Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:39

Sorğu: Erdoğanın və partiyasının dəstəyi azalır


Recep Tayyip Erdoğan
Recep Tayyip Erdoğan

Rəyi soruşulanların təxminən yarısı deyib ki, hökumətin gördüyü tədbirlər iqtisadiyyatı yaxşılaşdırmayacaq

Nəticələri bu ay dərc olunmuş rəy sorğusuna görə getdikcə daha çox türk ölkəni bürüyən iqtisadi təlatümün öhdəsindən müxalifət alyansının prezident Recep Tayyip Erdoğan və onun hakim AK partiyasından daha səmərəli gələcəyinə inanır.

Erdoğanın təzyiqi altında və yüksək inflyasiyaya baxmayaraq sentyabrdan bəri Türkiyənin Mərkəzi Bankı uçot dərəcəsini 500 bənd ixtisar edib.

Bu səbəbdən ötən ay lirənin dollara nisbətdə məzənnəsi xeyli düşərək 18.4 olmuşdu.

Bu, lirənin tarixən ən ucuz qiyməti idi.

Ölkədə inflyasiya da son 19 ildə ən yüksək həddinə sıçrayaraq 36 faizə çatıb.

Bütün bunlar islamçı AKP-nin əsas elektoratı olan işçi təbəqəsinin və aşağı orta sinfin gəlirlərini və əmanətlərini azaldıb.

Hökumət ölkədəki maliyyə böhranının təsirlərini azaltmaq məqsədilə bir sıra tədbirlər görür, amma lirə bir il bundan əvvəlkindən 46 faiz zəifdir.

İxracatı və kredit satışını artırmağa can atan Erdoğan isə bütün tənqidlərə baxmayaraq maliyyə siyasəsətini dəyişməyəcəyini bildirir.

2015-dən bəri ən aşağı göstərici

Reuters agentliyi yazır ki, Metropoll Research qrupunun apardığı rəy sorğusu ölkəyə 19 ildir rəhbərlik edən Erdoğanın reytinqinin 2015-ci ildən bəri ən aşağı həddə - 38.6 faizə düşdüyünü göstərib.

O populyarlığına görə üç potensial prezidentliyə namizəddən geri qalır.

Bu, 2023-cü ildə keçiriləcək seçkidən əvvəl AKP-ni narahat etməyə bilməz.

Sosyo Politik mərkəzinin keçirdiyi rəy sorğusunda isə AKP-nin reytinqinin 27 faiz olduğu məlum olub. Halbuki 2018-ci ilin son parlament seçkisində rəyi soruşulanların 37 faizi AKP-yə səs verdiyini bildirmişdi.

AKP-nin koalisiya müttəfiqi MHP-nin də reytinqi 7.3 faizdən 6.3 faizə düşüb.

Rəy sorğusunun nəticələrinə görə ana müxalifət partiyası – CHP 22.9 faiz, onun müttəfiqi IYI partiyası isə 10.3 faiz dəstəyə malikdir.

Kürdyönlü Demokratik Xalq Partiyasının – HDP-nin göstəricisi 9.4 faiz olub. Rəyi soruşulanların 11 faizi heç bir partiyanı dəstəkləmədiyini bildirib.

ORC araşdırma mərkəzinin keçən həftə apardığı rəy sorğusunda respondentlərin 38.7 faizi AKP-MHP tandeminə, 39.5 faizi isə CHP-IYI alyansına dəstək bildirib. Bu sorğuda HDP-nin dəstəyi 8.4 faiz olub.

Ankara və İstanbul merlərinə rəğbət böyükdür

Sosyo Politik mərkəzi repsondentlərinin üçdə ikisi Türkiyənin ən böyük probleminin iqtisadiyyat olduğunu bildirib.

Rəyi soruşulanların təxminən yarısı deyib ki, hökumətin gördüyü tədbirlər iqtisadiyyatı yaxşılaşdırmayacaq.

Metropoll firmasının keçirdiyi ikinci sorğunun nəticələrinə görə respondentlərin 36.7 faizi müxalifət koalisiyasının iqtisadi çətinliklərin öhdəsindən daha səmərləli gələ biləcəyinə inanir. Hakim AKP-MHP üçün bu göstərici 35.4 faizdir.

Respondentlərin 38 faizi Erdoğana rəğbət bildirib, halbuki 2018-ci ildə hazırkı prezident 52 faizdən çox səs toplamışdı.

Ankara meri Mansur Yavaşa respondentlərin 60, İstanbul meri Ekrem İmamoğluna isə 51 faizi rəğbət bildirib.

Onların hər ikisi müxalif CHP-dəndir.

XS
SM
MD
LG