Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:06

Ucuz lirənin Ərdoğana vurduğu yara – Qərb mediası


Arxiv fotosu
Arxiv fotosu

İqtisadçılar xəbərdarlıq edirlər ki, inflyasiya 30 faizədək arta bilər

Noyabrın 18-də Türkiyə mərkəzi bankı faiz dərəcələrini 100 bənd azaldınca lirə dollara qarşı rekord həddə ucuzlaşdı, bir dollar 11 lirəni keçdi.

Prezident Recep Tayyib Ərdoğan düşünür ki, faiz dərəcələrinin azaldılması inflyasiyanı önləməyin yeganə yoludur. “Reuters” mərkəzi bank rəhbərinin gələn ay faiz dərəcəsinin yenə azaldılacağına eyham vurduğunu yazır.

İnflyasiya 30 faizə yüksələ bilər

İqtisadçılar isə xəbərdarlıq edirlər ki, inflyasiya 30 faizədək arta bilər. “Reuters” lirənin ucuzlaşmasının yaratdığı problemləri sadalayır.

Yaxın Şərqdə ən böyük, dünyada 20-ci böyük iqtisadiyyat olan Türkiyənin milli valyutası 2018-ci ilin ortasından dəyərinin üçdə ikisini itirib. 2020-ci ildə maliyyə naziri dəyişəndə, mərkəzi bank rəhbərinə müəyyən qədər inam yarananda lirə möhkəmlənirdi. Ərdoğan martda bank rəhbərini dəyişdi. İnvestorlar deyirlər ki, yeni başçı bir neçə dəfə faiz dərəcəsini azaldtdığından olan-qalan etimad da itib.

Mərkəzi bankın ehtiyatları bu il BVF-nin maliyyəsi hesabına artıb. Amma təhlilçilər ehtiyatların mənfi müstəvidə qaldığını deyirlər. Səbəb yeli banklarla müxtəlif maliyyə razılaşmalarıdır.

Noyabrın 12-də Türkiyənin xarici valyuta ehtiyatları 28.61 milyard dollar idi. Bu, apreldəki 10 milyard dollardan kifayət qədər yüksəkdir.

Lirə ucuzlaşdığına görə Türkiyədə dərman qıtlığı yaranıb
Gözlə

No media source currently available

0:00 0:01:36 0:00

Kəsir və...

Ancaq bankın valyuta mübadilə əməliyyatlarının həcminin 43.44 milyard dollar olduğunu nəzərə alsaq, 15 milyard dollarlıq kəsir yarandığı görünür.

Üstəlik, Türkiyədə hazırda tədiyyə balansı defisiti yaranıb. Ötən illərdən az olmasına baxmayaraq, mərkəzi bank rəhbəri qiymət sabitliyi üçün defisitin həllini vacib sayır.

Noyabrın 18-də faiz dərəcələri 15%-ə salındı.

BVF pandemiyadan özünə gələn Türkiyə iqtisadiyyatının bu il 9% artacağını proqnozlaşdırır. “Reuters” ev təsərrüfatlarının durumunun fərqli olduğunu yazır. İnflyasiya 30%-ə yönəldikcə onların xərcləmə qabiliyyəti də sürətlə pozulur.

Türkiyəlilər və şirkətlər adətən gərginlik yarananda pullarını dollara və avroya çevirirlər. Hazırda ölkədə əmanətlərin dollarlaşması 60%-dən yuxarıdır. “Reuters” türklər kütləvi şəkildə pullarını banklardan çıxaranda əsl böhranın yaranacağını yazır.

Azalan reytinq

“The Wall Street Journal” isə Türkiyədə valyuta böhranının iqtisadiyyata təhlükə, Ərdoğan idarəçiliyinə problemlər yaratdığını qeyd edir. Qəzetin lirənin dəyərsizləşməsini Ərdoğanın özünə vurduğu yara adlandırır.

“Bu ağılsızlıqdır, bu addımı heç cür əsaslandırmaq olmur, bu il faiz dərəcələrinin azaldılmasının heç bir əsaslandırması yoxdur. Ərdoğan monetar siyasəti öz bildiyi kimi yönəldir”, – “BlueBay Asset Management” şirkətindən Timoti Əş deyib.

Qəzet yazır ki, Türkiyədə orta sinfi səfərbər etməklə hakimiyyətə yüksələn Ərdoğan 2003-cü ildə baş nazir postuna keçəndən ən ciddi problemlərdən birilə üzləşib. Maaşlara təzyiq, ərzaq, dərman, enerji kimi əsas malların bahalanması prezidentə dəstəyi sarsıdır.

“Fəlakətdir. Hər şer çox bahadır. Valyutamız əzilir. Pulumuz dəyərini itirir”, – İstanbulun 60 yaşlı sakini Ayşə Kaya deyib.

Türkiyənin MetroPOLL aparıcı rəy sorğusu şirkəti oktyabrda prezidentin reytinqinin 38.9%-ə düşdüyünü bildirir. Bu, bir ay öncəkindən 2.5 faiz az idi. Ölkənin iki aparıcı müxalifət lideri erkən seçki tələb edib. Ölkədə növbəti seçki 2023-cü ilə planlaşdırılır.

ÜDM-nin 25 faizi qədər borc

Ərdoğan isə tənqidləri rədd edir. “Biz iqtisadiyyatdan kitab yazdıq və yazmağa davam edirik”, – o deyib. Prezident faiz dərəcələrinin salınmasının artıma təkan verəcəyini düşünür.

İqtisadçılar və investorlar isə sürətli inflyasiyanın daha geniş iqtisadiyyata risk yaratdığını deyirlər. Valyutanın zəifləməsi Türkiyənin xarici borclarını ödəməsini çətinləşdirir. Ankara gələn il ümumi daxili məhsulunun 25 faizi qədər borc ödəməli, yaxud yeniləməlidir.

Qəzet Türkiyə iqtisadiyyatının hazırda müəyyən üstünlükləri olduğunu da qeyd edir. İxrac nəticəsində müsbət tədiyyə balansı, turizm iqtisadiyyatda xaosu müəyyən qədər önləyə bilər. Ancaq iqtisadçılar inflyasiyanın bu dəstəyi üstələyəcindən qorxurlar.

Türkiyənin ən böyük banklarından olan Akbank-ın keçmiş baş menecer assistenti, hazırda isə Gələcək Partiyasının rəsmisi Kərim Pota əhalinin lirəyə inamının azaldığını deyir: “Heç kəs bank hesabında lirə saxlamaq istəmir”.

XS
SM
MD
LG