Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:40

Türkiyə Kadırovun və Delimxanovun adamlarından şübhələnir


Adam Delimxanov (solda) və Ramzan Kadırov (Arxa planda Putinlə Axmad Kadırovun portreti)
Adam Delimxanov (solda) və Ramzan Kadırov (Arxa planda Putinlə Axmad Kadırovun portreti)

İstintaqın ilkin versiyasına görə Kazbek Dukuzov adlı biznesmen Kadırovun Avropadakı düşmənlərindən ən azı dördünün qətlini təşkil edib

Türkiyədə casusluqda və qətllər hazırlamaqda şübhəli kimi saxlananlar əmrləri Çeçenistanın başçısı Ramzan Kadırovun və Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanovun yaxın silahdaşından və biznesmen Kazbek Dukuzov adlı birisindən alırdılar.

Hürriyet qəzetinin xəbərində deyilirdi ki, istintaqın ilkin versiyasına görə Dukuzov Kadırovun Avropadakı düşmənlərindən ən azı dördünün qətlini təşkil edib.

Bu barədə məlumatı Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) açıqlayıb.

Məlumdur ki, Kazbek Dukuzov 2004-cü ildə Moskvada Forbes jurnalının Rusiya versiyasının redaktoru Pol Xlebnikovun qətli işində təqsirləndirilən şəxs qismində keçirdi.

İstintaq Dukuzovu cinayətin icraçısı hesab etsə də, andlılar məhkəməsi onun təqsirsizliyi barədə verdikt çıxarmışdı. Bundan sonra Dukuzov Rusiyanı tərk etmişdi.

Daha sonralar isə Rusiya Ali Məhkəməsi Dukuzova bəraət verilməsinə dair aşağı məhkəmə instansiyasının qərarını ləğv etmiş və o axtarışa verilmişdi.

Media 2015-ci ildə Dukuzovun başqa soyadla Birləşmiş Ərəb Əmirliklərində yaşadığını və 2016-cı ilin yayında Çeçenistana qayıtdığını yazırdı.

İstanbulda dörd Rusiya, habelə bir Özbəkistan və bir Ukrayna vətəndaşının saxlanması barədə xəbərlər oktyabr ayında yayılıb.

Türkiyə hüquq-mühafizə orqanlarının versiyasına görə onlar ölkə ərazisində yaşayan çeçen müxalifətçilərə hücumlar hazırlayır və bu məqsədlə silah alırdılar.

Bu silahlar axtarış zamanı onların yaşadıqları mənzillərdə tapılıb.

Kadırovun düşmənlərinə qarşı

Türkiyə kəşfiyyatının məlumatına görə qrupun hədəflərindən biri də Abdulxakim adlı çeçen müxalifət lideri idi. O Suriyada prezident Bəşər əl-Əsədin rejiminə qarşı döyüşlərdə iştirak edib.

Kavkaz.Realii saytı yerli çeçen diasporasına istinadən yazır ki, həbs olunanları habelə bloger Xasan Xalitova və Suriyadakı çeçen cihadçılardan Rustam Ajiyevə qarşı sui-qəsdlə bağlayırlar.

Media xəbərlərində deyilir ki, bu, Türkiyə ərazisində siyasi qətllər törətməkdə şübhəli bilinən rusiyalıların ilk həbsi deyil.

2016-cı ildə İstanbulda Rusiya vətəndaşları Yuri AnisimovAleksandr Smirnov həbs edilmişdilər.

Yerli məhkəmənin hökmündə deyilirdi ki, onlar Çeçenistanın müstəqilliyi tərəfdarı olan 7 çeçenin qətli ilə bağlı olublar.

Türkiyə polisi hesab edirdi ki, müttəhimlər Rusiya xüsusi xidmətlərinin əməkdaşlarıdır.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, onların ehtimalən Krım-Tatar Xalqının Məclisi təşkilatının həmsədrlərinə dəyişdirildiyi barədə xəbərlər verilirdi.

Rusiya sözü gedən qrupu ekstremist təşkilat kimi qadağan edib.

Kadırovun mümkün varisi

Adam Delimxanov 2007-ci ildən Rusiya Dövlət Dumasının deputatıdır. O millət vəkili seçiləndən bəri Dumada bircə dəfə də çıxış etməyib.

Son beş il ərzində Delimxanov Dumanın təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü olub.

O habelə bir vaxtlar Çeçenistan hökuməti başçısının müavini vəzifəsində işləyib.

Çeçenistan başçısı Ramzan Kadırov dəfələrlə onu özünün mümkün varisi adlandırıb.

Bəzi məlumatlara görə Delimxanov Kadırovun qohumudur.

İnsan haqları fəalları və müstəqil mətbuat Delimxanovu insan haqlarının pozulmasında və korrupsiyada ittiham ediblər.

Ötən il Rusiyada “arzuolunmaz təşkilat” elan edilmiş Proyekt saytı yazırdı ki, Delimxanov saxta şəxslər vasitəsilə yüz milyonlarla dollar gəlir əldə edir.

Mart aydında Rusiyada “xarici agent” elan edilmiş Mediazona saytının dərc etdiyi təhqiqat hesabatında Delimxanov və Kadırova yaxın bir neçə başqa şəxsin 2015-ci ildə Rusiya müxalifətçisi Boris Nemtsovun qətlinin mümkün işrirakçıları olduğu bildirilirdi.

Delimxanovun cangüdənləri

Bir il sonra Delimxanovun iki şəxsi mühafizəçisi – Səid AxmayevLeçi Bolatbayev Moskvada biznesmen Konstantin Jukovdan böyük məbləğdə pul qoparmaq istədiklərinə görə həbs olunmuşdular.

İstintaq materiallarında deyilirdi ki, onlar Jukovu ölümlə və uşaqlarının oğurlanması ilə hədələyiblər.

Saxlananlardan silah saxlancı, polisə və İstintaq komitəsi əməkdaşlarına məxsus onlarca vəsiqə, habelə Nemtsovun qətlinə dair istintaq işinin surəti tapılmışdı. Həmin vaxt məhkəmə Nemtsovun qətli ilə bağlı işə baxılmasına hələ başlamamışdı.

2018-ci ildə Axmayev və Boltabayev 50 min rubl məbləğində cərimə olunublar.

Hökmdən az əvvəl onların barəsində ittiham yumşaldılıb və “qrup şəklində böyük məbləğdə pul tələbetmə” maddəsi “özbaşınalıq” maddəsi ilə əvəz edilib.

“Novaya qazeta” yazırdı ki, Delimxanovun cangüdənlərinin azad edilməsini Moskva şəhər məhkəməsinin hakimi Olqa Yegorovadan və baş prokuror Yuri Çaykadan Ramzan Kadırovun özü şəxsən xahiş edib.

XS
SM
MD
LG