Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:37

Avropada işçilər maaş artımı tələb edir


London
London

E.C.B.-nin işçiləri tarixi inflyasiya ilə ayaqlaşmaq üçün azı 5 faizlik maaş artımı tələb edir. Bank isə yalnız 1.3 faizlik artım planlaşdırıldığını bildirir

Avropa Mərkəzi Bankı (E.C.B.) inflyasiyanı cilovlamağa çalışır. Qazdan tutmuş ərzağa qədər hər şey bahalanıb və bankın işçiləri son illər görünməmiş tələb səsləndirirlər – maaş artımı tələb edirlər. Bu haqda “The New York Times” qəzetində Liz Alderman yazır.

“Paradoks kimi görünsə də E.C.B. öz işçilərini inflyasiyadan qorumur”, – mərkəzi bankın iqtisadçısı və işçilərin həmkarlar birliklərindən birinin vitse-prezidenti Karlos Baules deyib.

Saatı 12 avro

Qəzet işçilərin tarixi inflyasiya ilə ayaqlaşmaq üçün azı 5 faizlik maaş artımı tələb etdiyini yazır. Bank isə yalnız 1.3 faizlik artım planlaşdırıldığını bildirir.

Ancaq Baules bunun inflyasiyanı kompensasiya etməyəcəyini bildirib. Onun həmkarlar birliyi bank işçilərinin 20 faizini təmsil edir.

İspaniyadan İsveçə qədər bir sıra ölkələrdə işçilər maaş artımı tələb etməyə başlayıblar. İnflyasiya isə ötən ay 4.90 faizə çatıb ki, bu da avrozona üçün rekord göstəricidir.

Avstriyada metal sənayesi işçiləri 2022-ci il üçün 3.6 faizlik artıma nail olublar. İrlandiyada işəgötürənlər gələn il maaşları azı 3 faiz artırmaq vədi veriblər. Britaniyanın Tesco supermarketlər şəbəkəsinin işçiləri isə Milad ərəfəsində tətilə çıxmaqla hədələyəndən sonra 5.5 faizlik artıma nail olublar.

Avropa Mərkəzi Bankının baş ofisinin yerləşdiyi Almaniyada isə yeni hökumət minimum əməkhaqqını 25 faiz qaldırıb, bir saat işin dəyəri 12 avro (13.60 dollar) olub.

2 faizlik inflyasiya

Məqalədə deyilir ki, Avropa Mərkəzi Bankı və “Bank of England” bu həftə toplantılarda maaş artımını müzakirə edəcəklər. E.C.B. təmsilçiləri aylardır inflyasiyada sıçrayışın müvəqqəti olduğunu, qlobal iqtisadiyyatın təkrar açılması, bəzi sənayelərdə işçi çatışmazlığı, təchizat zəncirində böhranlar nəticəsində yarandığını vurğulayırlar.

E.C.B. illik inflyasiyanı 2 faiz civarında saxlamağa çalışır, qiymət artımını azaltmaq üçün faiz dərəcələrini qaldırmır. Bankın arqumentinə görə, bu qərar qüvvəyə minənəcən inflyasiya öz-özünə səngiyəcək.

Qəzet Birləşmiş Ştatlarda inflyasiyanın noyabrda bir il öncəylə müqayisədə 6.8 faiz qalxdığını qeyd edir. Bu, son 40 ildə ən sürətli artımdır.

Amma ötən həftə Konqresdə ifadə verən Federal Ehtiyatlar Sisteminin sədri Cerome Pauel inflyasiya ilə bağlı “müvəqqəti” sözünü işlətməyib. O, koronavirusun Omikron ştammının təchizatda yubanmanı daha da kəskinləşdirəcəyini, inflyasiyanı yüksəldəcəyini vurğulayıb.

XS
SM
MD
LG