currently available

0:00 0:02:37 0:00

İran öz maşınlarının Laçın və Qarabağa daxil olmasını qadağan edir

İranın Yollar və Nəqliyyat Nazirliyi ölkənin nəqliyyat şirkətlərinə göndərdiyi təlimatda İran sürücülərinin və vətəndaşlarının Azərbaycanın Dağlıq Qarabağ və Laçın rayonlarının ərazisinə daxil olmasının qadağan olunduğunu bildirir.

İranın Mehr xəbər agentliyinin məlumatında deyilir ki, İranın Beynəlxalq Nəqliyyat və Tranzit Yollar Təşkilatının direktoru Məhəmməd Cavad Hidayəti bu barədə beynəlxalq yük daşımaları şirkətlərinin həmkarlar təşkilatlarına sərəncam məktubu göndərib.

Məktubda İran Xarici İşlər Nazirliyinin 9 oktyabr tarixli direktivinə istinadən bildirilir ki, Azərbaycan Respublikasının ərazisinə rəsmi sərhəd keçidlərindən başqa yerlərdən daxil olunması Azərbaycanın ərazi bütövlüyünün pozulması kimi qiymətləndirilir.

Yollar və Nəqliyyat Nazirliyinin sərəncamında İran yük daşımaları şirkətlərinə xatırladılır ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ və Laçın rayonlarına Ermənistan ərazisindən giriş qadağan edilir.

İran yeni Gorus-Qafan yolunun tikintisində Ermənistana kömək edir
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

Dağlıq Qarabağla ticarət razılaşmaları da qadağan olunur

Nazirlik bunu da əlavə edir ki, Dağlıq Qarabağ regionu ilə hər hansı ticarət razılaşmalarının imzalanmasına və ya bu regiona yük daşımaları üçün yol sənədlərinin verilməsinə də qadağan qoyulub.

Londondan yayınlanan Iran International telekanalının saytında İran xəbər agentliklərinə istinadən dərc olunmuş məlumatda deyilir ki, nazirlik bu qadağanı Azərbaycan tərəfinin etirazlarına görə qoyub.

Xəbərdə xatırladılır ki, İrandan Ermənistana gedən yük maşınlarının böyük əksəriyyəti bir hissəsi Azərbaycanın nəzarətində olan avtomobil yolundan istifadə edir.

Iran International bildirir ki, Tehran və Yerevan yük maşınlarının maneəsiz hərəkəti üçün alternativ yolun çəkilməsi barədə razılığa gəliblər.

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ Müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG