Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:54

Mənzil oğurluğu: 7-8 karat brilyantlı saatlar...


Səkkiz evdən 1 milyon manatdan artıq pul və qızıl-zinət əşyalarının oğurlandığı bildirilir
Səkkiz evdən 1 milyon manatdan artıq pul və qızıl-zinət əşyalarının oğurlandığı bildirilir

Uzun illər Azərbaycanın baş infeksionisti olmuş, pandemiya dövründə vəzifəsindən azad edilən Cəlal İsayev dekabrın 7-də məhkəmədə dindirilib. O, evindən alpinizm üsuluyla edilən oğurluq haqda danışıb.

Səkkiz zərərçəkmiş, 1 milyon manatlıq oğurluq

Sabiq baş infeksionist də daxil, bir sıra tanınmış adamların evindən oğurluqda suçlanan Cavid SüleymanovƏhməd Əhmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bu cinayət işində səkkiz nəfər zərərçəkmiş var, onların evindən 1 milyon manatdan artıq pul və qızıl-zinət əşyalarının oğurlandığı iddia olunur.

İsayev deyir ki, hadisə günü evdə olmayıblar, həyat yoldaşı ilə rayona gedib: "Gələndə yoldaşım evə qalxdı, mən qonşu ilə söhbət edirdim. Birdən yoldaşımın səsi gəldi. Məlum oldu ki, evimizdən pul və qızılları oğurlayıblar".

Şikayətçi olduğunu və zərərin qaytarılmasını tələb edən sabiq baş infeksionistin sözlərinə görə, oğurluq nəticəsində təxminən 120 min manat ziyana düşüb.

"Arxadan bağlayıb, ərəblər içəridə qalıb"

Uzun illər daxili işlər orqanlarında işləmiş, xeyli vaxtdır zərgərliklə məşğul olan zərərçəkmiş Vasif Əliyevin mənzilindən oğurluq başqa bir qəribə olaya gətirib çıxarıb. 16-mərtəbəli binanın 10-cu mərtəbəsində yaşadığını deyən Əliyevin sözlərinə görə, təqsirləndirilən şəxslər onun mənzilində alpinizm üsuluyla daxil olublar. Onlar binanın damından iplə mənzilin eyvanına düşüblər: "Qapımızda "ingilis qıfılı" var deyə, oğurluqdan sonra qapıdan çıxa bilməyiblər. Eyvana çıxıblar, iplə yuxarı da qalxa bilməyəndə bir mərtəbə aşağıdakı qonşunun eyvanına düşüblər. Ora keçmiş "poqon"un evidir, ərəblərə kirayə verib. Onlar da orada hər cür oyundan çıxırlar. Həmin gün də dörd ərəb içib ortalıqda yatıb qalıblar. Bu da eyvandan mənzilə daxil olub, bu zaman ərəblərdən biri oyanıb. Onu təpikləyib, başının üstündən tullanıb qaçaraq qapıdan çıxıb. Çıxanda da qapının açarını götürüb, arxadan bağlayıb, ərəblər içəridə qalıb...".

Əliyevin sözlərinə görə, onun mənzilindən xeyli qızıl-zinət əşyaları, o cümlədən doqquz brend qol saatı, 10 uşaq dünyaya gətirdiyi üçün anasına verilmiş "Qəhrəman ana" medalı və s. oğurlanıb. Ona ümumilikdə 300 min manata yaxın ziyan dəydiyini deyir. Cinayət işinin materiallarında isə ona dəymiş ziyanın məbləği 196 min manat göstərilib.

Saatın birini özü tapıb

Həm Polis Akademiyası, həm də Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil aldığını, keçmiş əməliyyatçı olduğunu deyən zərərçəkmiş Əliyev evindən oğurlanan saatlardan birini şəxsi araşdırmaları nəticəsində taparaq geri qaytarıb. Məlum olub ki, saat Mərkəzi Univermaqda qızıl-zinət əşyalarının satışıyla məşğul olan Mirsaleh Muradova satılıb: "Mən evimdən oğurlanan əşyaların hamısının qaytarılmasını tələb edirəm. O deyir ki, guya zərgərlik bacarığı olduğuna görə mənzillərdən apardığı əşyaları əridib, yenilərini düzəldib satıb. Mən buna inanmıram. Mənim evimdən oğurlanan, üstündə 7-8 karat brilyant qaşlar olan brend saatlar konkret adamlara satılıb. Onları desin. Mən dövlətin malını yeyib qarnımı şirşirdənlərdən olmamışam, uşaqlıqdan butulka satmaqla pul qazanıb onları yığmışam".

Muradov da məhkəmədə dindirilib. O bildirib ki, saatı satan şəxs onun hədiyyə verildiyini deyib: "Dedi ki, şəhid oğluyam, özüm də müharibədə yaralanmışam, ayağımda qəlpə var. Müalicəm üçün pul lazımdır, ona görə satıram. Saatın mənbəyinə gəlincə, bildirdi ki, az qala, kimisə avtomobil vuracaqmış, o adamın həyatını xilas edib. O da minnətdarlıq olaraq qolundan açıb ona hədiyyə verib...".

167 min manatlıq oğurluqdan sonra…

Zərgərlik bacarığı olan, xaricdə alpinizm kurslarına gedərək mənzillərin eyvanlarına kəndirlə düşməklə, qapıları xüsusi vasitələrlə açmaqla külli miqdarda oğurluqda suçlanan Cavid Süleymanov məhkəmədə bu barədə danışmaq istəməyib. O, hadisələri xatırlamadığını bildirib. Digər təqsirləndirilən Əhməd Əhmədov isə bu hadisələrdə, sadəcə, taksi kimi iştirak etdiyini deyir.

Zərərçəkənlər arasında futbol üzrə Azərbaycan millisinin keçmiş futbolçusu Ceyhun Sultanov, uzun illər daxili işlər orqanlarında rəhbər vəzifələrdə çalışmış general-mayor, hazırda isə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müşaviri Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyev də var. Cinayət işinin materiallarından məlum olur ki, alpinizm texnikasıyla mənzil oğurluqlarının üstü general oğlunun evində baş verənlərdən sonra açılıb. İttihama əsasən, Mirzəyevə 167 min manat ziyan vurulub.

Süleymanov və Əhmədov CM-in 177.3.2 (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsi ilə ittiham olunur. Bu maddədə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG