Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:28

Şükranlıq bayramında yoluxmalar artır


Çikaqo aeroportu, arxiv fotosu
Çikaqo aeroportu, arxiv fotosu

Hazırda yaşı 5 və yuxarı olan amerikalıların 63 faizə yaxını tam peyvənd olunub

Noyabrın 25-də onmilyonlarla amerikalı ailəsi və dostları ilə Şükranlıq bayramını qeyd edir. Bu isə COVID-19-a yoluxmaların artımı üçün münbit şərait yaradır.

ABŞ-da gündəlik yoluxmalar 100 minə çatır ki, bu da son iki həftəylə müqayisədə 25 faizədək artım deməkdir. Yeddi günlük ortalama gündəlik yoluxma 1400 civarındadır. Bəzi qaynar nöqtələrdə hospitalizasiya yüksəlir.

Amerika Avtomobil Assosiasiyası bayramla əlaqədar 50 milyonadək adamın maşınla səyahətə çıxacağını bildirir. Bu həftə hava ilə səyahət edənlərin sayı pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşa, hətta onu keçə bilər.

Hazırda yaşı 5 və yuxarı olan amerikalıların 63 faizə yaxını tam peyvənd olunub. Bu səbəbdən çoxları dostları və ailəsi ilə bir yerə yığışmağın təhlükəsiz olduğunu düşünürlər.

Səhiyyə rəsmiləri isə yenə də ehtiyatlı olmağa çağırırlar. Amma onlar daha ötən ilki kimi Şükranlığı bir yerdə keçirməmək çağırışları səsləndirmirlər.

Avropa

Avropada vəziyyət isə ürəkaçan deyil. Qitənin bəzi yerlərində yoluxmalar rekord vurur, pandemiyanın episentrinə çevrilir.

Noyabrın 24-də AB-nin səhiyyə agentliyi üzv ölkələri COVID-19-a yoluxma və ölümləri önləmək üçün məhdudlaşdırıcı tədbirlər görməyə çağırıb.

“İlsonu bayram mövsümündə ənənəvi olaraq sosial tədbirlər, bazarlıq və səyahət həyata keçirilir. Bütün bunlar isə delta ştammının daha intensiv yayılma riskini artırır”, – Avropa Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi bildirib.

Dünya Səhiyyə Təşkilatı (DST) bir gün öncə bildirmişdi ki, martadək Avropada COVID-19-dan daha 700 min nəfər ölə bilər.

Son bir həftənin göstəriciləri

DST-nin Avropa regionundakı 53 ölkədə pandemiyadan ümumi ölü sayı 1.5 milyonu keçib, bu qış 2.2 milyona çata bilər.

Son bir həftədə 2.5 milyondan çox yoluxma və 30 minədək ölüm qeydə alındığından bir çox ölkələr qadağaları elan edir.

Avropada son yoluxma dalğası bəzi ölkələrdə vaksinasiyanın ləng getməsilə izah olunur. Digər səbəblər yüksək yoluxucu delta ştammı, soyuq havayla əlaqədar adamların daha çox qapalı məkanlarda olması və məhdudiyyətlərin yumşaldılmasıdır. Üstəlik, vaxt keçdikcə virusa qarşı vaksin qoruması zəifləyir ki, bu səbəbdən buster dozaları vurdurmaq çağırışları səslənir.

AB-nin ümumi əhalisinin 65 faizə qədəri, yetkin yaşlı əhalinin isə 76.5 faizinin tam peyvənd olunduğu bildirilir. Amma ölkələr üzrə vaksinasiya səviyyəsi fərqlidir.

Avropa Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi artıq bütün yetkin yaşlılara buster dozaları tövsiyə edib, üstünlük isə yaşı 40-dan yuxarı olanlara verilir. AB-də bəzi ölkələrdə artıq gücləndirici dozalar vurulur.

Məhdudiyyətlər

Bu həftə Avstriya lokdauna keçib. Almaniya, Niderland, Portuqaliya və Fransa yeni qadağalar və vaksin siyasəti hazırlayır.

Almaniyada noyabrın 24-dən qüvvəyə minmiş yeni qaydalara görə, işə getmək üçün peyvənd vurdurmaq, yoluxmadan sağalmaq, yaxud mənfi test nəticəsi göstərmək tələb olunur. Eyni qayda avtobus, yaxud qatarla səyahətə aiddir. Müdafiə Nazirliyi orduda vaksinasiyanı məcburi elan edib.

İtaliya da dünəndən COVID-19-la bağlı məhdudiyyətləri sərtləşdirib, məcburi vaksin qaydasını genişləndirib. Dekabrın 6-dan ictimai həyatın daha çox hissəsinə çıxış üçün vaksinasiya, yaxud xəstəlikdən sağalmaya dəlil tələb olunacaq.

Dekabrın 15-dən məktəblərdə işləyənlər, polislər, əsgərlər, xilasedicilər, səhiyyə administrasiyası işçiləri peyvənd olunmalıdırlar.

Fransa isə buster dozaların hamı üçün əlçatan elan olunacağı gözlənir. Bundan başqa sağlamlıq yoxlanışı qaydaları sərtləşdirilir.

XS
SM
MD
LG