Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:45

Prokurorluq: ‘Azərişıq’ əməkdaşı minaya düşüb


Minaların təmizlənməsi
Minaların təmizlənməsi

Həmin şəxsin Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Mahir Ramiz oğlu Əbilov olduğu qeyd edilir

Dünən, noyabrın 21-də Laçın rayonunun Güləbird kəndi ərazisində “Azərişıq” açıq səhimdar cəmiyyəti (ASC) əməkdaşının minaya düşdüyü bildirilir.

Həmin şəxsin Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Mahir Ramiz oğlu Əbilov olduğu qeyd edilir.

AZƏRTAC-ın xəbərinə görə, onun xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Laçın Rayon Prokurorluunun məlumatına görə, onların əməkdaşları hadisə yerinə baxış keçirib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Bildirildiyinə görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Mahir Əbilovun qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağı topuq nahiyəsindən aşağı travmatik amputasiya olunub.

Faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.

Minalar problemi

Azərbaycanın rəsmi qurumlarının açıqlamasına görə, ötən il üçtərəfli bəyanatın imzalanmasından bəri 30 civarında vətəndaş işğaldan azad edilən ərazilərdə minaya düşmə səbəbindən həlak olub, 100-dən çoxu yaralanıb.

Onlar Ermənistan tərəfini minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməkdə günahlandırırlar. Hərçənd, bir neçə ay öncə Azərbaycanda tutulan Ermənistan hərbçilərindən bir neçə qrupunun təhvil verilməsi əvəzi bəzi rayonlara aid mina xəritələrinin geri alındığı açıqlanmışdı.

Amma sonradan Azərbaycan prezidenti həmin xəritələrin reallığı böyük ölçüdə əks etdirməməsi ilə bağlı narazılığını ifadə etmişdi.

Həmin narazılığa isə Ermənistanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb.

Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG