Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:57

Qazaxıstan böhranı Çinlə Rusiyanı yaxınlaşdırır


(soldan sağa) Rusiya Prezidenti Vladimir Putin, Çin Prezidenti Si Tsinpinq, Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev, arxiv fotosu
(soldan sağa) Rusiya Prezidenti Vladimir Putin, Çin Prezidenti Si Tsinpinq, Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev, arxiv fotosu

KTMT missiyası ilk dəfəydi üzv ölkənin ərazisinə girirdi və bu alyansın çəkisinin artması ŞƏT-in hesabına başa gələ bilər

Orta Asiyanı adətən Pekinlə Moskva arasında rəqabət regionu hesab edirlər. Amma onların Qazaxıstan hadisələrinə reaksiyası birgə işləməyi öyrəndiklərini göstərir. Bu haqda AzadAvropa/AzadlıqRadio-sunun müxbiri Reyd Stendiş yazır.

Son illər Moskva regionun əsas hərbi təminatçısı kimi çıxış edib, Pekin isə Orta Asiyada təhlükəsizlik məsələlərinə tədricən girişib, qeyri-rəsmi forpostlar yaradıb, təlimi gücləndirib. Eyni zamanda çoxmilyardlıq Kəmər və Yol Təşəbbüsü (KYT) infrastruktur layihəsi ilə nüfuzunu artırıb.

Amma təhlilçilərin fikrincə, Çinlə Rusiyanın ümumi qonşuları Qazaxıstanın ərazisində zorakı etirazlara münasibəti iki ölkəni bir-birinə daha da yaxınlaşdırıb.

Sabit, davamlı əlaqələr

“Qazaxıstanda böhran Çin və Rusiyanın Orta Asiyada münasibətinin sabit olduğunu göstərdi. Onların idarə ediləsi xeyli çətin məsələləri və potensial problemləri var. Bu böhranın öhdəsindən gəlmələri isə Pekinlə Moskvanın əlaqələrinin necə davamlı olduğunu göstərir”, – Varşavada yerləşən Şərq Araşdırmaları Mərkəzinin aparıcı əməkdaşı Yakub Yakobovski AzadlıqRadiosu-na deyib.

Yanvarın 2-də Qazaxıstanda maye qazın bahalanmasına etirazlar başlanıb, bir sıra şəhərlərə yayılıb, zorakılıqla müşahidə olunub. Təhlükəsizlik qüvvələri ilə toqquşmalar, talanlar Prezident Kasım Jomart Tokayevi Moskvanın başçılıq etdiyi KTMT-dən kömək istəməyə sövq edib.

Ölkədə hakimiyyət savaşının işartıları görünüb, keçmiş prezident Nursultan Nazarbayev, ona sadiq bir sıra şəxslər aparıcı vəzifələrdən kənarlaşdırılıb.

Təhlilçilərin fikrincə, görünməmiş böhranının Qazaxıstan üçün bir sıra nəticələri olacaq, həmçinin Pekinlə Moskvanın münasibətlərini daha da çalxalayacaq.

Kremlin mesajı

Kreml Qazaxıstana hərbi müdaxilə və Tokayevə dəstək verməklə regionda hələ də əsas təhlükəsizlik qarantı olması və buraya strateji sahəsi kimi baxması mesajını verdi. Eyni zamanda onsuz da böyük siyasi nüfuzunu daha da gücləndirdi.

Digər tərəfdən, Qazaxıstanda kadr yerdəyişmələri Çinin mövqeyinə müəyyən təsir göstərə bilər. Çünki Nazarbayev və Milli Təhlükəsizlik Komitəsinin vəzifədən çıxarılaraq həbs olunmuş sədri Kərim Məsimovun Pekinlə münasibətləri yaxşı idi.

Amma bu dəyişikliyə və potensial gərginlik nöqtələrinə baxmayaraq, Pekinlə Moskva böhrandan bir-birlərinə dəstəyi artırmaq üçün yararlanıblar.

“Hər ikisi Orta Asiyada sabitlikdə maraqlıdır. Çin Rusiyanı regiondan sıxışdırmağa çalışmır. Pekin düşünür ki, Orta Asiyada eksklüziv oyunçu olmaqdansa, qlobal səhnədə daha vacib məsələlər var və Moskvanın ambisiyalarına hörmət göstərir”, – Yakobovski deyib.

Çin Qazaxıstana onmilyardlarla dollar yatırmasına baxmayaraq, son etirazları sükutla qarşılayıb.

“Rəngli inqilab” ritorikası

Ölkəyə KTMT qüvvələrini yerləşdiriləcəyi rəsmi elan olunandan sonra Pekin Tokayevə tam dəstəyini bildirdi. Prezident Si Tsinpinq Qazaxıstanda “rəngli inqilab”ı yatırmaq üçün köməyini də təklif etdi.

Daha sonra Çin hökuməti və getdikcə millətçi mövqe tutan dövlət mediası Rusiyanın başçılıq etdiyi missiyanı dəstəklədi, Orta Asiyada Moskva ilə daha dərin koordinasiyaya çağırdı.

“KTMT missiyasını Qazaxıstan hökumətinin istəməsi və bunun sülhməramlı missiya adlandırılması Pekin üçün daha az problem yaradan məsələdir. Sülhməramlılıq Çinin rəsmi ritorikasının dəstəklədiyi xarici müdaxilə növüdür”, – İtaliya Beynəlxalq Siyasi Araşdırmalar İnstitutundan Culia Skiorati deyib.

Çinin başçılıq etdiyi Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) bildirib ki, Qazaxıstandakı olaylar terrorçuluq, separatçılıq və dini ekstremizmdən ibarət “üç şər”ə qarşı mübarizənin vacibliyini göstərir. Qazaxıstan və Rusiyanın da üzv olduğu ŞƏT regionda iştirakını gücləndirməyi təklif edib.

Sonradan Çinin Qazaxıstandakı səfiri Janq Siao deyib ki, ölkəsi “xarici müdaxilə”yə qarşı qonşuları ilə təhlükəsizlik əməkdaşlığını gücləndirəcək.

Çinin əndişəsi

“Çin bu cür davamlı ritorikanı sevir. Xarici təhdidlərlə bağlı xəbərdarlıq həm Çinin, həm də Rusiyanın ehtiyaclarına uğundur, əməkdaşlığı gücləndirmək, Qərbi çıxdaş etmək üçün böyük fürsətdir”, – Frostburq Dövlət Universitetinin professoru Haiyun Ma deyib.

Ma həm də düşünür ki, Orta Asiyada iğtişaşlar Pekini “çox əsəbləşdirib” və Qazaxıstandakı yeni durum “Çin üçün qarmaqarışıqdır”.

KTMT missiyası ilk dəfəydi üzv ölkənin ərazisinə girirdi və bu alyansın çəkisinin artması ŞƏT-in hesabına başa gələ bilər.


Digər tərəfdən, Kremlin Tokayevi dəstəkləməsi Kremlin Nur-Sultandan daha çox güzəşt qoparmasına səbəb olar. Məsimovun həbsi isə Çinin bu ölkədə nüfuz şəbəkəsinin müəyyən qədər sarsılması deməkdir. Məsimov Çinin Qazaxıstan elitası içində sağ əli idi, KYT planının gerçəkləməsinə kömək edirdi.

Ma istənilən halda Rusiya-Çin münasibətlərinə daha geniş mənada ziyan dəyməyəcəyini düşünür. Çünki Pekinlə Moskva Qazaxıstanda “tam əməkdaşlıq etməsələr də, rəqabət halında da deyillər”.

XS
SM
MD
LG