Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:03

Tofiq Yaqublu araşdırmadan narazıdır


Tofiq Yaqublu Bakıda aksiyadan sonra döyülub
Tofiq Yaqublu Bakıda aksiyadan sonra döyülub

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu onun işgəncə şikayəti ilə bağlı araşdırmalardan narazıdır. Bu barədə AzadlıqRadiosuna danışan siyasi fəal deyir ki, prokurorluğa şikayətindən bir aydan çox vaxt keçsə də, onu döyənlər cəzalandırılmayıb.

"Dərhal cinayət işi başlanmalıydı"

Səbail Rayon Prokurorluğunda gedən araşdırmalarla bağlı obyektiv nəticəyə ümidi olmadığını deyən Yaqublu düşünür ki, cinayət işinin başlanması rədd olunacaq. Bu halda isə prokurorluğun rədd qərarını məhkəmədə mübahisələndirmək niyyətindədir: "Cinayət işi başlanması rədd edilsə, mütləq o qərardan məhkəməyə şikayət olunacaq. Əslində, qanunun tələbinə görə, fakt üzrə dərhal cinayət işi başlanmalıydı. Ortada konkret döyülmə, işgəncə faktı var. Ən pis halda isə, şikayətim əsasında bir ay ərzində cinayət işi başlanmalıydı. Bunu da eləmədilər. Çünki qorxaq və miskindirlər. Cinayət işi başlanması rədd edilsə, mütləq o qərardan məhkəməyə şikayət olunacaq".

Yaqublu əlavə edib ki, yerli məhkəmələr şikayətinə obyektiv baxmasa, bu işi də Avropa Məhkəməsi müstəvisinə çıxaracaq.

Nemət Kərimli
Nemət Kərimli

Videogörüntülər

Vəkili Nemət Kərimli AzadlıqRadiosuna bildirib ki, cinayət işinin başlanması üçün kifayət qədər faktlar var və onları prokurorluğa təqdim ediblər. Yaqublu prokurorluğa şikayətindən dərhal sonra ekspertizadan keçirilib, onun üzərindəki xəsarət izləri müəyyənləşdirilib.

Vəkil bu işin hərtərəfli araşdırılmasından ötrü prokurorluğa bir neçə vəsatət təqdim edib. Onların arasında Yaqublunun hadisə günü Səbail rayonu, 39-cu polis bölməsinə hansı vəziyyətdə daxil olduğunu və oradan necə çıxmasını əks etdirən videogörüntülərin alınması da var. Kərimlinin sözlərinə görə, bu vəsatət təmin edilsə də, nəticə haqda məlumat yoxdur. Müdafiəçi hesab edir ki, həmin videogörüntülər təqdim olunsa, başqa sübuta heç ehtiyac yoxdur: "Çünki Tofiq Yaqublunu şəhərin mərkəzində polis əməkdaşlarının necə saxlayıb apardığını sübut edən görüntülər var, sosial şəbəkələrdə də yayılıb. Həmin vaxt üzərində heç bir xəsarət yoxdur. Polis də sübut qoysun ortaya ki, biz onu elə həmin vəziyyətdə, normal qaydada bölmədən buraxmışıq, gedib. "Təhlükəsiz şəhər" kameralarının qeydə aldığı görüntülər vasitəsilə də sübut etmək olar ki, Tofiq Yaqublu polis bölməsindən sonra hara gedib".

Prokurorluqdan AzadlıqRadiosuna bildirilib ki, araşdırmalar qanuna uyğun şəkildə aparılır, nəticə barədə tərəfə məlumat veriləcək.

Hüquq müdafiəçiləri ilə daxili işlər naziri T. Yaqublunu müzakirə edib
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00

Hadisə necə baş verib

Tofiq Yaqublu dekabrın 1-də günorta saat 15.00 radələrində Fəvvarələr meydanında həmin vaxt həbsdə aclıq edən Saleh Rüstəmova dəstək aksiyasında polislər tərəfindən saxlanılıb. Həmin gün axşam saatlarında Ələt qəsəbəsində tapılan Yaqublunun üzərində ciddi xəsarət izləri olub. Siyasi fəal bildirib ki, öncə 39-cu polis bölməsində döyülüb, daha sonra gözləri bağlı vəziyyətdə harasa aparılarkən işgəncələr davam edib.

Daxili İşlər naziri Vilayət Eyvazov Yaqublunu polislərin o vəziyyətə salmasını istisna edib. Nazirlə görüşdən sonra bu haqda açıqlama verən hüquq müdafiəçisi Rüfət Səfərov bildirib ki, onlar Yaqublunun döyülməsi məsələsini müzakirə edəndə Eyvazov bunları deyib: "Bildirdi ki, aksiyada saxlanılarkən və maşına mindirilərkən müəyyən sıyrıqlar, yüngül xəsarətlər ola bilər. Amma Tofiq Yaqublunun üzündəki xəsarətlərin polisə aidiyyəti yoxdur. Nazir dedi ki, məsələni prokurorluq araşdırıb qiymət verəcək. Soruşduq ki, o zaman niyə bu hadisə ilə bağlı cinayət işi başlanmır? Nazirin fikri bu oldu ki, prokurorluq orqanları məsələni araşdırsın. Əgər hansısa polis məsuliyyət daşımalıdırsa, daşıyacaq".

XS
SM
MD
LG