Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:03

Münaqişə zonalarına vaksin göndəriləcək


Almaniyada vaksinasiya
Almaniyada vaksinasiya

Almaniyada Vaksinasiya üzrə Daimi Komitə bildirib ki, yaşı 30-dan az olanlara yalnız BioNTech-Pfizer vaksini vurulacaq

Münaqişə zonalarında yaşayanlara COVID-19-a qarşı Johnson & Johnson (J&J) vaksini göndəriləcək. Birləşmiş Ştatların vasitəçiliyi ilə sözügedən şirkət COVAX vaksin paylaşımı proqramı ilə razılaşma imzalayıb.

Dövlət katibi Entoni Blinken noyabrın 10-da müxtəlif ölkələrin xarici işlər nazirlərinin Vaşinqtonun təşəbbüsü ilə keçirilən virtual iclasının açılışında bu məlumatı verib.

“Hökumətlərin vaksinasiya kampaniyalarının əhatə etmədiyi şəxslərin kənarda qalmamasını təmin etməliyik. Onları da qorumaq lazımdır”, – Blinken deyib.

Razılaşmaya görə, humanitar təşkilatlar münaqişə zonalarında J&J vaksin dozalarını paylayacaq.

Beynəlxalq Qırmızı Xaç Komitəsi açıqlamanı alqışlayaraq “müsbət addım” adlandırıb.

COVAX vaksinlərin dünyada daha bərabər paylanması məqsədilə BMT-nin dəstəklədiyi proqramdır. J&J-nin birdozalı 300 min doza vaksini ön cəbhələrdə çalışan humanitar işçilərə, BMT sülhməramlılarına çatdırılacaq. Dozaların hansı ölkələrə göndəriləcəyi açıqlanmayıb..

ABŞ

Birləşmiş Ştatlar isə 5-11 yaşlılar qrupundan 900 min uşağa birinci dozanın vurulduğunu açıqlayıb.

Noyabrın 3-dən ölkədə həmin yaş qrupuna Pfizer/BioNTech vaksini təklif olunur.

Ağ evin COVID-19 üzrə koordinatoru Cef Zients noyabrın 10-da brifinqdə deyib ki, bu hələ başlanğıcdır: “Zamanla daha çox uşağa peyvənd vurulacağını gözləyirik”.

Zeints ötən həftə sözügedən yaş qrupu üçün bir həftə ərzində 15 milyon dozanın hazır olacağını, hökumətin 28 milyon uşağın hamısına yetəcək qədər vaksin tədarük etdiyini açıqlayıb.

Ötən il COVID-19 ABŞ-da 5-11 yaş qrupundan 66 uşağın həyatına son qoyub.

Yaşı 30-dan az, hamilələrə

Almaniyada isə Vaksinasiya üzrə Daimi Komitə bildirib ki, yaşı 30-dan az olanlara yalnız BioNTech-Pfizer vaksini vurulacaq.

Tədqiqatlar Moderna vaksini vurulmuş daha gənc yaş qrupunda az sayda ürək iltihabı hallarını üzə çıxarıb. Yaşı 30-dan yuxarı olanlarda isə Moderna peyvəndindən sonra ürək problemi yaranmayıb.

Komitə yaşından asılı olmayaraq, hamilə qadınlara da yalnız BioNTech-Pfizer vaksini vurulmasını tövsiyə edib.

Kansler Angela Merkelin sözlərinə görə, almaniyalılar peyvəndi sürətlə vurdurmurlar. Noyabrın 10-da isə ölkədə koronavirusa rekord sayda yoluxmalar aşkarlanıb.

“Almaniyada, təəssüflə deməliyəm ki, virusun sürətlə yayılmasını önləmək üçün vaksinasiya səviyyəsi yetərincə yüksək deyil”, – kansler deyib.

Robert Kox İnstitutunun qeydə aldığı 39 min 676 yoluxma 5 noyabrdakı öncəki rekorddan – 37 min 120-dən yuxarıdır.

Hökumət rəsmiləri dəfələrlə lokdaun tətbiq etmək niyyətləri olmadıqlarını deyiblər, əvəzində sakinləri peyvənd vurdurmağa çağırıblar.

XS
SM
MD
LG