Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:26

Kollektivdən uzaq. Evdən işləmək görüb-götürməyə necə təsir edir


Ofis
Ofis

Yeni işə başlamaq stresslidir. Hər şeyi, xüsusilə də necə davranacağını götür-qoy etməlisən. İşə pandemiya dövründə məsafədən başlayanlar üçün bu proses daha da çətinləşib. Çünki yaxın məsafədən işləmək təkcə sosial ünsiyyət yox, həm də işə dair biliklərə tez yiyələnmək imkanı deməkdir. Bunu çox vaxt "osmos prinsipi ilə öyrənmə" (tədricən, müşahidə ilə öyrənmə deməkdir) adlandırırlar.

"Slack" biznes kommunikasiya platformasının tədqiqat konsorsiumu olan "Future Forum"un sorğusu göstərib ki, işçilərin 42 faizi evdən işləməyin onlara həmkarlardan öyrənmək imkanı vermədiyini düşünür.

Sosial öyrənmə

Şirkətlər hibrid modellər ilə eksperiment aparmağa başlayır. Bəzi biznes liderləri yeni əməkdaşların peşəkar inkişaflarının bu vacib aspektini qaçıra biləcəyindən narahatdır. Bu, gələcəkdə onların performansına mənfi təsir edə bilər. Ancaq mütəxəssislər deyirlər ki, iş mədəniyyətindəki bu sürətli dəyişiklik və texnologiyanın inkişaf sürəti daha səmərəli öyrənmə təcrübəsinə yol aça bilər.

Sosial öyrənmə ideyasını hələ 1960-cı illərdə kanadalı psixoloq Albert Bandura irəli sürüb. Uşaqların öyrənmə vərdişlərini araşdıran Bandura iddia edirdi ki, insan davranışının çox hissəsi müşahidə ilə öyrənilir. Banduranın sosial öyrənmə nəzəriyyəsi son illərdə iş yerinə də yol tapıb. İşəgötürənlər işçilərin gündəlik, qeyri-formal şəraitdə bir-birindən öyrənməsinə şərait yaratmağın vacibliyini görməyə başlayıblar.

BBC yazır ki, populyar öyrənmə modelləri insanların işi öyrənməsinin 20 faizinin başqalarını müşahidə etməkdən qaynaqlandığını deyirdi. Aparılan yeni araşdırmalarsa bu rəqəmin daha yüksək ola biləcəyini iddia edir. "LinkedIn"in 2020-ci ildə dərc etdiyi "İş yerində öyrənmə hesabatı"nda deyilir ki, komandalar birlikdə yeni bacarıqlar öyrəndiklərini görəndə ümumən daha uğurlu olurlar.

Kiminsə yanında oturanda...

Əlbəttə, komandaya yeni qoşulanların kompüter proqramları və qanuni proses kimi sahələrdə formal təlim görməsinə ehtiyac olur. Ancaq öyrənilməli şeylərin hamısı formal təlimə sığmır. Məsələn, hər dəfə çıxan o "error" mesajını necə düzəltmək olar? IT komandasında ən çox köməyə gələn adam kimdir? Niyə filan şirkətlə işləyirik, o biri şirkətlə isə yox?

London Biznes Məktəbinin menecment professoru Linda Qratton deyir ki, fərd fiziki məkanda olduğu zaman sadəcə kiminsə yanında oturduğu üçün osmos prosesi baş verir. Ancaq Qratton əksər şirkətlərin pandemiyadan öncə bu növ öyrənməyə xüsusi diqqət yetirmədiyini də vurğulayır.

Osmos yolu ilə öyrənmə bu qədər vacib olduğu halda müasir ofislər və məsafədən iş onun baş verməsinə imkan vermir. Qratton çıxış yolu kimi öyrənmə prosesini axına buraxmamağı təklif edir. O hesab edir ki, öyrənmənin baş verməsi üçün iş yeri, işçilər arasındakı məsafə və kimin harada oturması bilərəkdən fərqli dizayn olunmalıdır.

Hibrid model

Qratton Britaniyada yerləşən "Arup" adlı dizayn şirkətini nümunə gətirir. Bu şirkət komandaların öyrənmə imkanlarını artırmaq üçün müntəzəm olaraq onların yerini dəyişir. Onun sözlərinə görə, belə üsullardan biri də təcrübəli komandalara hər dəfə görüşlərə getdikləri zaman yeni işçilərdən birini özləri ilə aparmağı tapşırmaq ola bilər.

Qratton hibrid modelin tətbiqi zamanı kimləri eyni gündə ofisdə olmasına da xüsusi diqqət yetirilməsini tövsiyə edir. Onun sözlərinə görə, son nəticədə "ofis fiziki məkan yox, bağ yaratma məkanıdır". Öyrənmək üçün ən vacib məqamsa həmin bağlardan maksimum yararlana bilməkdir.

Bandura iddia edirdi ki, başqalarını müşahidə etmək imkanı olmayanda öyrənmə ifrat dərəcədə zəhmətli və hətta zərərli prosesə çevrilir. Pandemiya bunu insanlara əyani şəkildə göstərdi. Hibrid dövrü isə təşkilatlara işçiləri arasında qeyri-formal öyrənmə prosesini yenidən nəzərdən keçirmək imkanı verir.

XS
SM
MD
LG