Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:46

Məntiqsiz ödəniş: Deputata hərbçidən 10 dəfə çox sığorta pulu


Milli Məclis
Milli Məclis

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin müzakirəyə çıxardığı məsələlərdən biri "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Qanuna dəyişikliklə bağlıdır. Bu dəyişiklikdə deputatın əlillik dərəcəsi müəyyənləşdirilmədən az ağır xəsarət alarsa, ona müəyyənləşdirilmiş sığorta məbləğinin 10 faizi həcmində sığorta ödənişi alması təklif olunur.

Qüvvədə olan qanuna görə, deputatlar 5 illik vəzifə maaşı məbləğində icbari sığorta edilir. İndiyədək deputatlara sığorta haqları dörd halda verilirdi: həlak olduqda, aldığı xəsarət nəticəsində əlillik dərəcəsi müəyyənləşdirildikdə, əlillik dərəcəsi müəyyən edilmədən ağır xəsarət aldıqda və yüngül xəsarət aldıqda. Qanun layihəsində nəzərdə tutulan dəyişiklikdə sığorta ödənişi etmək üçün daha bir hal müəyyənləşdirilir - əlillik dərəcəsi müəyyən edilmədən az ağır xəsarət aldıqda.

Qanuna görə, deputat həlak olduqda sığorta ödənişi 100 faiz, birinci dərəcəli əlil olduqda 80 faiz, ikinci dərəcəli əlil olduqda 60 faiz, üçüncü dərəcəli əlil olduqda isə 40 faiz həcmində sığorta ödənişi əldə edir. Əlillik dərəcəsi müəyyən edilmədən ağır xəsarət alan deputatlar üçün sığorta ödənişinin məbləği 20 faiz, yüngül xəsarət aldıqda isə 5 faizdir.

Deputatlar vəfat edərsə...

"Milli Məclis deputatının statusu haqqında" Qanunun 21-ci maddəsində qeyd edilib ki, Milli Məclisin sədri 2 min 475 manat miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclisin digər üzvlərinin də maaşları məhz sədrin maaşına əsasən təyin edilir. Belə ki, Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi (2 min 227 manat), Milli Məclis sədrinin müavini - 85 faizi (2 min 103 manat), Milli Məclisin komitə və komissiya sədri - 80 faizi (1 min 980 manat), Milli Məclisin komitə və komissiya sədrinin müavini - 75 faizi (1 min 856 manat), Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1 min 732 manat) aylıq vəzifə maaşı alır.

Deputatların 5 illik vəzifə maaşı məbləğində icbari sığortası nəzərə alınsa, bu rəqəmlərə əsasən, Milli Məclisin deputatları parlamentdə heç bir digər inzibati vəzifə tutmadıqları halda da, ən azı, 103 min 920 manat məbləğində (5 illik vəzifə maaşları) sığorta haqqı əldə etmək şansı qazanırlar. Daha dəqiq deyilsə, deputatlar vəfat edərsə, 103 min 920 manat, birinci qrup əlil olduqda 83 min 136 manat, ikinci qrup əlil olduqda 62 min 352 manat, üçüncü dərəcəli əlil olduqda isə 41 min 568 manat sığorta ödənişi alır.

Əlillik dərəcəsi müəyyən edilmədən ağır xəsarət alan deputatlar üçün sığorta ödənişinin məbləği 20 min 784 manat, yüngül xəsarət alan deputatlar üçünsə 5 min 196 manat həddindədir. Yeni dəyişiklikdən sonra əlillik dərəcəsi müəyyən edilmədən az ağır xəsarət alan deputatlar da 10 min 392 manat məbləğində sığorta ödənişi əldə edə biləcək.

Bəs hərbçilərin sığortası?

Azərbaycanda icbari şəxsi sığortaları qanunla tənzimlənən daha bir peşə sahibləri hərbçilərdir. "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanuna görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi qurumlarının şəxsi heyəti, eləcə də hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxildirsə) hərbi xidmətdəki şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər hərbi qulluqçu sayılırlar. Qanuna uyğun olaraq, onlar 11 min manat məbləğində sığortalanırlar. Bu o deməkdir ki, hərbi qulluqçular üçün nəzərdə tutulan ən böyük sığorta məbləği deputatlar üçün nəzərdə tutulan sığorta məbləğindən 92 min manat və ya 10 dəfəyə yaxın azdır.

"Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanuna görə, sığorta olunan şəxs həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra 3 il müddətində öldükdə ona sığorta məbləği 100 faiz həcmində, yəni 11 min manat ödənilir.

Eyni hallar nəticəsində hərbi qulluqçuya birinci dərəcə əlil olduğu halda sığorta ödənişinin 80 faizi, ikinci qrup əlil olduğu halda 60 faizi, üçüncü qrup əlil olduğu halda isə 40 faizi, yəni uyğun olaraq, 8 min 800 manat, 6 min 600 manat və 4 min 400 manat ödənilir. Bu hesablamaya əsasən, əlil olan hərbi qulluqçulara ödənən sığorta məbləği əlil olan deputatlara ödənilən sığorta məbləğindən təxminən 10 dəfə azdır.

Azərbaycanda sığorta olunanlar hərbi xidmətdə ağır yaralandıqları hallarda 2 min 750 manat, yüngül xəsarət alanlarsa 550 manat sığorta məbləği əldə edir. Bu o deməkdir ki, deputatlara yüngül xəsarət aldığı halda ödənilməsi nəzərdə tutulan məbləğ hərbçilərin ağır yaralandığı halda ödənilən məbləğdən təxminən iki dəfə çoxdur.

XS
SM
MD
LG