Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:20

Rusiya – Ukrayna: Müharibə gözlənirmi


Ukrayna hərbçiləri təlimdə
Ukrayna hərbçiləri təlimdə

Krımın ilhaqından sonra Qərb təhlilçiləri Rusiyanın potensial yeni hücumuyla bağlı dəfələrlə xəbərdarlıq ediblər, belə bir hücum gerçəkləşməyib

Havadan yenə müharibə qoxusu gəlir. Ötən yaz Rusiya Ukrayna ilə sərhədə minlərlə əsgər yığanda Kremlin yeddi ildən sonra böyük hərbi əməliyyata başlaya biləcəyi ilə bağlı xəbərlər, şayiələr yayıldı. Düz yeddi il öncə Moskva Ukraynanın Krım yarımadasını ilhaq edib, ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlamışdı.

Üstündən bir neçə ay keçəndən sonra bu qorxular yenidən, daha güclü şəkildə baş qaldırıb. “The New York Times”, “Bloomberg” kimi media orqanları Rusiyanın bu qış mümkün hücumla bağlı xəbərdarlıq edirlər. Bəziləri potensial hücumun 2014-cü ildən “miqyasına görə daha böyük” olacağını deyir.

Dəlillər

AzadAvropa/AzadlıqRadiosu-nun müxbirləri peyk təsvirlərinə əsasən Rusiyanın qərbində və Krımda qüvvə cəmləşməsinin göründüyünü yazırlar.

Rusiya tərəfdən yeni hərbi əməliyyat təhlükəsi varmı? Dəlil azından belə bir ehtimalın mümkünlüyünü göstərir.

ABŞ kəşfiyyat rəsmiləri və Ukrayna ordusunun aparıcı xadimləri Ukraynanın şimal və şərq hissəsinə doğru 92 minədək rus əsgərinin yığışdığını bildirir. Qüvvələrin çoxu Rusiyanın müttəfiqi Belarusla sərhədi yaxınlığındakı Yelnyada və Krımdadır.

CNN bu həftə xəbər yayıb ki, ABŞ Prezidenti Co Bayden administrasiyası Ukraynaya hərbi müşavirlər və silahlar daxil yeni avadanlıq göndərməyi nəzərdən keçirir.

Dövlət katibi Entoni Blinken Vaşinqtonun Rusiyanın hərbi addımları sarıdan “real narahatlığını” dilə gətirib, “ciddi səhv”lə bağlı xəbərdarlıq edib.

Fərqli mesaj

Moskva potensial hücum söhbətlərini “əsassız” adlandırsa da, rəsmilər və Kremlə yaxın təhlilçilər fərqli mesaj verirlər: Vaşinqton və Qərb Donbasdakı vəziyyət, NATO-nun Kiyevlə münasibətləri, Qərbin Şərqi Avropada, Qara Dənizdə, digər yerlərdə hərbi fəaliyyəti ilə bağlı narahatlığı yoluna qoymasa, Rusiya hərəkətə keçə bilər.

Rusiya Krım və Donbasa, ondan da qabaq 2008-ci ildə Gürcüstana hücum edəndə də provokasiyaya çəkildiyini deyirdi. Kremlin Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev isə bu yaxınlarda Ukraynanı “əfqan ssenarisi” gözlədiyini söyləyib. O, Qərbdən göndərilən silahların sabitsizlik yaratdığını desə də konkret dəlil göstərməyib.

Təhlilçilərin fikrincə, oxşar mesajların hədəfi həm Qərbə siqnal göndərmək, həm də rusiyalıları potensial hərbi hücuma hazırlamaq ola bilər.

“Bu daha çox böyük əməliyyat öncəsi rusiyalılara ünvanlanıb”, – Kiyevdən təhlilçi Mixaylo Honçar “Current Time”a deyib.

Bəs niyə indi?

Ola bilsin, Rusiya rəhbərliyi regiondakı təlatümlü vəziyyətdən faydalana biləcəyini düşünür. Elə regionda gərginliyin artmasına da Moskvanın öz hərəkətləri səbəb olub. Təhlilçilər deyirlər ki, indi Rusiyanın Ukraynaya hücumuna vahid reaksiya ortaya qoyulmaya bilər.

Polşa əsasən Yaxın Şərqdən gələn miqrantlarla əlləşir. Moldova təbii qaz böhranı vaxtı Rusiyanın onu şantaj etdiyini, Moskva isə Kişinaunun ödənişi etmədiyini deyir.

Üstəlik, belə narahatlıqlar da var ki, Moskva NATO-unun təlimlərinin və digər hərbi əməliyyatlarının qəsdən provokativ olduğunu deməklə gərginliyi artırmağa çalışır. Göstərmək istəyir ki, Qərb Putinin dediyi “qırmızı xətlər”ə əməl etmək istəmir.

Rusiya aydın şəkildə bəyan edib ki, Ukraynanın NATO-ya üzvlüyün “qırmızı xətt”dir. Son vaxtlar isə alyansın Kiyevlə hərbi əməkdaşlığını genişləndirməsinə qarşı çıxır.

Məqsəd

Moskvanın məqsədlərinə gəlincə, bir hədəf Ukraynada nüfuzunu gücləndirməkdir. 2014-cü ildə Donetsk və Luqanskda münaqişəni qızışdıran Rusiyanın məqsədi getdikcə bu ölkənin hökumətinə, xarici siyasətinə daha güclü təsir göstərmək, onun heç vaxt NATO-ya qoşulmamasını təmin etmək idi.

Rusiyanın bir keçmiş deputatı və diplomatı deyir ki, “Donbası alaraq Ukraynanı itirmək Kreml üçün məğlubiyyət olar”.

“İndiki qoşunyığma göstərir ki, Moskva məğlubiyyətin yaxınlaşdığına inanır. Buna görə eskalasiyaya gedir. Rusiya çox ola bilsin ki, Ukrayna ərazisinə hücuma hazırlaşır və buna hərbi gücü də var”, – “RAND Corporation” mərkəzindən Samuel Çarap ötən həftə “Politico” dərgisində yazırdı.

Ukrayna deyir ki, Rusiya hücuma hazırlaşır
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

Moskvanın itirəcəkləri

Rusiyanın bu halda itirəcəkləri isə azından Qərbin yeni sanksiyaları, Avropaya qaz nəql edən Şimal axını-2 kəmərinin iflası ola bilər. Yeddi il öncəylə müqayisədə daha təcrübəli və təchiz olunmuş Ukrayna qüvvələrinin əks hücumunun yüzlərlə, minlərlə rus əsgərinin meyitinin vətəninə göndərilməsi ilə sonuclanacağı da mümkün ssenaridir.

Bəs onda, Rusiya Prezidenti Vladimir Putin hədə-qorxumu gəlir? Bu sualın aydın cavabı yoxdur. Krımın ilhaqından sonra Qərb təhlilçiləri Rusiyanın potensial yeni hücumuyla bağlı dəfələrlə xəbərdarlıq ediblər, belə bir hücum gerçəkləşməyib.

Bu səbəbdən indiki hərbi güc nümayişi Moskvanın Qərbə təzyiqi saxlamaq siyasətinin tərkib hissəsi ola bilər. Putin sərhədləri yaxınlığında NATO-nun hərəkətlərindən dərin narahatlıq iddialarının arxasında durduğunu göstərmək istəyir.

“Məncə, əsas ideya Rusiyanın bunu edə biləcəyini göstərməkdir”, – təhlilçi Honçar deyir.

XS
SM
MD
LG