Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:15

Eldar Həsənovun qudası məhkəmədə Türkiyədəki şərab zavodundan danışdı


Eldar Həsənov
Eldar Həsənov

Keçmiş baş prokuror, Azərbaycanın müxtəlif ölkələrdə səfiri olmuş Eldar Həsənov məhkəmədə yıxılaraq bir müddət hərəkətsiz vəziyyətdə qalıb. Daha sonra məhkəmə zalına Təcili Tibbi Yardımın həkimləri gələrək xərəklə onu aparıblar. Bu, oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində Həsənovun işi üzrə məhkəmə iclasının sonunda baş verib. Prokurorla mübahisə zamanı onun durumu pisləşib və huşunu itirib.

10 il çəkən tikinti

Məhkəmə iclasının əvvəlində Həsənovun qudası, işadamı Rabil Hüseynov şahid qismində dindirilib. Cinayət işinin materiallarında iddia olunur ki, sabiq səfir qızının qayınatasıyla Türkiyədə fəaliyyət göstərən şərab zavodunda şərikdir. Məhkəmədə bu barədə ifadə verən Hüseynov qudasının sözügedən zavodda pay sahibi olması haqda iddiaları təkzib edib.

Şahid bildirib ki, zavodun tikintisinə 2006-cı ildə Türkiyədə bankdan kredit götürməklə başlayıb. Maddi çətinliklər üzündən zavodun tikintisinin başa çatdırılması 10 ilə qədər uzanıb. Sonradan da bankdan kredit götürdüyünü və, nəhayət, 2016-cı ildə işləri tamamladığını deyən Həsənovun sözlərinə görə, müəssisənin səhmlərinin 90 faizi ona, 10 faizi isə başqa bir azərbaycanlı işadamı Qulam Ələkbərova məxsus olub.

"Eldar Həsənov o zavodun qapısını da tanımır..."

75-yaşlı Hüseynov deyir ki, getdikcə səhhətində ciddi problemlər yaranıb. Zavodun səhmlərini şəriki Ələkbərovun ailə üzvlərinin adına keçirib: "İndi də zavodu o ailə idarə edir".

Qudasının şərab zavodunda payı olmadığını vurğulayan şahid əlavə edib ki, Həsənov nə tikintiyə 1 manat pul xərcləyib, nə də oradan 1 manat gəlir götürüb: "Eldar Həsənov o zavodun qapısını da tanımır...".

Hüseynovun istintaqa ifadəsi isə tam fərqlidir. Həmin ifadəni hakim məhkəmədə elan edib. Orada bildirilir ki, zavodun inşasına başlayanda ilkin 400 min dollardan 300 minini Hüseynov özü, 100 minini isə qudası qoyub. Ona görə də səhmlərin 10 faizi keçmiş səfirə verilib. Amma rəsmən onun əmisi oğlunun adına rəsmiləşdirilib. Tikintinin gedişində Hüseynovun daha 4 milyon 600 min dollar pul xərclədiyi də ifadədə yer alıb.

İfadədə yazılan və...

"Zavod fəaliyyətə başlayanda ilkin mərhələdə 20 milyon dollar gəlir əldə olunub. Rabil Hüseynov Eldar Həsənova müraciət edərək gəlirdən tikintiyə xərclədiyi 4 milyon 600 min dolları götürmək istədiyini bildirib. Eldar Həsənov buna etiraz etməsə də, səhmlərin 50 faizinə şərik olub. Səhmlərinin 25 faizi isə Qulam Ələkbərovun adına olub", – istintaqdakı ifadədə belə yazılıb.

Hüseynov bu ifadəni təsdiqləməyib. O bildirib ki, müstəntiq fikirlərini tamamilə təhrif edib. Həmin gün əsəbi olduğuna və tələsdiyinə görə ifadəni oxumadan imzaladığını deyən şahidin sözlərinə görə, müstəntiq də bundan sui-istifadə edib: "Müstəntiq zəng eləyib çağıranda Qusardan gəlirdim. Həmin gün əsəbi idim, problem var idi. O vəziyyətdə gəldim, nə yazmışdılarsa, qol çəkib təcili Qusara qayıtdım. Müstəntiq də mənim o vəziyyətimdən istifadə edib, qərəzli yanaşıb. Eldar Həsənov şərikim olsaydı, ondan pul alsaydım, daha niyə banklardan kredit götürüb faiz verirdim, zavodu 10 ilə tikirdim? Elə bir ilə tikib başa çatdırardım da...".

Daha bir şahid ifadədən imtina edir

Həsənov Azərbaycanın Rumıniyada səfiri olduğu dövrdə orada işləmiş Samir Həmidov da müstəntiqin onun istintaqa ifadəsində demədiyi fikirləri yazdığını iddia edir. Sözügedən ifadədə yazılıb ki, Həsənov ona dəfələrlə qanunsuz tapşırıqlar verib, müəyyən sənədləri imzalamağa məcbur edib. Amma məhkəmədə bildirib ki, Həsənov səfirlikdə heç vaxt heç bir işçiyə qanunsuz göstəriş verməyib. Əksinə, onlardan qanuna əməl etmələrini istəyib.

"Müstəntiq mənim fikirlərimi kontekstdən çıxarıb. Mən bu ifadədən imtina edirəm", – şahid belə deyib.

Məhkəmə prosesi oktyabrın 29-na qədər təxirə salınıb.

Xatırlatma

Eldar Həsənov Rumıniya, Serbiya, Bosniya və Herseqovina, eləcə də Monteneqroda səfir olduğu dövrlərdə - 2010-2020-ci illərdə səfirliklər üçün binaların alınması, təmir-tikinti işləri ilə əlaqədar ayrılmış vəsaitlərdən 17 milyon 931 min 316 manatlıq yeyinti və israfçılıqda təqsirləndirilir. Həmçinin, sabiq səfir 11 milyon 804 min manat cinayət yoluyla əldə olunmuş pulu leqallaşdırmaqda, 192 min manat vəsaitdən təyinatı üzrə istifadə etməməkdə ittiham olunur.

Ona CM-nin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul və ya əmlakı leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Bu maddələrdə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru, daha sonra isə müxtəlif ölkələrdə səfir olan Həsənov 2020-ci il avqustun 13-də saxlanılıb. O, Xarici İşlər Nazirliyinin DTX-da istintaqı aparılan əməkdaşları haqqında cinayət işi üzrə məsuliyyətə cəlb edilib. Avqustun 24-də Həsənov haqqında cinayət işi həmin işdən ayrılıb.

Həsənov özünü təqsirli bilmir, ittihamların əsassız olduğunu deyir. Sabiq səfir iddia edir ki, hakimiyyətdə təmsil olunan müəyyən fiqurlar siyasi iddiada olması barədə ölkə başçısına yalan məlumat verib.

XS
SM
MD
LG