Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:59

'Azərxalça'nın sabiq sədrinin 30 milyon manatlıq əmlakının müsadirəsi istənildi


Prezident İ.Əliyev və V.Muradov "Azərxalça" ASC-nin Şəmkir filialının açılışında. 2017
Prezident İ.Əliyev və V.Muradov "Azərxalça" ASC-nin Şəmkir filialının açılışında. 2017

"Azərxalça" ASC-nin keçmiş rəhbəri Vidadi Muradov 2021-ci ilin noyabrında – həbsdən ev dustaqlığına buraxılandan beş gün sonra vəfat etsə də, onun haqqında ittiham hökmü çıxarıla bilər.

Bakı Ağır Cinayətlər Məhkəməsində onunla bağlı cinayət işində ittihamı müdafiə edən prokuror deyir ki, Muradova qarşı 21 milyonluq mənimsəmə, 640 min manat vergidən yayınma və başqa ittihamlar məhkəmədə təsdiqini tapıb. Yanvarın 11-də keçirilən məhkəmədə prokuror təklif edib ki, mərhum Muradov təqsirli bilinsin, lakin vəfat etdiyinə görə ona cəza təyin olunmasın.

Bir evi çıxmaqla...

Bundan başqa, prokuror hesab edir ki, yeyinti və vergidən yayınma nəticəsində dövlətə dəymiş ziyan ödənilməli, o cümlədən Dövlət Vergi Xidmətinin məhkəmədə qaldırdığı 640 min 922 manatlıq mülki iddia təmin edilməlidir. Bu məqsədlə Muradovun özü və yaxınlarının adına olan bir sıra əmlaklar müsadirə olunmalıdır. "Azərxalça" ASC-nin sabiq rəhbəri 2021-ci ilin yanvarında həbs olunandan sonra bu ailənin xeyli əmlaklarının üzərinə Binəqədi Rayon Məhkəməsinin qərarıyla həbs qoyulub. Dövlət ittihamçısı təklif edib ki, yalnız mərhum Muradovun Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən bir evinin üzərindən həbs götürülməklə qalan əmlaklar müsadirə edilsin.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, üzərində həbs olan əmlakların ümumi dəyəri 30 milyon 587 min manatdır. Bunlardan 19 milyon 145 min manatı daşınmaz əmlaklar, o cümlədən evlər, obyektlər, qalan təxminən 11.5 milyon manatı isə Muradovun şirkətinin – "Azər-İlmə" MMC-nin səhm payları və aktivləridir.

Dövlət Vergi Xidmətinin nümayəndəsi də istəyir ki, üzərində həbs olan əmlaklar hərraca çıxarılıb satılsın və 641 min manata yaxın vergi borcu ödənilsin.

Təqsirləndirilən Muradovun vəkili yanvarın 18-də keçiriləcək növbəti məhkəmə iclasında çıxış edəcək.

Xatırlatma

21 milyon 673 min manatlıq mənimsəmə, 640 min manat vergidən yayınma kimi əməllərdə suçlanan Vidadi Muradov 2021-ci ilin yanvarında həbs olunub. Onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilən Muradov noyabrın 1-də ev dustaqlığına buraxılıb. Noyabrın 5-də isə vəfat edib.

Cinayət işinin materiallarında iddia olunur ki, Muradov öz şirkəti "Azər-İlmə" MMC-nin Bakıda yerləşən inzibati binasını dövlət şirkəti olan "Azərxalça" ASC üçün bazar qiymətlərindən daha yüksək qiymətə icarəyə götürüb. "Azərxalça"nın pulu - xalça istehsalı üçün ip alınması məqsədilə nəzərdə tutulan vəsait formal olaraq müxtəlif şirkətlərin hesabına köçürülüb. Həmin şirkətlərin rəhbərləri köçürülmüş vəsaiti hesabdan çıxarıb nağdlaşdırandan sonra geri qaytarıblar.

Bundan əlavə, "Azərxalça"nın ölkənin müxtəlif bölgələrində 23 müəssisəsinin tikintisi zamanı qiymətlərin şişirdilməsi, daha ucuz və keyfiyyətsiz materiallarla işlərin görülməsi nəticəsində də külli miqdarda yeyintinin olduğu bildirilir.

Məhkəmədə dindirilən şahidlərin ifadələrindən məlum olub ki, bu sahəyə heç bir aidiyyəti olmayan adamların adına şirkətlər açılıb və həmin şirkətlər "Azərxalça"nın tenderlərində qalib elan edilərək hesablarına külli miqdarda vəsaitlər köçürülüb. Sonradan həmin vəsaitlər geri qaytarılıb.

Muradova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 213.3 (vergiləri ödəməkdən yayınma- xüsusilə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

Onun oğlu Cavid Muradov Bakının öncə Səbail rayonunun polis rəisi olub. Hazırda isə Sabunçu Rayon Polis İdarəsinin rəisidir.

XS
SM
MD
LG